Hacı İsmayılov: “Gənclərdə nöqsan görmürəm, bircə şeyə təəssüf edirəm ki…” - MÜSAHİBƏ
Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Hacı İsmayılovun TNS-ə müsahibəsi.
Sənətkara müsahibə almaq istəyimi bildirdikdən sonra bir cümlə ilə hansı saatda hansı ünvana gələ biləcəyimi dedi. Dediyi vaxtda da qəbul etdi.
Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) yaradıcılıq məsələləri üzrə sədr müavini, eyni zamanda ittifaqın sədri vəzifəsini icra edən Hacı müəllimlə görüşümüz nahar zamanı iş yerində baş tutdu.
Özünə deməsəm də, 80 yaşlı aktyorumuza bu cür dəqiq və diqqətli yanaşmasına təşəkkür düşüncələri ilə qapısını döydüm. Diqqətlə “Otel otağı” filmini izləyirdi...
- Hacı müəllim, yayın qızmar çağında məzuniyyətdə deyil, iş başındasınız. Daha bir teatr mövsümü arxada qaldı. Necə keçdi bu mövsüm?
- Bizdə məzuniyyət avqust ayında olur. Bu ayın sonuna kimi fəaliyyətimiz davam edir. Teatrlardan ayın 15-i, 20-si mövsümü başa vuranlar var. 151-ci tear mövsümü başa çatır.
Bu mövsüm çox maraqlı keçdi. Çalışdığım Akademik Milli Dram Teatrında uğurlu tamaşalar olub. Teatrın bədii rəhbəri Mehriban Ələkbərzadənin quruluşunda Çingiz Aytmatovun “Əsrə bərabər gün” tamaşası oynanıldı. Çox möhtəşəm, təsirli tamaşadır. Mən də iştirak edirəm. Ondan başqa, teatrın 7 tamaşasında məşğulam. Ay ərzində 5-7, bəzən daha çox tamaşalarda iştirak edirəm. Eyni zamanda, Azərbaycan Teatr Xadimləri İttifaqında sədr əvəzi kimi çalışıram.
- Həm rəsmi iş, həm də yaradıcılıqla məşğul olmaq çətin olmurmu?
- Çətinlik olmur... Məsuliyyət hissi var. Bu, insanın harada işləməyindən asılı olmayaraq olur. İttifaqda sədri əvəz etmək bir qədər çətindir. Bir il əvvəl sədrimiz - görkəmli rejissor Azər Paşa Nemətov rəhmətə getdi. Əvvəl sədr və iki müavin var idi. Hərə öz işini görürdü.
Demək olar ki, mən hələlik sədr əvəzi kimi tək çalışıram. Amma kollektiv var və onlar hamısı mənimlə bərabər işləyir. Bir il ərzində çox geniş formatda fəaliyyətimiz olub. Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən "Qonaq teatr" layihəsi çərçivəsində tamaşalar oynanıldı, müxtəlif teatrların yubileyləri qeyd olundu. Layihə çərçivəsində yerli və xarici teatrları Bakıya dəvət etdik. İttifaqın böyük zalında tamaşalar oynadılar. Antalya Böyük Şəhər Bələdiyyəsinin Şəhər Teatrı Pərvin Ünalpın "Gecikənlər" ("Gec kalanlar") tamaşasını Bakı tamaşaçılarına təqdim etdi.
Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar artisti Nofəl Vəliyevdir. Tamaşa Antalya Böyük Şəhər Bələdiyyəsi Şəhər Teatrının 40 illik yubileyi münasibəti ilə göstərildi.
Layihə çərçivəsində Trabzon Sənət Teatrı may ayında Bakıda çıxış etdi. Türkiyəli sənətçilər ATXİ-nin səhnəsində yazıçı-dramaturq Firuz Mustafanın “Neytral zona” əsəri əsasında hazırladıqları tamaşanı təqdim etdilər. 5 gün Bakıda qaldılar, tamaşa oynanıldı.
Bütün bunlar tamaşaçılar tərəfindən maraqla qarşılandı.
Azərbaycan teatrının tarixində son illərdə belə hal olmamışdı ki, birdən-birə 11 teatrı dəvət edək və 15 tamaşa oynanılsın. Bunların qəbulu, qonaq etmək və s. ittifaqın vəsaiti hesabına həyata keçirilib. Bu işləri teatrın inkişafı üçün edirik. İttifaqın nizamnaməsinə görə, qurum teatr sənətinin inkişafına kömək etməlidir. Yəni, problemləri Mədəniyyət Nazirliyi həll edir. Biz isə nazirliklə birlikdə inkişafa kömək edirik.
- İttifaqın sədri vəzifəsini icra edirsiniz. Seçimdən sonra sədr vəzifəsi sizə həvalə olunsa, davam etdirmək niyyətiniz varmı?
- Bu, konfransın seçimindən asılıdır. Bu il konfransımız keçiriləcək və sədr səsvermə ilə müəyyənləşəcək.
Bura məni görkəmli rejissormuz Azər Paşa Nemətov dəvət etmişdi. Əvvəl etiraz etdim. Fikirləşdim ki, mən öz aktyor işimlə məşğul olum. Amma o, təkid etdi və mənim müavin kimi çalışmağımı istədi. Çalışdığım 10 ildə çox şey öyrəndim. Əvvəl elə bilirdim ki, teatr tarixini, sənətini çox yaxşı bilirəm. Amma sonra məlum oldu ki, bilmədiyim mətləblər var. Bu illər ərzində qazandığım bilik, təcrübə elə səviyyəyə çatıb ki, mən artıq işləri daha rahat şəkildə həll edirəm.
- Hacı müəllim, burada fəaliyyətiniz dövründə hər hansı qalmaqallı söhbət, narazılıqlar gündəmə gəlməyib. Özünüz bu barədə nə fikirləşirsiniz?
- Mən bu illər ərzində belə qənaətə gəldim ki, hər qapını döyən, müraciət edən adamı diqqətlə dinləmək və ilk növbədə kömək etmək lazımdır. Bir ildən çoxdur ki, sədr vəzifəsini icra edirəm. Kim gəlirsə, məmnuniyyətlə qəbul edirik. Diqqət ayırırıq, istəklərini yerinə yetirməyə çalışırıq. Xüsusilə, gənclərə şərait yaratmağa çalışırıq.
İttifaqda fəaliyyətdə olan beş - Teatr tənqidi, Dramaturgiya, Rejissor, Aktyor və Eksperimental teatr laboratoriyaları var. Hamısı da fəaliyyətdədir. Əsas gənclərə şərait yaradırıq. Bəzən gənclər istəsələr də, teatrlarda öz istədiklərini yerinə yetirə bilmirlər. Bizə müraciət edirlər. Burada Mustafa Mərdanov səhnəsi var. Məşq edirlər, lazım olanda böyük səhnəni də onlar üçün açırıq.
Problemlərimiz də var. İttifaqın binası 54 il əvvəl tikilib. Böyük zalın tavan və divarlarında qopan, çatlayan yerlər var. Yəni, təmirə ehtiyac var. Bununla əlaqədar danışıqlar da gedir. Mədəniyyət Nazirliyi dəstək verir, amma vəsait üçün özümüz gərək xeyirxah insanları tapaq ki, bizə bu işdə kömək etsinlər. İttifaq öz hesabına bunu edə bilməz.
- İttifaq öz gəlirlərini hansı formada artıra bilir və ya bunu edə bilirmi?
- İttifaq əvvəllər, yəni cəmiyyət olduğu vaxt sovet dövründə Moskvadan maliyyələşirdi. Bundan başqa, cəmiyyətin üzvlərindən, özünün dülgər, paltar, ayaqqabı, qrim və s. sexlərindən gələn vəsaitlərdən istifadə olunurdu. Teatr Xadimləri İttifaqının binası həmin vəsaitlərin hesabına tikilib. Bu bina heç kimin balansında deyil. İndi nə həmin sexlər var, nə də gəlir yerləri. Müəyyən qədər üzvlük haqqından, böyük səhnənin icarəyə verilməsindən gələn gəlirlər olur ki, işlərimizi görməyə çalışırıq. İttifaqa gələn vəsaitlərin miqdarını çoxaltmağa çalışırıq ki, başqa işlərimizi həyata keçirə bilək. Yəni, ittifaqın öz fəaliyyətini davam etdirə bilməsi üçün səy göstəririk.
Prezident İlham Əliyev bir neçə il əvvəl ittifaqlara pul ayırdı. Həmin vəsaitdən Ağdam, Füzuli teatrlarının müəyyən ehtiyacları üçün xərclədik. Həm Füzuli, həm də Ağdam teatrlarının səhnə geyimlərini yenilədik.
- Hacı müəllim, rəsmi işlər-idarəçilik, yoxsa yaradıcılıq. Sizin üçün hansı daha yaxın, rahatdır?
- Əlbəttə ki, mənim üçün yaradıcılıq daha rahatdır. Rəsmi işdə məsuliyyət çoxdur. Bizim ştatda 46 nəfər əməkdaşımız var. Yəni, işlər o qədər asan deyil. Çalışırıq ki, ittiafqın adı hər zaman hörmətlə anılsın.
- Bir az da bu sənətə gəlişinizdən danışaq. Aktyor olmaq istəyəndə valideynlərinizin etirazı ilə qarşılaşdınızmı heç?
- Bu sənəti seçəndə nə atam, nə də anam etiraz etdi. Ailədə mənə heç kim mane olmayıb. Əksinə, istəyimə hörmətlə yanaşıblar. Sadəcə, bir şeyə təəssüf edirəm ki, onlar dünyalarını çox tez dəyişdilər və mənim gördüyüm işlərdən xəbərləri olmadı (kövrəlir, udqunur və davam edir). Təzə-təzə mən teatrda işləyəndə -1970-ci illərdə bir dəfə anam Akademik Milli Dram Teatrında bir oyunuma baxmışdı. Atam heç ona da baxmamışdı. Atam 1974-cü ildə rəhmətə getdi. Yəni, nə tamaşalarda, nə filmlərdə oynadığım rollarımı görüblər. Bir az qardaşım görmüşdü. Qardaşım əvvəllər mənə inanmırdı. “Əşi bu da artistlik edir”, - deyirdi. Amma daha sonra uğurlarımı görəndə mənə, işimə qarşı münasibəti tamamilə dəyişmişdi.
Mən bu yolu seçməkdən peşiman deyiləm. Aktyor olmaq hər adamın işi deyil. Yaxşı aktyor olmaq isə ümumiyyətlə, çox çətin məsələdir.
- Ailədə sənətinizi davam etdirən var?
- Yoxdur. Heç kim sənətə meyl etmədi. Tamam başqa sahələrə maraq göstərirlər, o sahələr üzrə təhsil alırlar.
- Kənardan baxanda çox ciddi insan təsiri bağışlayırsınız. Bu, sadəcə belə görünür, yoxsa necə?
- Həyatda oynamaq olmaz. Oyun ancaq səhnəyə aiddir. Həyatda olduğun kimi görünməlisən. Həyatda oynayan adamları xoşlamıram.
- İlk dəfə “Ad günü” filmində Mustafa rolunda çəkilmisiniz. Çəkildiyiniz ilk film sizə uğur gətirib...
- “Ad günü” 1977-ci ildə çəkilib. Azərbaycan kinosunun görkəmli rejissoru Rasim Ocaqov məni dəvət etdi. Bir aktyor kimi kəşf etdi. Ömrüm boyu ona borcluyam. Onun beş filmində çəkilmişəm. Nə qazanmışamsa, o insana görə qazanmışam. Düzdür, teatrda fəaliyyətim var, amma tamaşaçı sevgisini mənə Rasim Ocaqov qazandırıb.
- Mustafa çox saf, sadəlövh, səmimi insan təsiri bağışlayır. Dərin, mənalı, bir az kədərli baxışları ilə yadda qalıb. Mustafanı bu cür yaratmaqda xarakterinizin rolu olubmu?
- O rolları oynamağım mənə şirin yuxu kimi gəlir. İndi hərdən filmlərə baxanda özüm də məəttəl qalıram ki, mən rolları necə oynamışam. Bəlkə də indi desələr, həmin rolları o zamankı kimi oynaya bilmərəm. Aktyorun elə bir dövrü olur ki, bütün bacarığı üzə çıxır.
Oynadığın rol insanın ruhuna təsir etməlidir. Mən ruhən Mustafaya yaxınam. Mustafa kimiyəm. Yəni, Mustafa mənə yaxındır, mənim üçün doğma adamdır deyə, bu cür alınır. Mustafanı sadəlövh, bir az gec başa düşən, adi insan hesab etmirəm. Mustafa hər şeyi başa düşən, fərqində olan insandır. Amma münasibəti əsl insan münasibətidir. Bicliyi, yalançılığı yoxdur. Nə edirsə, onda təbii alınır. Əslində, Mustafa yeri gələndə mübariz də olur, etiraz da edə bilir. Yəni, Mustafa bir insan dünyasıdır. O insan dünyası da məndədir.
- Daha sonra “Həm ziyarət, həm ticarət” filmində yenə Mustafa rolunu canlandırırsınız. Bu səpkidə 3-cü filmin olmasını da istərdinizmi?
- “Həm ziyarət, həm ticarət” “Ad günü” filminin yox, Mustafanın həyatının davamıdır. “Ad günü” iki hekayədən ibarətdir. Rüstəm İbrahimbəyovun “Ezamiyyət” və “Ad günü” hekayələri əsasında ssenari yazılmışdı və “Ad günü” filmi ərsəyə gəlmişdi. “Həm ziyarət, həm ticarət” artıq Mustafanın həyatıdır. Bu filmdə Mustafa fərqlidir. Başqa bir şəraitə düşüb, başqa münasibətlərdə yaşayır. Bu rolda mən xeyli zəhmət çəkmişəm. O rolu yaratmaq üçün özümü fəda etməliydim və belə də etdim.
Bundan sonra inanmıram ki, o filmlərin növbətisi ola. İndi nə Rüstəm İbrahimbəyov var ki, yazsın, nə də Rasim Ocaqov var ki, çəksin. Ona görə də o iki film elə öz səviyyəsini saxlasa, kifayətdir.
Mənim teatrda, kinoda, televiziya tamaşalarında oynadığım, çox sevdiyim rollarım olub. Bir aktyor kimi şansım gətirib ki, bunların hamısında rol almışam.
O qədər rollar oynamışam ki, daha bəsdir. Qoy, indi də gənclər oynasın.
İndi gərək qalan ömrümü ittifaqın işlərinə həsr edim ki, inkişaf etsin. Burada tamamilə yeni bir nəfəs, düşüncə olmalıdr.
- Yəqin ki, rollarınızın hamısı ruhən sizə yaxın xarakterlər olmayıb. Fərqli-fərqli insan tiplərini oynamaq nə qədər çətindir?
- Teatrda ruhən yaxın olmayan rolları da oynamaq olur. Filmlərdə müsbət rola çəkilsəm də, teatr tamaşalarında mənfi rollar da oynamışam. Yəni, aktyora hansı rol verilirsə, onu da oynamalısan.
- İndi çəkilən filmlərə, seriallara dəvət alırsınızmı və ya heç izləyirsinizmi?
- İndi məni dəvət edən yoxdur. İşlərim də çoxdur. Ona görə çəkilən seriallara baxmağa vaxtım olmur, ümumiyyətlə baxmıram. Televiziayada daha çox təbiət hadisələrindən, heyvanlar aləmindən, idmandan bəhs edən verilişləri izləyirəm. Türkiyədən və başqa kanallardan xəbərlərə baxıram.
- Qarabağ zəfəri ilə bağlı çəkiləcək filmlərdə rol almaq istərdinizmi?
- Qarabağ müharibəsində əldə etdiyimiz tarixi zəfərlə bağlı filmdə, əlbəttə ki, oynamaq istərdim. Bu səpkidə filmlər çəkilir və çəkilməlidir. Çünki bu zəfər Azərbaycan xalqının böyük qələbəsidir. O filmləri çəkmək üçün material lazımdır. Material da var, amma bir qədər vaxt lazımdır ki, filmə çevrilsin. Müharibə mövzulu filmlər o dəqiqə yaranmayıb ki...
Bir cəhətdən sevinirəm ki, “Fəryad” filmində çəkilmişəm. Kiçik rol olsa da, “Rövşən” obrazında əsgər paltarı geyinmişəm, silah götürmüşəm. Elə hesab edirəm ki, “Fəryad” Qarabağla bağlı çəkilən filmlərin içərisində ən yaxşısıdr. Yəqin ki, bundan sonra ondan da yaxşı filmlər çəkiləcək. Çünki Qarabağ Zəfəri hərb tariximizdə qızıl hərflərlə yazılıb.
- Aktyor maaşları elə də yüksək deyil. Sizcə, bu amil gənclərin peşəkar sənətə gəlməsinə təsir edirmi?
- Arzu olunandır ki, aktyorlarımızın maaşları bir az artıq olsun. Bu da birdən-birə əmələ gəlmir. Mən vaxtilə teatrda işləyəndə 60-80 manat maaş alırdım. Sonra tədricən artmağa başladı. Azərbaycan imkanlı dövlətdir. Get-gedə bütün sahələr düzələn kimi sözsüz ki, mədəniyyət sahəsində də düzəlişlər olacaq. Sənətkarların vəziyyəti daha yaxşı olacaq. Çalışmaq, iş görmək lazımdır. İnsan gərək həyatda öz missiyasını yerinə yetirsin.
- Hacı müəllim, bəs bu gün yetişən gəncliklə bağlı nə deyə bilərsiniz? Sizi narahat edən və qane edən məsələlərlə bağlı...
- Gənclərdə elə bir nöqsan görmürəm. İnsan zəmanəsinin məhsuludur. Zəmanə, mühit necədirsə, insan da elə olur. Akademik Milli Dram Teatrında tamaşalar bitdikdən sonra zala baxanda görürəm ki, tamaşaçıların 90 faizi gənclərdir. Yeni bir tamaşaçı nəsli yetişib. Gənclik gələcək, xalqın, dövlətin inkişafı deməkdir.
“Gənclik bir qızılıdır, ömrün əlindən
Düşərək torpağa yox oldu birdən.
Tapmaq həvəsilə həmin qızılı
Torpağı yuyuram göz yaşıyla mən”, - Xaqani Şirvani belə deyib.
Gənclik insan ömrünün ən gözəl çağıdır. Çox təəssüf ki, insan bunu çox gec başa düşür. Yaşa dolmaq da hər kəsə nəsib olmur. Bu da Allahın verdiyi nemətdir.
Nə qədər ömürümüz var, gərək dövlətimizə, xalqımıza, mədəniyyətimizə xidmət edək.
- Hacı müəllim, əvvəlki - köhnə filmlərə təkar-təkrar baxırıq, doymuruq. Bu, nostalji hisslərlə bağlıdır, yoxsa filmlərin cazibəsidir?
- O filmlərdə həyat, səmimiyyət, peşəkarlıq var ki, sənətdə də əsas bunlardır. İndiki filmlərdə peşəkarlıq, səmiyyət yoxdur. Yalandan güldürməyə çalışırlar. Amma bunlar da yavaş-yavaş düzələcək.
Qaldı ki istedada, o Allahdan gələn bacarıqdır, hər insanın işi deyil. Ümumiyyətlə, istedadlı insanlar az-az yetişir. Hər istəyəndə istedad olmur. Vəssalam.
Müsahibə üçün təşəkkür edirik.
Aygün İbrahimli