Close

Suğra Bağırzadə: "Nə zəif qadın, nə də güclü kişi var" - MÜSAHİBƏ

Azərbaycanın Əməkdar artisti, aktrisa, florist rəssam, "Floristika" İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı Suğra Bağırzadənin TNS-ə müsahibəsi.

- Suğra xanım, sizinlə görüşmək, yaratdığınız gözəl əsərlərlə daha yaxından tanış olmaq üçün kinostudiyaya gəlmək istəsək də, artıq orada olmadığınızı bildirdiniz. Kinostudiyadan nə üçün çıxmısınız?  

- Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında mənə bir otaq vermişdilər. Kinostudiyanın ən gözəl otaqlarından idi, özüm seçmişdim.

20 il idi ki, o otaqda çəkilişlərim olurdu, müsahibələr verirdim və qonaqları qəbul edirdim. Əsərlərimlə tanış olmaq istəyənlər də ora gəlirdi.

Belə bir otağımın olması mənim üçün çox yaxşı idi. Nümunəvi bir otaq kimi hamının xoşuna gəlirdi.

Təəssüf ki, mənim bütün yaşıdlarım, məndən bir az böyük, bir az kiçik olan həmkarlarımın əksəriyyəti dünyasını dəyişdi. Xüsusilə, bu, COVID-19 pandemiyası müddətində baş verdi. İndi kinostudiyanın bütün qapıları bağlıdır. Film çəkilişləri yoxdur. Dəhlizlər, otaqlar səssiz, soyuq və qaranlıqdır. Ona görə də ora gedib-gəlmək mənim üçün çox çətindir. Və qərar verdim ki, daha getməyim. Hətta kinostudiyanın rəhbəri dedi ki, axı, sizin getməyinizi heç kim istəmir, niyə gedirsiniz? Orada olmağımı çox istədiklərini bildirdi.

Dedim ki, hər zaman gedib-gələcəyəm, amma daimi bir otaq kimi istəmirəm. Çünki kinostudiyaya gedəndə, doğrudan da, ürəyim ağrıyır. Əvvəllər ətrafda olan insanlar artıq yoxdurlar. Tamamilə qaranlıq dəhlizlərdə sakitlik höküm sürür. Bu, bir az mənə pis təsir edir.

- Sizə başqa bir yerdə emalatxana təklifi olubmu? Yəni, daha rahat bir yerdə emalatxananız olsaydı, gedərdinizmi?

- Mənə heç vaxt emalatxana verməyiblər. Rəssamlar İttifaqında olanda da bununla bağlı heç bir təklif olmayıb. Bu barədə desəm də, şərait olmadığını, heç kimə otaq vermədiklərini bildiriblər. Elə ona görə kinostudiyada, hörmətli insanlardan biri kimi, ən gözəl otağı mənim üçün vermişdilər. Təəssüflər olsun ki, emaltaxanam yoxdur. Rəssamlar İttifaqı, ümumiyyətlə, Mədəniyyət Nazirliyi tərəfindən belə bir addım atılsaydı, əlbəttə ki, çox xoşbəxt olardım. Yaradıcı insana emalatxana çox lazımdır. Çünki bəzən ailədən kənara çıxmaq, fikirləşmək, hansısa əsəri işləmək, öz həmkarlarınla fikirlərini bölüşmək istəyirsən. 

- Suğra xanım, daim gözəl və gənc görünməyinizin xüsusi bir sirri varmı? İstərdim ki, həyat tərzinizlə bağlı bəzi məqamları oxucularımızla bölüşəsiniz...

- Sadəcə səliqəli, nizamlı həyat tərzi keçirməyə çalışıram. Qidalanmağıma diqqət edirəm, səhərlər idman hərəkətləri edirəm. Çalışıram ki, ayaqla gəzim. Əlbəttə ki, yaşa dolduqca bunları etmək bir az çətinləşir. Amma özümü məcbur edirəm. Hərdən oyanıram və öz-özümə fikirləşirəm ki, bu gün idman etməyəcəm, həvəsim yoxdur. İki gün etməsəm, bədənimdə ağrılar olur. Yaxşı hiss etmək üçün vaxtında idman etmək lazımdır. Tənbəllik edəndə sonradan “altını çəkirsən”, - el arasında belə deyirik.

Öz bişirdiyim yeməkləri və düzgün qidalanmağı xoşlayıram. Vaxtında və qədərində yeyirəm. Bir sözlə, adi mədəni insan necə normal yaşamalıdırsa, o cür yaşamağa çalışıram. Mənim həyat tərzimdə fərqli bir şey yoxdur.

- Bir problem olanda həkimə üz tutursunuz, yoxsa daha çox özünüz öz həkiminiz olursunuz?

- Əlbəttə ki, yaşla bağlı və indiki zamanda həkimsiz keçinmək mümkün deyil. Amma özüm də artıq orqanizmimi tanıyıram. Ona görə yorulanda, yuxusuz qalanda nələr baş verəcəyini bilirəm. Bəzən, elə olub ki, gecə əsər üzərində işləmişəm, yuxusuz qalmışam. Bu, düzgün deyil. Çünki yaşa dolduqca insanın həyat gündəliyi mütləq düzgün qurulmalıdır. Buna diqqət etməmək insanın ömrünü qısalda bilər.

- Təbii güllərdən gözəl sənət nümunələri yaradırsınız, çox nadir bir sənətlə məşğulsunuz. Bu gün əsərlərinizlə daha yaxından tanış olmaq istəyənlər hara üz tuta bilərlər?  

- Hazırda işlərimlə evdə məşğul oluram. Lazım olanda isə sərgi keçirirəm, ya da televiziya kanallarında çıxış edirəm. “Instagram” səhifəm var. Əsərlərimin foto və videolarını orada da yerləşdirirəm. Hazırda onlayn qalareya yaradıram ki, otağım yoxdur, heç olmasa, insanların əsərlərimə orada baxmaq imkanı olsun.

Doğru vurğulayırsınız. Dünyada mənim işlərimin analoqu yoxdur. Özüm 2002-ci ildən Ümumdünya Floristlər Şurasının üzvüyəm. 2003-cü ildə Ümumdünya Floristlər Şurasının Riqada keçirilmiş XXI sammitində mənim sərgimi təşkil etdilər. Sərgiyə 25 əsər aparmışdım. Sərgidən sonra “Floristika industriyasında yeni professional səmt” sertifikatı ilə təltif olundum. Bu sertifikat ilə bir daha təsdiqləndi ki, mənim əsərlərimin dünyada analoqu yoxdur.

- Aktrisa kimi filmlərə çəkilmisiniz, yaddaqalan obrazlar yaratmısınız. İndi necə, filmlərə çəkilirsinizmi?

- Ötən il "Rossiya-1" kanalının nəzdində “Ostroe blyuda” (Acı yemək-red.) adlı 4 seriyalı film çəkilirdi. Film Türkiyə ilə Rusiyanın müştərək filmi idi.

Filmdə Rusiya və Türkiyə aktyorları çəkilirdi. Azərbaycandan isə yalnız mən çəkilirdim və Asiya xala rolunu canlandırdım. Çox maraqlı iş prosesi oldu və mən çox razı qaldım. Artıq may ayından “Smotrim Rossiya” kanalında bu serial nümayiş etdirilir.

Yəni, indi də məni dəvət edirlər, amma artıq hər yerdə çəkilmək, hər rolda olmaq istəmirəm. Filmlər də çox çəkilmir. Seçim edəndə isə gəlir yox dərəcəsinə çıxır. Yaxşısı budur ki, az çəkiləsən, amma sanaballı filmlər olsun. Sonradan da vaxt sərf etdiyin üçün heyifslənməyəsən.

- Filmlər çox olmasa da, yerli seriallar çox çəkilir. Yəqin ki, dəvətlər alırsınız...

- Son zamanlar müxtəlif dəvətlər olur. Məni qane edirsə, həmin filmlərdə çəkilirəm.

Hərdən mənə ssenarilər göndərirlər, oxuyuram və çəkilə bilməyəcəyimi deyirəm. Çünki çəkiləcəyim filmin ssenarisi və rejissor işi mütləq məni qane etməlidir.

- Yəni, ssenarini bəyənsəniz, bəlkə də çəkilərsiniz...

- Bəyənsəm, bəlkə də qəbul edərəm. Mənim üçün rolun böyüyü, kiçiyi yoxdur. Təki yaxşı rol, arzu etdiyim obraz olsun ki, onu böyük məmuniyyətlə yaradım. Əgər çəkilmirəmsə, deməli ssenari xoşuma gəlmir. Məsələn, qeyd etdiyim Rusiyanın filmində türk və rus aktyorlarla birlikdə böyük məmuniyyətlə çəkildim. Həm aktyor işindən, həm də birlikdə peşəkar yaradıcı işdən böyük zövq aldım. Ona görə belə bir təklif olarsa, əlbəttə ki, yenə böyük məmuniyyətlə qəbul edərəm.

Onu da deyim ki, bir il əvvələ kimi vaxtımın çoxunu əsərlərimə həsr edirdim. Kinolara çəkilməyə çox vaxtım yox idi. Amma indi bəyəndiyim təklifləri qəbul edərəm.

- Vaxtilə sizin də rol aldığınız çox gözəl filmlərimiz çəkilirdi. Onları indiki filmlərimizlə müqayisə etmək olar?

- İndikilərlə o vaxt çəkilənləri müqayisə etmək istəmirəm, çünki mən indikilərdə heç çəkilmirəm də. Bir-iki serialda çəkilmişəm. Normal seraillar olub. “Həyat, sən nə qəribəsən”, “Dağıntılar altında” və s. bu kimi 4-5 serialda çəkilmişəm. Normal tərəf müqabilləri, aktyorlarla birlikdə çəkilmişəm.

- Güllərlə işləmək-rəssamlıq və filmlərə çəkilmək. Hansının azadlğı daha çoxdur?

- Kino kollektiv işdir. Amma rəssamlıq tək adamlıqdır. Güllərimlə işləyirəm. Çox işləyəcəm, yoxsa istirahət edəcəyəm, buna özüm qərar verirəm. Amma kino belədir ki, sənə nə deyirlərsə, onu etməlisən. Bu, çox çətindir. Ona görə yaşlı insanlar kinoya çəkilmək üçün “hə” deyəndə gərək öhdəsnindən gəlib-gələ bilməyəcəklərini, işin onların qane edib-etməyəcəyini əsaslı fikirləşsinlər. 

Yaradıcı işdə müstəqillik çox böyük rol oynayır. Heç kimdən asılı olmaq istəmirsən. Filmdə rejissorun işindən asılı olmaq normaldır. Yəni, hər şeyə razılıq verdiyin üçün narazılıq edə bilməzsən. Amma elə olur ki, inzibati nəsə göstərişlər olur, bu, artıq düz deyil. Yaradıcı adam daha çox müstəqil olmaq istəyir.

- Suğra xanım, məktəb illərində musiqi ilə məşğul olsanız da, sonradan davam etdirməmisiniz...

- Məktəbi bitirənə qədər mahnılar oxumuşam, musiqi məktəbində müəllimlərdən dərs almışam. Məsələn, Rəşid Behbudov mənim müəllimim olub.

Amma orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft Akademiyasının yüksək mollekullu birləşmələr üzrə kimya texnologiya fakültəsini əla qiymətlərlə oxumuşam. Sənətim isə mühəndis-texnoloqdur.

5 il institutda oxudum. Sonra iki il elmi-tədqiqat institutunda çalışdım. İncəsənətdən tamamilə uzaqlaşdım.

 Amma sonra mühəndis kimi kinostudiyaya gəldim. Bundan sonra çəkilişlərim, dublyaj və s. yenidən başladı. Həm mühəndis kimi işləyirdim, həm də yaradıcı işlə məşğul olurdum.

- Cəmiyyətdə kişilərin tək fiziki cəhətdən deyil, əqli və məntiqi cəhətdən də qadınlardan daha üstün olduğu tez-tez müzakirə olunur. Sizin bu barədə fikirlərinizi bilmək maraqlı olardı...

- Nə zəif qadın, nə də güclü kişi var. Qadın və ya kişi olmağından asılı olmayaraq, hamı insandır. Əlbəttə ki, fiziki cəhətdən kişi qadından güclü olmalıdr. Bu, o demək deyil ki, bütün kişilərin əqli qadınlardan güclüdür.  Elə şey yoxdur. Hər iki cins insandır. Ağıllısı, dahisi və ağılsızı hər iki cinsdə var. Ona görə bu barədə danışmaq düzgün deyil. Allah bir insan üçün hansı yolu qoyubsa və o insan da buna uyğun işgüzarlıq, bacarıq nümayiş etdirirsə, qabağa gedir, inkişaf edir. Bu cür müzakirələr boşdur və sadəcə vaxt aparır. Yəni, hər kəs qabiliyyətinin nəyə çatdığının fərqinə varsa, öz həyatını yaşayacaq.

- Sizi bu gün cəmiyyətimizdə bir çox uğura imza atmış illərin təcrübəsinə malik bir insan kimi, ən çox nə narahat edir?

- Bu gün məni ən çox narahat edən boşanmaların çox artmasıdır. İndi qızlarda dözüm, oğlanlarda isə səbir qalmayıb. Ailə çox çətin bir strukturdur. Bu strukturu saxlamaq üçün ailə quranlar nələrdənsə imtina etməlidirlər. İşgüzar olmalı, ağıl sərf etməli və səbirli olmalıdırlar. Bütün bunlar üçün şərait olmalıdır. Yəqin ki, ya ev, ya da uşaq dərdi çəkirlər. Əlbəttə ki, problemlərlə mübarizə aparmaq asan olmur. Bu mübarizəni hamı bacarmır.

- Çoxuşaqlı ailədə böyümüsünüz. İndi ailələrdə uşaqların sayı daha az olur. Sizcə, bunun səbəbləri nələrdir?

- O zaman ailələrin əksəriyyəti çoxuşaqlı idi. Bağışlayın məni, müharibədən sonra qadın hamilə olanda hamiləliyini sonlandırmağa icazə yox idi. Ona görə də uşaqların sayı çox olurdu. Bundan başqa, insanlar o zaman çox gəzmirdilər, görmürdülər. İndiki kimi dəbdəbəli həyatdan xəbərləri yox idi. Buna görə də sakit yaşayır, nə varsa, onunla ötüşürdülər. İndi cavanlar çox gəzir, görürlər və hər şey istəyirlər. İstəmək olar, amma hər şeyi qazanmaq mümkün deyil.

- Torpaqlarımız işğaldan azad olundu. İnsanlarımız artıq doğma yurd yerlərinə qayıdırlar. Bunları düşünəndə sizdə hansı hisslər hakim olur?

- Bu Zəfərimizlə ancaq fəxr edirik, sevinirik. Mən hələ bir neçə il əvvəl şəhid anası rolunda çəkilmişəm. 5 dəqiqəlik çəkiliş idi. Rejissor Rüfət Hüseynov məni dəvət etdi, çəkildim. İnsan sözlə ifadəsi çox çətin olan hisslər keçirir...

Ötən il müharibənin bitməsinin 3 illiyi qeyd olunurdu. Mən Xarı bülbül çiçəyi ilə “Xarıbülbül Cıdır düzündə” - Şuşa adlı əsər hazırladım. Həmin əsər 4 aydan çox Heydər Əliyev Mərkəzində “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisində nümayiş olundu. Çox insan gəlirdi, baxırdı və maraqla qarşılanırdı. İnsanlar əsərin yanında şəkil çəkdirirdi və əksəriyyəti də canlı Xarı bülbülü ilk dəfə gördüklərini deyirdilər.

Bu gün çox sevinirəm ki, artıq insanlarımız bu çiçəyi öz bitdiyi torpaqlarda görə bilirlər.

- Müsahibə üçün təşəkkür edirik.

 Aygün İbrahimli