Close

"Ortaq Türk Əlifbasından sonra..." - Nizami Cəfərov detalları açıqladı - MÜSAHİBƏ

Xəbər verildiyi kimi, Türk Dövlətləri Təşkilatı tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılığa gəlib. 

Filologiya elmləri doktoru, professor Nizami Cəfərov bundan sonra proseslərin hansı formada davam edəcəyi ilə bağlı TNS-in suallarını cavabalandırıb.

- Nizami müəllim, Ortaq Türk Əlifbası necə ərsəyə gəldi, hansı mərhələlərdən keçdi?   

- Əvvəlcə, Türk Dövlətləri Təşkilatının təşəbbüsü ilə sahə üzrə mütəxəssislərdən ibarət xüsusi bir Türk Dünyası Ortaq Əlifba Komissiyası yaradıldı. Məlumdur ki, türk xalqlarının miqyası genişdir.

Təbii ki, komissiyanın işində söhbət ancaq müstəqil dövləti olan türk xalqlarından gedir. Bura 6 dövlət - Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tükmənistan və Qırğızıstan daxildir. Dövləti olan türk xalqlarının nümayəndələri Beynəlxalq Türk Akademiyası xətti, Türk Dil Qurumu, Türk Mədəniyyəti və İrsi Fondunun təqibi ilə hər ölkədən bu işi yaxşı bilən mütəxəssislər seçildi. Həmin mütəxəssislər tərəfindən bu məsələ ilə bağlı 3 dəfə müzakirə aparıldı və nəticədə ümumi Türk Əlifbası adlandırdığımız əlifba, müəyyən mübahisəli cəhətləri ilə birlikdə qəbul olundu.

- Ortaq Türk Əlifbası ilə bağlı hansı şərtlər irəli sürülüb?

- Əlifba ilə bağlı müəyyən prinsiplər müəyyənləşdirildi. Əsas məsələ odur, türkcə latın əlifbasına keçməlidir. Türk dili latın əlifbasına keçəndə hər bir türk dili eyni səsi eyni işarə ilə ifadə etməlidir. Məsələn, elə olmamalıdır ki, Azərbaycan, türk, özbək dilində eyni bir “a” səsi, yaxud digər bir “ş” səsi varsa, bunu hər bir türk xalqı fərqli işarə ilə ifadə eləsin, yaxud hər hansı biri bura fərqli işarə gətirsin. Səs eynidirsə, işarə də eyni olmalıdır. Səs yoxdursa, deməli, onun işarəsi də yoxdur və bundan istifadə etməsin. Məsələn, Türkiyə türkləri uzun müddətdir ki, “ə” səsindən istifadə etmirlər. Onlar “e”ni işlədirlər. İndi ortaq türk əlifbasında “ə” var, hələ ki, bu, Azərbaycan və Özbəkistanda işlədilir. Yəni, həmin işarəni onlar qəbul edəcəklər. Gələcəkdə başqa türk xalqları da prosesə qoşulanda onlarda “ə” hərfi varsa, onlar da istifadə edəcəklər. Yoxdursa, yox. Məsələ belədir. Ortaq Türk Əlifbasında 34 hərf var. Bu, o demək deyil ki, 6 türk dövlətinə mənsub olan xalqların hamısı 34 hərfin hamısını işlədir. Bizdə 32 hərfdir. Hələlik bizim dilimizlə bağlı bir mübahisəli cəhət var. Bu da bizim və Türkiyə türkcəsi arasında “q” və “k” hərflərinin yazılması ilə bağlıdır. Biz “q” hərfini “kü” işarəsi ilə, Türkiyə türkləri bizim “g” kimi işlətdiyimiz hərflə yazırlar. Amma bu fərqi biz hələlik saxlayırıq, gələcəkdə baxıla bilər. Qazaxlar təklif etdi ki, “ə” hərfi “a” üstündə iki nöqtə ilə yazılsın. Biz buna etiraz etdik və bildirdik ki, vaxtilə biz də elə yazmışıq, amma yazılışımızda üzərində nöqtə olan hərflər çox olduğuna görə bu, bizim əlifbamızda problemlər yaradır. Qısası, bu cür müzakirələrdən sonra bu hərfi də iki variantda saxladıq.

- Azərbaycanın indiki əlifbasında heç bir dəyişkliyə ehtiyac olmayacaq?

- Azərbaycan əlifbasında, demək olar ki, dəyişiklik olmayacaq.

- Bəs, bu əlifbanın məktəblərdə tədrisinə ehtiyac olacaqmı?

- Qəbul olunmuş ortaq əlifba hamı üçün ortaq bazadır. Bunu öyrənmək də olar, öyrənməmək də. Yəni, insanlar bunu öyrənməkdə sərbəstdir və heç kimi məcbur etmək olmaz. Amma söhbət ziyalıdan, Türk dünyasına inteqrasiyadan gedirsə, prosesə marağı olanlar bunu öyrənsə, yaxşı olar. Öyrənərsə, istinasız olaraq dövləti olan bütün türk dillərini rahat şəkildə oxuyacaq.

- Ortaq əlifbanın qəbul proseduru necə olacaq?

- Biz razılığa gəlinən əlifbanı Beynəlxalq Türk Akademiyasının adından Türk Dövlətləri Təşkilatının Katibliyinə təqdim etdik. Orada da baxılacaq və siyasi qərar veriləcək. Çünki bu günə kimi verilən qərar akademik qərardır. Yəni, elmi baxımdan bundan daha mükəmməlini təqdim etmək mümkün deyil. Türk Dövləti Təşkilatı da əlifbanı ayrı-ayrı türk dövlətlərinə, dövlət başçılarına göndərəcək. Hər bir Türk xalqının dövlət səlahiyyətliləri ayrı-ayrı Türk dillərinin səs sisteminin bu ortaq əlifbada öz əksini tapıb-tapmadığına baxacaqlar.

Parlamentdə müzakirə ediləndən sonra Ortaq Türk Əlifbası qəbul və təsdiq olunacaq. Daha sonra hər bir Türk dövləti o əlifbadan istifadə edərək özlərinə münasib bir əlifba hazırlayacaqlar. Məsələn, qazaxlar deyirdi ki, bizim dildə 3 bir-birindən fərqli “u” səsi var. Əlifabda o sayda “u” hərfi olmalıdır. Araşdırdıq məlum oldu ki, iki səsi bir hərfdə birləşdirmək olar və iki “u” hərfi qəbul etdilər. Bəlkə sonradan siyasətçilər təkrar baxacaq və alimlərdən daha praktik düşünüb, sadəcə bir hərf qəbul edəcəklər. Yəni, demək istədiyim odur ki, son qərar parlament və dövlət başçılarınındır. Bizdə də prosedur eynilə olacaq. Amma bizdə əlifba ilə bağlı mübahisəli məqam yoxdur. Dediyim kimi, yalnız “q”, “g” hərfləri məsələsi var, onu da Türkiyə ilə razılaşdıracağıq.

Düşünürəm ki, ortaq əlifbanın təsdiqi ilə bağlı qərar tezliklə həllini tapacaq.

- Ortaq Türk Əlifbasının əhəmiyyəti ilə bağlı hansı vacib məqamları vurğulamaq olar?

- Qazaxların, qırğızların əlində normal əlifba olacaq. Onlar öz cəmiyyətlərinə bu əlifbanın Türk dünyası üçün inteqrasiya rolu oynadığını anladacaqlar. Qazax və qırğızların latın əlifbasına keçidi sürətlənəcək. Əlifbanın eyni olması yavaş-yavaş bizim dillərdə orfoqrafiya, imla qaydalarına da kömək edəcək, yaxınlıq əmələ gəlməsinə kömək edəcək. Azərbaycan dilində inkişaf daha çoxdur. Görüşlərdə biz bunu görürük. Biz bütün cəm hallarını -lar, -lər şəkilçisi ilə yazırıq. Amma, xüsusilə qazax və qırğız dillərində bu cəm şəkilçilərindən başqa şəkilçilər də var. Məsələn, biz danışanda bəzən “işlər” sözü əvəzinə “işdər” deyirk. Onlar həmin sözü elə bu formada da yazırlar. Bu halda, cəm çəkilçisi 5-6 variantda olur. Ortaq əlifba zamanla bu cür hallara bir nizmalama gətirəcək.

- Ortaq əlifbadan sonra dillərin birləşəcəyini irəli sürənlər var...

- Ortaq əlifbadan sonra dillərin birləşəcəyini fikirlərşirlər, amma elə söhbət yoxdur. Dillər heç vaxt birləşmir. Biz sadəcə əlifbada, yazıda necə yazırıqsa, bir-birimizi o cür də oxuyacağıq. Elə olmayacaq ki, hansısa hərfi tanımayaq. O ki qaldı Türk xalqları üçün ümumi bir dil qəbul etməyə, bu, tamam ayrı məsələdir. Bu, dillərin birləşməsi demək deyil. Biz istənilən daha çox inkişaf etmiş Türk dillərindən birini ortaq ünsiyyət vasitəsi kimi qəbul edə bilərik. Necə ki, rus dili ortaq ünsiyyət vasitəsi olub, indi də bu funksiyanı yerinə yetirir. Dünyada ortaq ünsiyyət üçün ingilis dili var. Amma bu dillər digər dilləri məhv etmir. Sadəcə, ortaq bir dildir. Türk xalqları arasında da bu cür ortaq ünsiyyət dili qəbul oluna bilər. Məsələn, Türkiyə türkcəsi öz nüfuzuna, mövqeyinə görə belə bir dil funksiyasında çıxış edə bilər. Amma, dediyim kimi, ortaq əlifba bütün Türk xalqları üçün ümumi deyil. Hər bir xalq oradan özünə məxsus olanı götürəcək və ortaq əlifba ümumi baza kimi istifadə olunacaq.        

Aygün İbrahimli