Close

Azərbaycanda yeni xüsusi mühafizə olunan ərazilər yaradılacaq - MÜSAHİBƏ

22 may - Beynəlxalq Biomüxtəliflik Günü kimi qeyd olunur.

Əsas məqsəd dünyanın diqqətini təbii və antropogen faktorların təsirinə məruz qalan biomüxtəlifliyin qorunmasına yönəltməkdir.

Azərbaycan flora növlərinin ümumi sayına görə Cənubi Qafqazın ən zəngin ölkəsidir. Ölkəmizdə biolji müxtəlifliyin qorunması, bu sahədə görülən işlər və bioloji müxtəlifliyi təhdid edən amillərlə bağlı TNS-in suallarını Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva cavablandırıb.

- Arzu xanım, Azərbaycanda nə qədər endemik bitki və heyvan növü var?

- Ölkəmizin coğrafi mövqeyi onun zəngin bitki və heyvan aləminin formalaşmasına təsir göstərib. Belə ki, unikal bir coğrafi məkanda yerləşən Azərbaycanda yayılmış 4500-dən çox ali bitki növündən 146 növü məhz ölkəmiz üçün endemikdir (yəni dünyanın başqa yerlərində rast gəlinməyən). 420 flora növü isə Qafqaz regionu üçün endemik növ hesab olunur. Bundan əlavə, ölkəmizdə onlarla endemik heyvan növü də var.  

- Bu gün ölkəmizdə bioloji müxtəlifliyin qorunması üçün hansı layihələr həyata keçirilir?

- Dünyada bioloji müxtəlifliyin müxtəlif qorunma üsulları var. Bunlardan birincisi və deyərdim ki, ən vacibi “Qırmızı kitab”ın təsis edilməsidir. Hazırda bütün dünyada antropogen təsirlər, eləcə də bəzi təbii mühit amilləri - qlobal istiləşmə, su ekosisteminin, ətraf mühitin çirklənməsi, ümumillikdə bütün ekoloji problemlər növlərin sayının azalmasına səbəb olur. Məhz ona görə də bütün dünyada “Qırmızı kitab”lar təsis edilir. Azərbaycanda “Qırmızı kitab”ın 3-cü nəşri 2023-cü ildə işıq üzü görüb. İki hissəli olan kitab nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərini özündə birləşdirir.

Bioloji müxtəlifliyin qorunmasının digər bir üsulu isə xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasıdır. Azərbaycanda yaradılmış xüsusi mühafizə olunan ərazilərin tarixi çox qədimdir. Lakin milli parkların yaradılmasına 2003-cü ildən başlanılıb. Hazırda ölkəmizdə xüsusi mühafizə olunan təbiət əraziləri 893 min hektarlıq ərazini əhatə edir ki, bu da ölkə ərazisinin 10,3 faizi deməkdir. Bu rəqəm 2001-ci ilə qədər 478 min hektar idi. 2001-ci ildən bu yana xüsusi mühafizə olunan təbiət ərazisi iki dəfəyədək artırılıb.

Hazırda da yeni xüsusi mühafizə olunan ərazilərin yaradılması istiqamətində iş aparılır və bununla bağlı tədqiqatlar davam etdirilir. Yeni növ, geopark və biosfer rezervatının yaradılması istiqamətində işlər aparılır. Yaxın gələcəkdə ölkəmizdə Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında Zaqatala Biosfer Qoruğunun yaradılması nəzərdə tutulub. Həmçinin Bakı və Abşeron Yarımadası Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğunun bazasında geoparkın yaradılması ilə bağlı işlər də aparılır. Bundan əlavə, bioloji müxtəliflik ilə zəngin olan Alazan çayı vadisində Axar-baxar dağ silsiləsində yeni Milli Parkın yardılması, İlusu Dövlət Təbiət Qoruğuna milli park statusunun verilməsi ilə bağlı işlər aparılır. Nadir və nəsli kəsilməkdə olan növlərin artırılması, populyasiyalarının bərpası istiqamətində də 2010-cu ildən layihələr həyata keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İDEA İctimai Birliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizə Fondunun birgə dəstəyi ilə reintroduksiya layihələri davam edir. 2010-cu ildə ceyranların reintroduksiyası ilə bağlı başlanan layihə daha sonra Qafqaz zubru, nəcib maral növlərinin bərpasına təkan verib. 2010-cu ildən bu günə kimi ölkə ərazisində ceyranların mühafizə reintroduksiyası tarixi arealların bərpası layihəsi çərçivəsində  Şirvan Milli Parkından ölkənin müxtəlif ərazilərinə ümumillikdə 370 baş ceyran köçürülüb və layihə uğurla davam etdirilir. 2019-cu ildən Avropa ölkələrindən Qafqaz zubrunun ölkəmizə gətirilməsinə başlanılıb, hazırda onların sayı təbii artımla birlikdə 61 başa çatıb.

Təbii su hövzələrində balıq ehtiyatının bərpası istiqamətində işlər gedir. Hər il ölkə ərazisində yerləşən su hövzələrinə milyonlarla balıq buraxılır. 2023-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nərə cinsinə aid 618 700-dək, çəkikimilərə aid 8 milyondan artıq, Qızıl balıqkimilərə aid 715 olmaqla ümumillikdə 9 milyona yaxın balıq körpəsi Xəzər dənizinə, Kür çayına və digər daxili su hövzələrinə buraxılıb.

“Qırmızı kitab”a daxil olan növlərin bəziləri xüsusi mühafizə olunan təbiət ərazilərindən kənarda yerləşir. Onlara diqqəti artırmaq üçün alim və mütəxəssislərin rəyinə əsasən, bir sıra növlərin mühafizəsi məqsədilə mikrorezarvatların yaradılmasına başlanılıb və bununla bağlı hazırda tədqiqatlar aparılır.   

etsn       

- Gələcəyi təhlükə altında olan nə qədər bitki və heyvan növü var?

- “Qırmızı kitab”ın 3-cü nəşrinə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu daxil edilməklə, ölkə ərazisində yayılmış ümumillikdə 460 bitki növü, 241 heyvan, eləcə də 47 növ göbələk daxil edilib. İlk dəfə tərtib olunan 3-cü nəşrdə çəhrayı siyahıya 49 növ ali, ikisi ibtidai olmaqla, 51 bitki növü salınıb.

- Bioloji müxtəlifliyi daha çox hansı fəaliyyətlər təhlükə altına salır?

- Qloballaşan dünyada əsas antropogen təsirlər çoxdur. Belə ki, canlıların yaşadığı təbii arealların daralması, insan sayının artması, şəhərlərə kütləvi axın, insanların vəhşi təbiət ərazilərini zəbt etməsi, meşə yanğınları, təbiətə qanunsuz müdaxilələr, qanunsuz ov və s. bu kimi amillər var.

Eyni zamanda, müasir dövrdə bioloji müxtəlifliyin azalması və yoxa çıxmasının əsas səbəblərindən biri də iqlim dəyişməsi, qlobal istiləşmədir. Sadaladığım antropogen və təbii təsirlərin faktorları nəinki ölkəmiz, bütün dünya üçün əsas qlobal təhlükə hesab olunur.

Aygün İbrahimli