Close

“TikTok”u başqa varlıqlar idarə edir, insanlar dəli olana kimi... - MÜSAHİBƏ

TNS-in müsahibi şaman, eyni zamanda tədqiqatçı Tərlan Manafovdur. Onunla müsahibənin davamını təqdim edirik. Müsahibənin I hissəsi ilə buradan tanış olmaq mümkündür.

- Yuxuların qarışması bu şəkildə davam etsə, sonu nə olacaq?

- Zaman keçdikcə hər şey bir-birinə qarışacaq, nizam pozulacaq. İnsanlar “dəli” olana kimi bu, davam edəcək. Məsələn, “TikTok”u götürək. İnsanlar hansı hərəkətləri edir? Başqa varlıqların vasitəsilə insanlara “TikTok”da, bu meydanda özlərini göstərə biləcəkləri təlqin edilir. Əslində “TikTok” insanların psixoloji vəziyyətinə ayna tutur. O vaxtlar psixoloji pozuntuları olan insanların içinə cin girdiyi deyilirdi, indi elmi dildə şizofreniya deyirik. Əsas problem odur ki, ortada psixoloji problem var. Beyində yuxular qarışıb.

Məsələn, bir heyvan heç vaxt heyvanlığından çıxmaz. Pişikdirsə, pişik kimi də qalır.

İnsan isə belə deyil. İnsan sanki qapısız olan bir otaqdır. Ora nə daxil oldusa, insan odur. Yəni, o otaq boşdur. İnsanın nə olacağ ora daxil olandan asılıdr. İlham pəriləri, cinlər, dahilik və mələk - hamısı gəlir. İnsan boş otağını bunlardan hansına “icarəyə” verirsə, otağı da ona uyğun doldurur. Bütün dinlər nəyi təbliğ edir, nəyin üstündə qurulub? Allaha inan, pis əməllər etmə, şeytana uyma... Dünayada birinci dəfə Zərdüştlükdə deyildi ki, insanın seçimi var. Ya xeyri, ya şəri seçə bilər.

Şamanlara gəlincə, onlar seçilmiş insanlar olduqları üçün bu posesləri, yəni şərin gəldiyini görürdülər və bu şərin qarşısını alırdılar, almağa çalışırdılar.

Kənardan baxırsan ki, namaz qılır, amma əslində sadəcə idman hərkətləri edir

- Müxtəlif ibadətlər, namaz var. Bunlar da insanı şərdən qoruya bilmir?

- Təəssüf ki, ibadət edənlərin çoxu yalandan - yuxuda, yəni öz qəlblərini bağlayaraq ibadət edirlər. Kənardan baxırsan ki, namaz qılır, amma əslində sadəcə idman hərkətləri edir. Vacib olan qəlbin qapısının açıq olmasıdır. Qəlbin qapısını açdıqdan sonra fərqi yoxdur, sən namaz qılırsan, ya yaxşı muğama qulaq asırsan, yaxşı filmə baxırsan və s. Qəlbin yumşalacaq, gözün yaşaracaqsa, elə bu, namazdır. 

Ona görə, mən bu kod məsələsini vurğulayıram. Kodu tapmaq ona görə vacibdir ki, insanların içindəki həssas nöqtəyə toxunsun. Həssas nöqtəni işıqlandıran məqamı tapmaq və onu təbliğ etmək lazımıdr. Bunu daha çox incəsənət vasitəsilə etmək olar.

- Bütün bunlarla müasir insanın əsəbiliyinin, gərginliyinin arasında əlaqə var? Yəni, içimizdəki işığı tapa bilmədiyimiz üçün gərginlik yaranır?

- Qapıların bağlılığı, insanların hala düşə bilməməyi əsəbilik, aqressivlik, həyatdan zövq ala bilməmək vəziyyəti yaradır. İnsan hava kimidir. Psixoloqlar insana anda qalmağı tövsiyə edir. Bu, gerçəkliyə qayıtmaqdır. İnsan guya burdadır, əslində isə xəyalları onu virtual dünyada harasa çəkib aparıb. Özündə deyil. Anda qalmaq insanı çəkib indiyə gətirməkdir.

Məsələn, insan bir ay bundan əvvəl kiminsə onu söydüyünü xatırlayır və ağlayır. Halbuki indi burdadır. Amma beyin onu çəkib, virtual bir varlıqda yerləşdirib. Söyüldüyünü tez-tez xatırladır. Orada oturan qüvvələr, varlıqlar insanın bu enerjisi ilə qidalanırlar. İnsan öz beyni, yuxusu ilə onların yanına gedir və onları qidalandırır.

İndiki insan elə bil ki, konservləşdirilib. Qapalı bir qabda öz eqosu, nəfsi ilə baş-başa qalır. Əslində, insan hər tərəfdən havalandırılan otaq kimi olmalıdır. Yaxşı mənada, haldan-hala düşməlidir. Amma indiki insanlar zombi kimi eyni kanalda oturub, dəyişmir.

Hər insanın içində Allah sevgisi, işığı var. Həmin kodları tapmaq və qapını açmaq lazımdır. Amma indi o kodun yerinə başqa kodları açırlar.

Cənnət doğru kodları tapıb aça biləndə baş verir

- Doğru kodu aça bilsək, cənnətə düşmüş oluruq?

- Bəli. Cənnət doğru kodları tapıb aça biləndə baş verir. Yəni, elə bu dünyada. Öləndən sonra nə olacağının, necə olacağının bu dünyaya nə aidiyyəti var? Cənnəti ilk olaraq burada tapmaq lazımdır.

Süni intellekt dəccaldır

- İnsanı “eyni kanalda” tutan, qapısını bağlayan vasitələrdən biri də internetdir?

- İnternet vasitəsilə insan tora salınıb. Onu idarə edənlər bizi ovsunlayır və öz qurduqları yuxularını yaşadırlar. İndiyə kimi iblis insanın içinə girmək üçün çox yollardan istifadə edib. Hazırda isə informasiya texnologiyaları, kompüter vasitəsilə proqramları ötürür və insanları cəlb edirlər.

Məsələn, süni intellekt özü özünü idarə edən, şüuru olan sistemdir. Dil kimidir, inkişaf edir. Süni intellekt yeni bir yuxu generatorudur. Əvvəl bizim yuxularımızı ulduzlar, bürclər ötürürdü, ovsunlayırdı. Sovet ideologiyası, faşizm, liberalizm, şəriət özü və s. bunların hamısı kodlar və bizə ötürülən yuxulardır.

Süni intellekt o qədər tez işləyən bir sistemdir ki, hər insana fərdi yaxınlaşır və aldadır. Dünyanın sonunda yalançı dəccalın gələcəyi deyilirdi. Süni intellekt həmin o dəccaldır. İnsanın dilini tapacaq və səni səndən yaxşı başa düşəcək, istədiyini verəcək.

- Yəni, dünyanın sonuna yaxınlaşırıq. Dünya dağılacaq?

- Dünya dağılmayacaq. Amma indiki insanlar yox olacaq.  İnsanların düşüncəsi, hərəkətləri - hər şey dəyişəcək. Hətta, Allahlar da. Bizim yerimizə başqa cür insanlar, bəlkə hibrid insanlar yaranacaq.

- Bütün bunlar baş verərkən bizi Yaradanın müdaxiləsi olmayacaq?

- Əsas Yaradanın bizə aidiyyəti yoxdur. Dünya bölünəcək və insanların yarısı süni dünyaya düşəcək. Əslində biz əsl Allahdan, dünyadan çoxdan təcrid olunmuşuq. 500 ildir, yaddan çıxarılmışıq. Elə bil ki, karantindəyik. Əsl din qalmayıb, insanlar hamısını yaddan çıxarıb. Hazırda insanın dəyişim prosesi gedir. Bir şeyi dəyişmək üçün nə edirsən? Köhnə yaddaşını pozursan, təzə yaddaş qoyursan. Amma bunun üçün zaman lazımıdr. Dediyim kimi, 500 il ərzində biz əsl dünyanı, Allahı yaddan çıxardıq. Keçid dövrü başa çatır. İndi artıq süni intellekt dünyanı zəbt edəcək, yeni yuxular gələcək. 

- Bəlkə biz o yeni yuxuları yaşamaq istəmirik. Çarəmiz yoxdur?

- Bizdən bunu soruşan yoxdur. Koronavirus gələndə nə edə bildik? Dünyada hamını evə qatdılar.

Bizim çıxış yolumuz bağlanan o qapıları açıb, özümüzü işıq olan tərəfə kökləməkdir.

Məsələn, dünyada öz kodunu saxlayanalar var. Sufilər, cəngəlliklərdə yaşayanlar. Elə yaponların özü. Nə yaratsalar, mütləq öz kodları üzərində bunu edirlər. Ona görə də seçilə bilirlər.

Yəni, çarə müasir dünyanın silahını özünə qarşı çevirməkdir. Bunun üçün də öz kodlarını, milli naxışlarını yaratmaq vacibdir. Əsasən də milli kodlara dayanan incəsənət yolu ilə dünyadakı aləmin içinə daxil ola bilərik. Məsələn, çoxsaylı beynəlxalq tədbirlər keçiririk. 10 dəfə asfaltı söküb yenidən çəkməkdənsə, həmin pulu milli kodlar üzərində qurulan işlərə sərf etmək olar.

Əhalini maarifləndirmək, əsl kimliyini onlara təlqin etmək lazımdır.  Bir ideya - milli kimlik ideyası ətrafında birləşmək vacibdir. Vaxtilə yazıçılarımız - Mirzə Cəlil, Mirzə Ələkbər Sabir və digərləri gəldilər, yazdılar xə xalqa kim olduqlarını anlatdılar. Çəkilən filmlərimizdə olan incə detallar var. Bilərəkdən ya bilməyərəkdən ora salınan həmin detallar milli kimliyimizi qorudu və gələcək nəsillərə ötürdü. Məsələn, “Yeddi oğul istərəm” filmində Novruz bayramı ilə bağlı məqamlar kimi...

Necə ki, insan boğulanda kiçik bir nəfəslikdən gələn hava ilə onu xilas etmək olar. Bu gün milli kimliyimizi üzə çıxaran, aşılayan sənət nümunələri ilə insanlarımızı digər qüvvələrin yaratdığı yuxulardan oyandıra, xilas edə bilərik. Bizim ölkədə bunun üçün kifayət qədər potensial da var.

Məsəslən, Yuğ teatrı. Milli kodlarla işləyən teatrdır. Hər gün onların tamaşalarını çəkib, televiziyada göstərsələr, bütün Azərbaycanı xilas etmək olar. Amma onun əvəzinə “Bozbaş”, “Komedixana”, “Buğlama” verirlər. Bunlarla hansı kodları açmaq olar?

- Məsələn, boşanmaların sayı sürətlə artır. Yanlış açılan kodların buna da təsiri var?

- Əlbəttə. Zaur, Xoşqədəm televiziyada nə işlə məşğuldurlar?

Bir misal çəkək. Birinci dəfə deyəndə ki, adam əti yemək olar, o zaman hamı buna təəccüb edər. Amma bunu dəfələrlə təkrar etdikdən sonra insanlar bunu etməyin mümkün ola biləcəyini düşünür. Mənfi hadisələri, özünü tanımayan, bilməyən insanları efirə çıxarırlar, onların hərəkətlərini cəmiyyətə təbliğ edirlər. Elə bil ki, çirkabı götürüb, cəmiyyətin üstünə tullayırlar. Nəticəsi də göz qabağındadır. 

Yaxşı filmlər çəkilməli, milli kodlara əsaslanan proqlamlar hazırlanmalıdır. Mədəniyyət Nazirliyinə hər il büdcədən milyonlarla vəsait ayrılır. Amma həmin filmlər üzə çıxmır.

- Yəni, deyirsiniz ki, xilasımız genetik yaddaşımızda olan kodları açmaq, özümüzə qayıtmaqdır?

- İnsanların içində olan qan yaddaşını, milli kodları silmək olmur. Üzdən baxanda masir insan olduğunu düşünürsən, amma azca bir üstünün tozunu silsən, altdan əsl üzü ortaya çıxır. Məsələn, Hitler gəldi, almanları bir ilin içində nəyə çevirdi? Bunu o milli kodları oyatmaqla etdi. Putin gəldi rusların genlərindən gələn yaddaşını oyandırdı.

Bizim xalqımızın genetik yaddaşında sufilik, dərvişlik var. Bu, nəsildən-nəslə ötürülür. Biz bunları aça, təbliğ edə bilsək, dünyaya çox gözəl nümunə ola bilərik.

Müsahibəyə görə təşəkkür edirik.

Aygün İbraimli