Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Bu hallarda təhsil tələbə kreditinin geri qaytarılması tələb olunmur - MÜSAHİBƏ

Yeni tədris ilinin başlamasına az qalıb. Bu il tələbə adını qazanan minlərlə gənc ödənişli təhsil aldığı üçün onlar arasında təhsil tələbə kreditlərinə müraciət edənlər az deyil.

Qeyd edək ki, 2024/2025-in payız semestri üzrə müraciət dövrü iyulun 9-dan etibarən tələbələrin müraciətləri üçün açıq elan olunub.

Mövzu ilə bağlı TNS-in suallarını Təhsil Tələbə Kredit Fondunun mətbuat katibi Ayaz Mustafayev cavabalandırıb.

- Ayaz müəllim, artıq nə qədər tələbə kredit üçün müraciət edib?

- 2024-2025-ci tədris ili üçün təhsil tələbə kreditinə müraciət davam edir. Bu günə kimi yeni tədris ili üçün təxminən 6000 müraciət daxil olub. Bunlardan tam yarısı rəsmiləşib, yəni təhsil tələbə kreditləri müqaviləsi imzalanıb. Yerdə qalan hissəsi isə emal prosesindədir. Ümumilikdə, fəaliyyət göstərdiyi 3 il ərzində Fondun elektron portalına təxminən 52 min müraciət daxil olub, 40 minə yaxın müraciətə müsbət cavab verilərək təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib.

- Ən çox hansı məbləğlər üçün müraciətlər olur?

- Təhsil tələbə kreditləri (TTK) Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”na əsasən verilir. Bu Qaydaya əsasən, TTK-nın 2 növü var: Sosial və Standard TTK. Sosial təhsil tələbə kreditləri sosial statusa malik tələbələr üçün təhsil haqqının tam həcmində ayrılır. Standard TTK almaq istəyən tələbələr isə illik təhsil haqqının 20%-ni özləri qarşılamalıdır. Təhsil haqqının məbləğindən asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində fəaliyət göstərən ali təhsil pilləsinin bakalavriat və magistratura, tibb təshili üzrə rezidentura səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki və texniki peşə təhsili səviyyələrində əyani və ödənişli (öz vəsaiti hesabına) təhsil alan Azərbaycan vətəndaşları TTK-dan yararlana bilərlər.

- Götürülən kreditlər üçün nə qədər güzəşt dövrü qoyulur, krediti geri qaytarmağa başlayanlar varmı?

- Təhsil dövrünü başa vurduqdan sonra tələbənin əmək bazarına daxil olub, işləməsi üçün 2 illik güzəşt dövrü verilir. Bu dövr ərzində də tələbənin götürdüyü TTK faiz hesablanmır və geri qaytarılması tələb olunmur. Həmin müddət ərzində tələbə işləməyə başlayarsa, artıq bankın ona göndərəcəyi qrafik üzrə 10 il ərzində TTK-nin geri qaytarmağa başlamalıdır.
Möhlət dövrü kreditin qaytarılması müddətində borcalandan borcun qaytarılması tələb olunmayan və kredit faizi hesablanmayan dövrə deyilir. Aşağıdakı 5 haldan biri baş verərsə, TTK-yə faiz hesablanmır və geri qaytarılması tələb olunmur.

1. Yuxarı təhsil səviyyəsində əyani təhsil (bakalavr səviyyəsini bitirən tələbə magistraturaya daxil olarsa, götürdüyü TTK-yə faiz hesablanmır və kreditin geri qaytarılması tələb olunmur);
2. həqiqi hərbi xidmət;
3. məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması);
4. işləyən borcalana münasibətdə hamiləliyə və doğuma görə və uşağının 3 yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət;
5. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq müddəti.

Qeyd edim ki, məzun olmuş tələbələrdən geri ödəmə dövrünü başladanlar var. Belə tələbələrin sayı 2600-dən, müqavilə üzrə isə - 4900-dən çoxdur. Bu fərq oradan yaranır ki, bir tələbə bir neçə dəfə müraciət edib və bir neçə semester üzrə kredit götürüb.

ttk-mx_1

- Güzəştlərdən faydalananlar varmı?

- Bəli, bir sıra güzəştlər artıq tətbiq edilib. Nəzərinizə çatdırmaq istərdim ki, güzəştlər tələbə məzun olduqdan sonra onların təhsil nəticələrinə uyğun aparılır. Bu günə kimi məzun olmuş tələbələr üzrə (geri ödəmə dövrü başlayan və ya başlamayan, ümumi) 4495 müqavilə üzrə güzəştlər tətbiq edilib. Bu müqavilələrdən 4214-nün geri ödəmə zamanı faizsiz olması, 367-də vəsaitin 25%-nin bağışlanması, 164-də isə vəsaitin 50%-nin bağışlanması tətbiq edilib.

Aygün İbrahimli