Close

Azərbaycanda uzunömürlülük genetik proqramlaşdırılır - Hansı amillər genetik kodları qıra bilir? - MÜSAHİBƏ

Beynəlxalq yaş təsnifatına görə 90 yaşına çatan insan uzunömürlü sayılır.

2020-ci ilin əvvəlində açıqlanan məlumata görə, Azərbaycanda yaşı 90-dan yuxarı olan təxminən 10 min nəfər uzunömürlü var idi. 2019-cu ildə ölkədə yaşayan yaşı 100 və daha yuxarı olan şəxslərin sayının 838 nəfər olduğu, onlardan 814-nün qadın olduğu açıqlanıb.

Onu da əlavə edək ki, 2020-ci ildən sonra Azərbaycanda 80 və yuxarı yaşda olan şəxslərin sayında azalma baş verib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə Azərbaycanda 80 və yuxarı yaşda olan şəxslərin sayı 150100 nəfər olub. 2021-ci ildə onların sayı 146900 nəfərə enib, 2022-ci ildə isə 140600 nəfər olub.

Nəhayət, 2023-cü ildə 80 və yuxarı yaşda olan şəxslərin sayı 132100 nəfər kimi rəsmiləşdirilib.

Statistik məlumatlara görə, ölkəmizdə ən çox uzunömürlü Qarabağ və Cənub bölgəsində, ən az Abşeron yarımadasındadır.

Bu ilin may ayında yaşı 100 və 100-dən daha çox olan pensiyaçıların sayının 280 nəfər təşkil etdiyi açıqlanıb. Onlardan 36 nəfəri kişi, 244 nəfəri isə qadındır.

TNS-in Azərbaycanda uzunömürlülərin sayının necə müəyyənləşdirilməsi, uzun yaşamağa hansı amillərin təsir etməsi barədə suallarını Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Zenfira Qədimova cavablandırıb.

- Zenfira xanım, ölkədə olan uzunömürlülərlə bağlı açıqlanan siyahılar nə qədər həqiqəti əks etdirir?

- Mövcud göstəricilər Dövlət Statistika Komitəsinin siyahısına əsaslanır. Biz də ilk olaraq tədqiqat apardığımız rayonlarda yerli icra nümayəndəliklərində olan uzunömürlülərin statistik sayını götürürük. Uzunömürlülərlə görüşdükdə, yaşının verifikasiyasını apardıqda məlum olur ki, sənəd yaşı ilə onların təqvim, yəni real yaşı çox halda üst-üstə düşmür. Bildiyiniz kimi, keçən əsrin 1930-cu illərinə qədər ölkəmizdə pasportlaşma işi aparılmayıb. 1930-cu illərdən sonra əhalinin kütləvi pasportlaşdırılması icra olunmağa başlandıqda bu insanların əksəriyyətinin yaşı ya bir qədər şişirdilmiş, ya da çox nadir hallarda azaldılmış olur. Adətən, şişirdilmiş yaşlara daha çox rast gəlirik. Buna görə də biz yaşın verifikasiyasına əsaslanırıq, bundan sonra uzunömürlülük yaşını təyin edirik və həqiqətən yaşı 90-nı keçibsə, tədqiqata cəlb edirik. Yəni, uzunömürlülərlə bağlı açıqlanan say heç də real say deyil.

uzzz

- Uzunömürlülərin sayı son 20-30 ildə azalıbmı və buna hansı amillər təsir göstərib?

- Doğrudan da uzunömürlülərin sayı son 20-30 ildə xeyli azalıb. Uzunömürlülük indeksinə nəzər yetirdikdə bunu aydın şəkildə görürük ki, milli genefondumuz olan uzunömürlülərin sayı son illər xeyli azalıb. Bunun obyektiv və subyektiv səbəbləri var. Son 20-30 ildə ölkəmizdəki müharibə şəraiti, məcburi köçkünlük həyatı, sosial və iqtisadi çətinliklər insanların psixoloji, sosial, demoqrafik, eləcə də fizioloji durumuna, sağlamlığına mütləq öz təsirini göstərib. Baş verən hadisələr, həyat tərzi, qidalanma, iqlim dəyişmələri, iqtisadi və sosial amillər və s. uzunömürlülük yaşına, indeksinə təsir edir. Bu səbəbdən son illər onların sayı xeyli azalıb.

Herontoloqlar ahıl və qoca yaş qrupuna mənsub olan şəxsləri uzunömürlülük üçün "baza" hesab edirlər. Eyni zamanda, uzunömürlülük indeksi də məhz əhalinin ümumi sayının ahıl və qoca yaşlı əhalisinə olan nisbətinə görə təyin edilir. Lakin bu yaş dövrü insan həyatının ən kritik dövrü olduğu üçün bir növ “ələnmə", "seçim” yaş dövrü kimi də vurğulanır. Arterial hipertoniya, şəkərli diabet, az hərəkətlilik, piylənmə (obesity), müxtəlif növ ürək-damar və nevrotik mənşəli xəstəliklər, artrit, və s. məhz bu yaş dövründə daha kəskin hal alır. Vaxtında sağlamlığının qayğısına qalanlar, həyat tərzini daha sağlam quranlar, fiziki aktivliyi olanlar, yuxarıda qeyd etdiyimiz yaşla əlaqədar xəstəliklərə qalib gələnlər, eyni  zamanda irsiyyətində uzunömürlülük genləri olan, həmin yaş dövrünü keçə bilən, yəni immun sistemi daha möhkəm olanlar qocalıq yaşına çata bilir. Müəyyən qismi də uzunömürlülük yaşına çatır.

Bir müddət öncə mətbuatda dünyada ürək-damar sisteminin xəstəliklərinə görə ölkələrin siyahısı açıqlandı. Çox təəssüflər olsun ki, Azərbaycan bu siyahıda ön sıralarda idi. Ölkəmizdə ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayı gündən-günə artır. Səbəblər isə çoxşaxəlidir. İnsanların həyat tərzi, fiziki aktivliyin azalması, qeyri-düzgün qidalanma, stres faktorları, kişilərdə alkoqol, siqaret kimi zərərli vərdişlərə meyllilik və asılılıq ürək-damar xəstəliklərini yaradan əsas risk faktorlarından hesab olunur. Herontoloji tədqiqatlara həsr olunmuş elmi ədəbiyyatlarda da qeyd olunur ki, insanın ömür uzunluğu ilk olaraq ürək-damar sisteminin vəziyyətinə görə təyin olunur.

- Uzunömürlü olmağa genetik amillər nə dərəcədə təsir edir?

- Uzunömürlülüyün tədqiqinə həsr olunmuş bir çox elmi mənbələrdə qeyd olunur ki, insan uzunömürlülüyü genetik proqramlaşdırılır və irsən növbəti nəsillərə ötürülür. Bir sözlə, bizim orqanizmimizdə, xromosomlarımızda uzunömürlülüyə "cavabdeh" genlər mövcuddur, uzunömürlülükdə genetik amillər dominant rol oynayır.

Hələ keçən əsrdə dəfələrlə Azərbaycana elmi ekspedisiyalar təşkil olunmuş, müxtəlif ölkələrin herontoloqları, demoqraf, etnoqraf, sosioloq və tibb mütəxəssisləri uzunömürlülüyün öyrənilməsi üçün tədqiqatlar aparmışdırlar. Həmin tədqiqatçıların bir çoxu öz elmi nəticələrində Qafqaz regionunda, xüsusilə də Azərbaycanda uzunömürlülük amillərində irsiyyətin mühüm rolu olduğunu vurğulamışdırlar. İstər Azərbaycanda, istərsə Abxaziyada keçən əsrdə aparılan tədqiqatlar birmənalı olaraq sübut edib ki, Qafqazda uzunömürlülüyün formalaşmasında genlər başlıca rol oynayır. 

Son illərin tədqiqatları, eyni zamanda tibbin və biologiyanin yeni bir istiqaməti olan epigenetik tədqiqatlar belə bir fikir söyləməyə əsas verir ki, əlverişsiz ekoloji amillərin təsiri, qeyri-düzgün həyat tərzi və bir çox mənfi təsirlər, genetik proqramı belə dəyişdirməyə qadirdir. Bir sözlə, ətraf mühitin zərərli və əlverişsiz təsiri genetik proqramı zədələyib qıra bilir. Əgər nəsildə uzunömürlülük genləri varsa, bu, o demək deyil ki, nəslin davamçıları da mütləq uzunömürlü olacaq. Sağlam və uzunömürlü olmaq üçün yuxarıda sadaladığımız əlverişli və sağlam mühit, şərait olmalıdır. Uzunömürlülük yaşına təsir edən ekoloji amillərin sırasında təmiz dağ havası, dəniz iqlimi, yaşıllıq zolaqları bol olan ərazilər, təbii və keyfiyyətli qidalardan istifadə, yaşadıqları ərazilərdə suyun, torpağın, havanın təmiz olması da vacib şərtdir.

2019-cu ilin dekabr ayından bəri bütün dünyanı bürüyən COVID-19 pandemiyası da ömür uzunluğunu qısaldan, insanların kütləvi şəkildə tələfatına gətirib çıxaran səbəblərdəndir. Həmin xəstəliyin qurbanları daha çox məhz əhalinin yaşlı təbəqəsi oldu ki, bu da ahıl və qoca yaşlı şəxslərin sayının xeyli azalması ilə nəticələndi.

Aygün İbrahimli