Close

22:00
18 Sentyabr 2024

“Düşünürlər ki, boşanmış qadına hər təklifi edə bilərlər” - MÜSAHİBƏ

Aktrisa Cəmilə Tağızadə uzun müddət Türkiyədə yaşadıqdan sonra Bakıya qayıdıb.

TNS-nin suallarına cavab verən aktrisa bildirib ki, sənətinə qaldığı yerdən davam edir:

- Cəmilə, Bakıya geri dönmüsən. Səni yeni layihələrdə görəcəyikmi?

- ARB-də yayımlanacaq “Sara” serialında çəkilişlərə başlamışam. Serialda pisliklər kraliçasını canlandırıram, mənfi qəhrəmanam. “Səməd” obrazını sevən, onu addım-addəm izləyən, amma qarşılıq görməyən qadınam. Ekran işi oktyabr ayından yayımlanacaq.

 - Yeni obrazınla Cəmilənin ortaq cəhətləri varmı?

- Mənə zidd xarakterdir. Həyatda heç bir kişinin dalınca sürünməmişəm, yalvarmamışam, sevgi dilənməmişəm, ummamışam. Əgər bir qadını sevirsə, onun üçün çabalamaldır. Özümü alçalda bilmərəm. Obrazım isə sevgiyə görə özünü məhv edəcək tipdir.

- Hər zaman qadın-kişi münasibətləri haqqında səsləndirdiyin fikirlər qalmaqal yaradır. Cəmiləyə görə kişilər necə olmalıdır?

- Azərbaycanda olmadığım müddətdə çox şey dəyişib. Artıq kişilər nazlanmağa başlayıblar, hər sözə küsürlər, qadından daha çox diqqət, qayğı istəyirlər. Qadına fors edir, bloka atır. Bu nə deməkdir? Kişiyə yaraşmır. Biz belə görməmişik. Təəssüf ki, belə kişilərimiz var. Əsas da gənclərdə bunu müşahidə edirəm.

- Qadınlar sərt, yumruğunu divara vuran kişi istəyəndə də tənqid olunurlar...

- Kişi “vurub yıxan olsun”, - demirəm. Amma kişinin bir ağırllığı olmalıdır. Qadın kimi küsməməlidir. Əvvəllər kişilər deyirdi, biz üstünük, qadın aşağıdadır. Bu da düz deyil. Qadın kişi ilə bərabərdir. Biz kişilərlə fiziki olaraq yarışa bilmərik, amma mənəvi keyfiyyətlərimiz çox üstündür.

- Müğənni Lalə Məmmədova deyib ki, kişilər boşanmış qadına intim obyekt kimi baxır. Bu fikirlə razısan?

- Razıyam. Boşanmış qadına ikinci sinif insan kimi baxılır. Düşünürlər ki, boşanmış qadına hər təklifi edə bilərlər. Qadınlarımız da buna görə boşanmaq istəmir. Düşünürlər ki, kişilərin seksual qısnaması  ilə qarşılaşacaqlar, həyatları çətinləşəcək.

Könül