Close

BDU-nun 51 yaşlı tələbəsi: “Heç vaxt heç nə üçün gec deyil” - MÜSAHİBƏ

O, Bakı Dövlət Universitetinin (BDU) ən yaşlı tələbəsidir. Əzmi ilə heyrət doğuran Anaxanım Dadaşeva qadın üçün çətin sayılan bir peşəyə yiyiələnmək üçün 51 yaşında həvəslə ali təhsil alır. “Oxumaq heç vaxt gec deyil” ifadəsi sanki müsahibimizin boyuna biçilib.

Anaxanım Dadaşeva BDU-nun Geologiya fakültəsinin “Mədən mühəndisliyi” ixtisasının I kurs tələbəsidir.  TNS BDU-ya istinadla 51 yaşlı tələbə ilə müsahibəni təqdim edir.

Onu daha yaxından tanıyaq...

- Bizə özünüz barəsində ətraflı məlumat verə bilərsinizmi?

- Gənc yaşında ailə qurduğum üçün ali təhsil ala bilməmişdim. Həyat yoldaşımı itirdikdən sonra övladlarıma baxdım, bütün vaxtımı onlara ayırdım, ona görə təhsil həyatımı davam etdirə bilmədim. Sonradan özümdə güc tapdım, ayağa durdum və təhsilimin arxasınca getmək qərarına gəldim. Öncə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinə “Neft və qaz yataqlarının istismarı” ixtisası üzrə daxil oldum. Bu yaşdan sonra ali təhsil arxasınca getməyi isə ümumiyyətlə düşünmürdüm. Qızım universiteti bitirib ailə qurduqdan və oğlum iş sahibi olduqdan sonra fikirləşdim ki, bəlkə mən təhsilimi davam etdirim. 2019-cu ildən subbakalavrların universitetlərə imtahansız qəbulu ilə bağlı qərarın verilməsi isə mənim üçün stimul oldu. Seçmək istədiyim ixtisasın qiyabi şöbəsinin ləğv edilməsi bir az tərəddüd yaratdı, amma ətrafımdakı insanlar bu seçimin yaxşı olduğuna inandırdılar, davam etməyim üçün təşviq elədilər. Gördüyünüz kimi, artıq burdayam...

- Bəs bu ixtisası seçməyinizin səbəbi varmı?

- BDU-ya qəbul olunmamışdan qabaq mən tibb kursuna da getmişəm. Həmişə çalışmışam ki, öz üzərimdə işləyim. Hansısa işlə məşğul olanda çalışıram onu dərindən öyrənim. Bu sahəyə marağı isə məndə həyat yoldaşımın babası oyadıb. O, neftçi idi və bu barədə hər zaman ətraflı danışardı. Elə buna görə məndə maraq yaranmışdı. Amma heç düşünməzdim ki, nə vaxtsa mən də neftçi ola bilərəm, bu sahə üzrə təhsil alaram.

Ali təhsilinizi tamamladıqdan sonra həmin sahə üzrə işləyəcəksinizmi? Sizcə, istədiyiniz sahə üzrə iş tapmaq asan olacaqmı?Əlbəttə, bu sahəyə marağım böyükdü. Azərbaycan neft ölkəsidir və bu resurslar üzrə bizdə çox güclü inkişaf gedir. Onun üçün də ixtisasım üzrə iş tapacağıma əminəm. Mən həmişə optimist fikirləşirəm, gələcəyi, hər şeyi yaxşı görürəm. Pessimist fikirlərə çox da qapılan insan deyiləm. Həmişə çətinliklərdən çıxmaq üçün özümdə güc tapıram.

- Güclü xarakteriniz var. Maraqlıdır, BDU-ya qəbul xəbərini aldıqda hansı hissləri keçirdiniz?

- Kollecə daxil olanda daha gənc olduğum üçün ən böyük sevinci həmin zaman yaşamışdım. Övladlarımın ali məktəblərə qəbul xəbərlərində də o sevinci yaşadığım üçün bu xəbəri bir qədər adi qarşıladım. Amma yenə də mənim üçün xoş bir xəbər idi.

- Universitet mühiti sizə hansı təsiri bağışladı?

- Qrupumuzda tələbələrin əksəriyyəti kollecdən gəldiyi üçün yaş problemi yoxdur, bu mühit bizim üçün o qədər də yad deyil. Həm də əvvəl geologiya mənə çox çətin gəlirdi. Quyunu qazmaq asan görünsə də, o süxurları öyrənmək mürəkkəb idi. Amma müəllimlərimiz o qədər maraqlı izah edirlər ki... Artıq çox şey öyrənməyə başlamışam.

- Sizdən sonra belə bir addım atıb, ali təhsil almaq istəyənlərə nə demək istəyərdiniz?

- Heç vaxt heç nə üçün gec deyil. Məhəmməd peyğəmbər deyib ki, “Beşikdən məzara qədər elm, bilik öyrənin”. Mənim üçün dərslər o qədər maraqlı gəlir ki.. On beş ilə yaxındır kolleci bitirmişəm. Yenidən bu mühitdə olmaq çox fərqlidir. Öyrənmək hər zaman lazımdır.