Close

Xaricdən gətirilən arılar genetik çirklənməyə səbəb olur - MÜSAHİBƏ

Azərbaycanda arıçılığın tarixi hələ eramızdan əvvəl  IX-VIII əsrlərə gedib çıxır. Bu gün də ölkəmizdə arıçılıqla məşğul olan kifayət qədər insan var. Son illər qlobal iqlim dəyişikliyi, müxtəlif virusların yayılması, xaricdən müxtəliv növ bal arılarının ölkəyə gətirilməsi kimi amillər yerli arı cins və növlərini sıxışdırır. Bu gün arıçılığın inkişafı ilə yanaşı, qarşıda duran məqsədlərdən biri də yerli arı növlərinin qorunub saxlanılmasıdır.

Bu sahədə olan problemlər, görülən işlərlə bağlı TNS-in suallarını Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev cavablandırıb.

- Mahir müəllim, bu gün Azərbaycana məxsus hansı yerli arı cins və növlərini qeyd etmək olar?

- Hazırda Azərbaycanın milli arı genofonduna aid Boz Dağ Qafqaz və Sarı Qafqaz arı cinslərini göstərmək olar.

- Yerli bal arılarının neçə növü var, hansılardır və onları qorumaq, gələcək nəsillərə çatdırmaq üçün işlər görülürmü?

- Boz Dağ Qafqaz arı cinsinin Qabaqtəpə və Qonaqkənd populyasiyasını respublikanın bütün bölgələri timsalında qeyd etmək olar. Bundan başqa, Sarı Qafqaz arı cinsinin müxtəlif populyasiyaları (Azərbaycan, Talış və Naxçıvan populyasiyaları) isə əsasən, cənub bölgəsi üçün xarakterikdir.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun "Arıçılıq" Mərkəzində fəaliyyət göstərən Damazlıq işinin təşkili laboratoriyasının tərkibində olan süni mayalandırma laboratoriyasında yerli arı cinsimizin qorunub saxlanması istiqamətində işlər aparılır.

- Hansı arı növləri daha məhsuldardır?

- Boz Dağ Qafqaz arı cinsi yerli şəraitə daha uyğun, xortumunun uzunluğu, balın qatılığı, propolis yığma qabiliyyəti cəhətdən üstün olsa da, yaz inkişafı, yumurta qoyma və balyığma qabiliyyətinə görə Karnika arı cinsindən geri qalır.

Azərbaycanda Karnika bal arı cinsindən başqa, Bakfast arı hibridi geniş formada, İtalyan və Karpat arı cinsləri isə daha az yayılıb.

- Xaricdən gətirilən arılar yerli arı cinslərinə hansı təhdidləri yaradır, bunun qarşısını necə almaq olar?

- Xaricdən gələn arıların heç bir gen və xəstəliklərlə bağlı analizlərdən keçirilməməsi qonşu və digər dövlətlərdə olan arı xəstəlik və zərərvericilərinin respublikaya gətirilmə riskini artırır. Eyni zamanda, arıçılıqda genetik çirklənməyə, mələzləşməyə səbəb olur.

Qüvvədə olan müvafiq qanunvericiliyə əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 avqust tarixli 116 nömrəli qərarı ilə təsdiq edilmiş "Rayonlaşdırılmamış arı cinslərinin Azərbaycan Respublikasının ərazisinə gətirilməsi Qaydası") xaricdən arı cinsləri Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, Baytarlıq Elmi-Tədqiqat İnstitutu, AMEA-nın müvafiq strukturunda olan təşkilatların xətti ilə gətirilməli, müvafiq elmi tədqiqat işləri aparılmalı, yerli şəraitə uyğunluq və digər şərtlər nəzərə alınmaqla  çoxaldılaraq arıçılara təqdim olunmalıdır.

Respublikada Qafqaz arısı üzrə Zaqatala rayonunda arıçı Mövlüddin Qurbanəliyev izolə bölgə yaradıb.

Qeyd etmək lazımdır ki, yerli cinsin mələzləşməsi 50 ildən daha artıq vaxt ərzində aparılmamış seleksiya işlərinin nəticəsidir. Nəticədə cırlaşma gedib, məhsuldarlıq aşağı düşüb, xəstəliklərə davamsızlıq və beçəvermə xüsusiyyətləri artıb, aqressivlik dərəcəsi yüksəlib.

Bu sahədə saflaşma işləri üçün dövlət dəstəyi, kadrların hazırlanması, damazlıq seleksiya proqramının tərtib olunması, ideal izolə bölgələrinin yaradılması, qorunması, genbankın yaradılması və digər lazımi işlərin görülməsi vacibdir.

Aygün İbrahimli