Fond sədri: “Təhsil tələbə kreditlərinin verilməsində yeniliklər gözlənilir" - MÜSAHİBƏ
Təhsil Tələbə Kredit Fondunun İdarə Heyətinin sədri Araz Paşayev TNS-in suallarını cavablandırıb.
Məlumat üçün bildirək ki, Azərbaycan Prezidentinin 17 iyun 2021-ci il tarixli 1367 nömrəli Fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradılıb və fondun nizamnaməsi təsdiqlənib.
Fondun əsas məqsədi əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.
Qurumun vəsaitindən təhsil tələbə kreditlərinin verilməsi qaydasına uyğun olaraq, ali təhsil pilləsinin bakalavriat və magistratura, tibb təhsili üzrə rezidentura səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki və texniki peşə təhsili səviyyələrində əyani və ödənişli (öz vəsaiti hesabına) təhsil alan şəxslər yararlana bilirlər.
TTK-nın sosial (sosial-həssas qrupdan olan şəxslər üçün) və standart (digər şəxslər üçün) olmaqla iki növü mövcuddur. Standart və sosial TTK üzrə illik faiz dərəcələri müvafiq olaraq 2 və 6 faizdir.
TTK üçün girov və zaminlik tələb olunmur və borcalanın ölümü, əmək qabiliyyətinin tam və ya qismən itirilməsi (əlillik) hallarından kredit tam həcmdə sığortalanır.
Təhsil dövrünü başa vurduqdan sonra məzunun əmək bazarına daxil olub işləməsi üçün 2 illik güzəşt dövrü verilir və həmin dövrdə borcalanın əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilməzsə, məzundan TTK-nın qaytarılması tələb olunmur və faizlər hesablanmır.
TTK-nın qaytarılması dövründə aşağıdakı hallar baş verərsə, TTK-nın qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddət qədər uzadılır: yuxarı təhsil səviyyəsində əyani təhsil; həqiqi hərbi xidmət dövrü; məhkumluq (4 ildən çox olmayaraq, azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması); işləyən borcalana münasibətdə hamiləliyə və doğuma görə və uşağının üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət; orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq müddəti.
Tələbələrin təhsil nəticələrindən asılı olaraq, bir sıra digər maddi güzəştlər də tətbiq edilməkdədir. Belə ki: sosial növdə ÜOMG-si 71, standart növdə isə 91 bal və yuxarı olan tələbələrə həmin semestr üçün götürdüyü kreditə görə faiz hesablanmır. Təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan tələbələr aldığı sosial TTK-nın 50 faizi, standart TTK-nın isə 25 faizi hissəsinin geri ödənişindən azad olunurlar.
Təhsil kreditlərinə müraciət və rəsmiləşdirmə fondun elektron portalı vasitəsilə həyata keçirilir. Proses tam avtomatlaşdırılaraq sıfır təmas prinsipi əsasında qurulub və kreditlərin verilməsi real vaxt rejimində aparılaraq, təhsil müəssisələrinin bank hesablarına nağdsız formada ödənilir.
- Araz müəllim, Təhsil Tələbə Krediti Fondu fəaliyyətə başladığı gündən indiyədək nə qədər müraciət qəbul edilib və bunlardan neçəsi rəsmiləşdirilib?
- Fonda məxsus elektron informasiya sistemi 2021-ci il noyabrın 25-də fəaliyyətə başlayıb. Həmin tarixdən bu günə qədər (11.07.2024-ə qədər) elektron sistemə 46 mindən çox (46 822) tələbə müraciəti daxil olub. Müraciətlərdən 36 732-si rəsmiləşdirilib (11.07.2024 tarixə qədər).
- TTK növləri və gender bölgüsü necədir?
- Rəsmiləşdirilmiş müraciətlərin 34.6 % Sosial TTK, 65.4 % isə Standart TTK-nin payına düşür. Gender ilə bağlı bölgüyə baxsaq, rəsmiləşdirilmiş kreditlərin 40.5 %-i bəylərin, 59.5%-i isə xanımların payına düşür.
- Yeni tədris ili bağlı müraciətlər nə vaxtdan başlayıb?
- Yeni tədris ili, yəni 2024/2025-in payız semestri üzrə müraciət dövrü iyulun 9-dan etibarən tələbələrin müraciətləri üçün açıq elan edilib.
- 3 gün ərzində nə qədər tələbə kreditlə bağlı müraciət edib?
- Cari tədris ili və payız semestri üzrə artıq üç gündür ki, müraciətlər qəbul edilir, hazırda portala 271 tələbə müraciəti daxil olub, bu müraciətlərdən 50-yə yaxını artıq rəsmiləşdirilib. Qalan müraciətlər isə ya portalda emal prosesindədir və ya rəsmiləşmə üçün müvəkkil banka ötürülüb.
- 2024/2025 tədris ilinin payız semestri üzrə müraciətlərin qəbulu nə zaman kimi davam edəcək?
- Cari semestr üzrə müraciətlərin qəbulu, daha öncəki tədris illərində olduğu kimi fevral ayının 15-ə kimi davam edəcək ki, bu tarixdən sonra 2024/2025 tədris ilinin yaz semestri üzrə müraciət dövrü başlayacaq.
- Ən çox hansı məbləğdə müraciətlər üstünlük təşkil edir?
- Müraciət edən tələbələrə məbləğ ilə bağlı hər hansı bir limit tətbiq edilmir. Tələbənin ixtisasına uyğun təhsil haqqı nə qədərdirsə, ona uyğun olaraq semestrə uyğun TTK məbləği ayrılır.
- Bu sahədə nəzərdə tutulan hər hansı yeniliklər varmı?
- Bildiyiniz kimi, təhsil tələbə kreditlərinə müraciət və təyinat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”na uyğun həyata keçirilir. Fonda ümumi rəhbərliyi Himayəçilik Şurası həyata keçirir. Şuranın iclasları hər rübdə ən az bir dəfə olmaqla keçirilir. Həmin iclaslarda qayda dəyişiklikləri və təkliflər müzakirə olunur, qərarlar qəbul edilir ki, dəyişiklik edilməsi üçün Nazirlər Kabinetinə göndərilir. Fond yarandığı gündən indiyədək həm sosial, həm də standart TTK şərtləri ilə bağlı bir sıra dəyişikliklər edilib və daha vətəndaşyönümlü qərarlar qəbul edilib. Yaxın vaxtlarda güzəştlərlə bağlı da bir sıra əlavələrin və qayda dəyişikliklərinin edilməsi gözlənilir.
Aygün İbrahimli