Close

Tərlan Manafov: “Ruhlar 4-5 yaşımda məni seçdilər, sirləri ötürməyə başladılar” - MÜSAHİBƏ

İnsan özünü dərk edəndən inanclar da yaranıb. Fitrətimizdə hər zaman nəyəsə inanmaq olub. Şamanizim də ən qədim, ilkin inanclardandır.

TNS-in müsahibi şaman, eyni zamanda tədqiqatçı Tərlan Manafovdur.

O, bu gün dünyada baş verən hadisələrin mahiyyəti, insanların psixoloji vəziyyətinə təsir edən amillər, “havasız otaq”dan necə  çıxacağımızla bağlı maraqlı məsələlərdən danışıb.

- Tərlan bəy, şaman kimi hansı işlərlə məşğulsunuz?

- Mənim fəaliyyətim Qobustanla bağlıdır. Konkret olaraq, Qobustanla məşğulam, o məkanda araşdırmalar aparıram. Ərazinin kodlarını bilirəm. Hansı inanclar olduğunu, həmin inancların hansı nümayəndələrinin olduğunu, onların sahib olduğu dünyagörüşünü araşdırıram.

- Araşdırdıqlarınız, tapıntılarınız haqqında yazırsınız, yoxsa o məlumatlar eləcə sizdə qalır?

- Yazmıram, hərdən sənədli filmlər çəkilir, gəlib müsahibə alırlar, məlumat verirəm. Amma apardığım işləri genişləndirməyə, ictimailəşdirməyə və əhalini də bu barədə məlumatlandırmağa ehtiyac var. Ona görə də Qobustanda bir mərkəz, park-muzey yaratmaq ideyam var. Yaradacağım yeri muzey adlandırmağa bir az tərəddüd edirəm. Çünki Mədəniyyət Nazirliyi muzey açmaq səlahiyyətinin ancaq onlara aid olduğunu irəli sürür. Bütün dünyada hər tində şəxsi muzeylər mövcuddur, ancaq bizdə buna imkan yoxdur. Məcburən muzey sözünün yerinə mərkəz və ya park deyirəm. Ümid edirəm ki, buna icazə olacaq.

Bununla bağlı döymədiyim qapı qalmayıb. Heç olmasa, bir yer ayrılsa, oradan işə başlayardım. Köməyi, icazəni də bir tərəfə qoyuram. Heç olmasa, mane olmasınlar.

- Nələr olacaq həmin park-mərkəzdə?

 - Orada bütün Qobustanın, həmçinin Azərbaycanın ezoterik, sakral tarixini təbliğ etməyə, dünyaya tanıtdırmağa çalışacağam. Hətta turizmdə yeni bir cərəyan - sakral turizm qolu yaratmışam.

Bizim turizm sahəsi üzrə məsul dövlət qurumlarımız Azərbaycanda Antalya və ya Dubay yaratmaq istəyirlər. Amma bilməlidirlər ki, Azərbaycanda o istiqamət alınmaz. Bizim Antalyada olduğu kimi gözəl  dənizimiz yoxdur. Dubay da ki, dünyada onsuz var. Onun təqlidini düzəltmək mənasızdır.

Amma bizim dünyada nadir olan başqa potensialımız var - sakral turizm. Məsələn, bu cür turizm Yerusəlim-Qüdsdə var. Onlar səhrada yerləşir. Ağır iqlim şəraiti olan bir yerdir. Yəni, turist ora elə-belə gəlməz, amma sakral tarixinə görə gəlirlər. Azərbaycan, konkret olaraq Qobustan isə həmin ərazilərdən min dəfə zəngindir. Yeganə ölkəyik ki, bütün dinlərin beşiyində olmuşuq. Şamanizm, atəşpərəstlik, Zərdüşt peyğəmbər, xristianlıq, islam, sufilik, yəhidilik, buddizim, induzim və s. hamısı burada olub. Azərbaycanın unikallığı ondadır ki, bizdə bu dinlərin atributları, memarlıq abidələri var. Məsələn, Qız qalasını götürək. Bu qalanın çox gizli sirri var. Qobustan isə açardır. Vaxtilə Qobustanda qamlar yaşayıb. Şaman-qam eyni şeydir. Qam sözünün kökü türklərə dayanır. Qamlar qamı Bayandır xan deyilir. Qamı da metatezə çevirəndə maq olur. Maqlar da biz olmuşuq. Nəticə, bu cür unikal bir yerdə yaşayıb şaman olmamaq günahdır.

Şüuraltı hər azərbaycanlıda şamanlıq, batin mistika, sufilik var

- Şaman olmaq üçün fitri istedad, genetika rol oynayır, yoxsa elə yaşadığımız məkandan qaynaqlanır?

- Yaşadığımız yerdən asılıdır. Şüuraltı hər azərbaycanlıda şamanlıq, batin mistika, sufilik var. Şamanlıq sonra sufiliyə keçir. Hər azərbaycanlının qanında var. Yəni, Azərbaycan xalqı şamanlığa meyillidir. Musiqimiz, nağıllarımız, rəqslərimiz, aşıq musiqisimiz, xalçalarımız - hamısında bir gizlilik, mistika var. Afrikanın sirli qalan bir qəbiləsini araşdırdıqları kimi, dünya gəlib bizdə etno məqamları da araşdıra bilər.

saman1

- Qobustan qayalarında bir-birinin əlindən tutub yallı gedən insan rəsmlərinin sirli mənası var?

- Qobustanda olan qayaüstü yazılar-qayalar dünyanın ən qədim səmavi kitabıdır.

15 min il bundan əvvəl şamanlar-qamlar, kahinlər, yəni o vaxtkı peyğəmbərlər göylərdən aldığı informasiyanı daşlarda yazıblar.

Məsələn, namaz, yoqa insanın başqa ruh halına (hala gəlməsi) çevrilməsi, Allahla əlaqə yarada bilməsi üçün bir metoddur, üsuldur. İnsan bu vəziyyəti ala bilmək üçün öz fiziki bədənini cihaz kimi istifadə edir. Yallı da eynilə bu metodlardan biridir. Ritual rəqsdir. Yallı zamanı hərəkətlərlə insanın halı dəyişir. Necə ki, Məkkədə təvaf, səmazənlərin hərəkəti, eynilə də yallı insanın ruh halını dəyişə bilirdi. Əslində, səmazən rəqsini Mövlanəyə Şəms Təbrizi öyrədib ki, onun da qaynağında Qobustanda olan yallı rəqsi var. Şəms də azərbaycanlıdır. Yəni, buradan yayılıb.

Qobustanın unikallığı ondadır ki, orada kodlar, əsas cədvəl var.  Mendeleyev cədvəli kimi. Kodlar var və onları açmaq lazımdır. Mən də Qobustan şamanı olduğum üçün o sirri, əlidfbanı, dili bilirəm.

- Sizin müəlliminiz olub? Yəni, şamanlıqla bağlı nəzərdə tuturam...

- Qobustanda doğulduğum üçün oyun yerlərimz Qobustan qayaları idi. Hələ uşaqlıqdan mən həmin o mistikanı hiss edirdim. Turist kimi gəlib, yarım saat gəzməklə heç nə hiss etmək olmaz. Orada doğulmaq, yaşamaq, Günəşin altında, qayalarda, mağaraların içində gəzmək lazımdır. Uşaqların bəsirət gözü açıq olduğu üçün ruhlarla təmasa daxil ola bilirlər. O zaman həmin ruhlar məni seçdilər və təxminən 4-5 yaşından bu sirləri mənə ötürməyə başladılar.

- Ərazinin mistikası turizmdən başqa xalqımız üçün daha nələr verə bilər?

- Əlbəttə ki, çox şey verə bilər. Elə mərkəzi də əsas bu faydanı vermək üçün yaratmaq istəyirəm. Qloballaşan dünyada bütün millətlərin öz kimliyi, fərdiliyi pozulur. Multikulturalizm, tolerantlıq və s. ideyalar altında eyniləşdirmə aparılır. Ayrı-ayrı millətlər və dinlər anlayışı getdikcə sıradan çıxarılacaq. Allah hər kəsi, hər şeyi fərqli yaradıb. Amma indi genləri dəyişirlər. Həmin prosesi insanlar üzərində də aparırlar. Manqurt bir zombi yaradırlar ki, idarə edə, nə gəldi sata bilsinlər. Yəni, bir alıcı kütləsi formalaşdırırlar.

- Bəs onlara qarşı necə mübarizə aparmalıyıq?

- Hər millət, hökumət öz milli ideologiyasını, kodlarını axtarır. Məsələn, bizdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) var. Azərbaycanlı kimdir, Azərbaycan haradır?

Alimlərimiz bunu müəyyənləşdirməli, məxsusi kodu tapmalıdırlar.

Aldığımız nəfəs, oturub-durmağımız, geyimlərimiz, dilimiz, ümumiyyətlə hər şey o kod - milli kimliyimiz əsasında qurulmalıdır. Mənim şaman missiyam onun üçündür. Bunun öz dərin elmi var. Hər insanın, millətin öz milli naxışları, simvolları var. Bizim bəxtimiz gətirib ki, Qobustan kimi yerimiz var. Belə yerlər dünyada Fransa, İspaniya, Afrika və Avstraliyada mövcuddur. 

Ermənilər məhv olub gedəcəklər

- Milli kodlarımızı oğurlayanlar da olur…

- Dəyişdirənlər, oğurlayanlar var. Məsələn, ermənilər. Bizim kodları oğurlayırlar. Amma onlar başa düşmürlər ki, başqasının kodunu götürməklə özlərini məhv edirlər. Ona görə də ermənilər məhv olub gedəcəklər. Çünki başqa kodlarla özünü yaratmaq olmaz. İslamda Quran nə üçün müqəddəs sayılır, onu dəyişmək olmaz. Çünki orada məxsusi kodlar var. Bizdə kodları olan kifayət qədər sərvət var. Məsələn, xalçalarımız. Onları da oğurlayırlar, amma başa düşümürlər ki, bunun dilini ancaq məxsus olduğu xalq bilir. Xalçaların üstündəki ancaq şaman simvollardır, Qobustandan çıxma simvollar. Onlar hamısı xüsusi dildir. Bunun da üzərində bizim dahi alimlərimiz çalışıb. Məsələn, Xudu Məmmədov. Biz öz kodlarımızdan istifadə edə bilsək, dünyada nə baş verirsə versin, öz məxsusiliyimizi qoruya biləcəyik.

Simvol deyəndə dondurmanın üzərində öküz şəkli çəkməyi nəzərdə tutmuram.

Qobustan kodları başqa dünyada, “yuxular dünyası”nda bir mənbənin içindədir. İki dünya var - “balaca yuxular” və “böyük yuxular”. Nə yaranırsa, “böyük yuxularda” yaranır. Balaca yuxuda, yəni dünyada biz onun kölgələrini görürük.

Mənim şamanlıq missiyyam o dünyada yarananları bu dünyaya çatdırmaqdır.

Şamanlıqda üst, orta və alt dünya var. Hazırda bu üç dünyanın sakinləri hamısı bir-birinə daxil olub, qarışıqlıq yaranıb. Problem də ondadır ki, pərdə açılıb. Bu da ona görə belədir ki, insanlar öz kodlarını itirib. Və yuxular qarışıb. 

- Pis əməllər, zülmlər, müharibələr bu yuxular qarışdığı üçün baş verir?

- Bəli...

- Amma müharibələr, qırğınlar hər zaman olub axı...

- Hər zaman olub, amma prosesləri hər zaman nəzarətdə saxlayıblar.

Dində qadağalar olub, şəriət, şamanlar olub. Şamanın vəzifəsi ondan ibarət olub ki, qarışan dalğalar, baş verəcək pis hadisələrlə bağlı məlumat versinlər.

Necə ki, radioda, televiziyada dalğalar qarışır, internetdə filmə baxdığın yerdə ortadan başqa bir şey çıxır. İndi də bizim dünyamızla digər dünyaların yuxuları təxminən bu formada qarışır.

- Yeri gəlmişkən, Rusiya Prezidenti Vladimir Putinin zaman-zaman şamanlardan güc aldığı, onların yanına getdiyi doğrudur?

- O, bunu edir və guya öz dünyasını-yuxusunu yaratmaq istəyir. Amma o, haqq yolunda deyil. Olsaydı, bəlkə də nəsə edərdi. Sadəcə daha çox zəngin olmaq üçün çalışır.

- Yuxuların qarışması bu şəkildə davam etsə, sonu nə olacaq?

Ardı var…

Aygün İbrahimli