Close

"Sığınacağa gələn qadın indi güc strukturunda vəzifədə işləyir" - Mehriban Zeynalova ilə MÜSAHİBƏ

Zorakılıq hallarının kəskin artması bu gün bütün dünyanın əsas müzakirə mövzularından biridir. Məlumdur ki, zorakılıq qurbanlarının əksəriyyəti qadın və uşaqlardır. Zorakılıq qurbanlarının hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq konvensiyalar, hüquqi sənədlər mövcuddur. Ayrı-ayrı ölkələrdə bu sahədə qanunlar qəbul edilir, müxtəlif proqramlar həyata keçirilir.

Azərbaycanda da zorakılıq qurbanlarının sayında artım müşahidə olunur. Ailədə şiddət görən qadınlar bəzən sığınacaqlara üz tuturlar. Sığınacaqlarda vəziyyət necədir? Onların hansı problemləri var?

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, Qadın və uşaq sığınacağının rəhbəri Mehriban Zeynalova TNS-in mövzuilə bağlı suallarını cavablandırıb.

- Mehriban xanım, sığınacaqda vəziyyət necədir? Sakinlərlə bərabər burada gününüz necə keçir?

- İnsan gərək o yükü üzərinə götürsün ki, ətrafdakıların da  yükünü çəkə bilsin. Bunu edə bilmirsənsə, o zaman yükün altına girməməlisən. Ömür boyu şikayət edəcəksənsə, ətrafdakıların da həyata ümidi azalacaq. Qapının girəcəyində yazıldığı kimi, içəri daxil olarkən mütləq gülümsəməlisən. Mən bura gülümsəyərək girməsəm, hər bir sakini qucaqlamasam, tək-tək əhvalını soruşmasam, olmaz. Çünki salamın, gülümsəməyin, xoş davranmağın özü də bir ümiddir. Onlara ümid verməlisən ki, ətrafda çoxlu yaxşı insanların olduğuna, yaşamağın mümkünlüyünə inansınlar.

m5

Reabilitasiya qapıdan girdiyin anda başlyaır. Qarşı tərəfə o mesajı ötürürsən ki, davam edəcəksən, güclü ola, ayaq üstə dura biləcəksən.

Güclə bağlı çoxlu mesajlar verirlər. Hər bir insanın daxilində enerjisi, potensialı var. Sadəcə olaraq, onu doğru tapmaq, yönləndirmək lazımdır. Bəzən birinə güclü olduğunu deyirsən, o səni səhv başa düşür. Mesajı fərqli qəbul edir, elə bilir, güc ətrafa qışqırmaq, onu əzməkdir. Boksçu da döyüşür. Amma biz onu güc yox, döyüş növü hesab edirik.

Mənə elə gəlir, bu fəlsəfəni dəyişmək lazımdır ki, güc heç də qarşısındakını əzməklə üzdə olmaq yox, ruh halının güclü olması ilə həyatı qazanmaqdır. İnsanın gücü ondadır ki, ətrafa dəstək verə, kimlərisə ayağa qaldıra bilir.

Məsələn, reabilitasiyaya gələnlərdə intellektual və emosional dərəcələri balanslaşdırmaq şərtdir. Ehtiyac olmadığı halda, kiməsə sadəcə güc versən, o, ancaq əzməyə çalışacaq. Çünki onun özünü idarə etmək üçün alətləri – biliyi, vərdişləri yoxdur, mədəni davranışlar, etik normalar barədə məlumatsızdır.

Reabilitasiya asan proses deyil. Hər kəsə fərdi yanaşılmalıdır. Onun ağıl və emosiya ölçülərini bilməlisən ki, həyatının dəyişməsinə kömək edəsən.

m3

- Gələnlərin hamısı problemli ailələrlərdəndir. Hər birinin ayrı dramı var. İstər-istəməz, bu da sizi, burada işləyənləri neqativ enerji ilə yükləyir. Onları necə müsbətə doğru yönləndirə bilirsiniz?

- Bizim bir devizimiz var: 80 faiz peşəkarlıq, 20 faiz mərhəmət. Mərhəmət 80, peşəkarlıq 20 faiz olsa, heç nəyə nail olmaq mümkün deyil. Mərhəmət vacibdir, amma həddində. Mərhəmət lazım olduğundan çox olsa, qarşı tərəf sui-istifadə edəcək, bütün məsuliyyəti sənin boynuna qoyacaq. Peşəkarlığın olacaqsa, lazımi bariyerləri qura biləcəksən.

Təbii ki, dinlədiyimiz həyat hekayələrindən sonra neqativ yüklənirik. Bu enerjini başqa yollarla çıxarırıq. Ailə ilə vaxt keçirmək, harasa getmək, təmiz hava almaq, dostlarla görüşmək və s. Nəzəriyyədə də var ki, yüklərdən azad olmaq üçün günün ən az 4-5 saatını işdən kənarda olmaq lazımdır.

Gələnlərin əksəriyyəti – təxminən 99 faizi zorakılığa məruz qalanlardır. Çoxu körpəlikdən ailədə ayrı-seçkiləiyə məruz qalıb, erkən nikahın qurbanıdır, sosial həssas vəziyyətdədir.

Əvvəllər gələnlərin özündən başlayırdım. Sonradan onun keçmişi, uşaqlığı, hətta ana bətnində olan ailəsində baş verənləri araşdırdım. Yəni aldığı travmanın başlanğıc yerini tapmaq lazımdır. Bilməliyik ki, dəyişmək üçün hansı potensialı var. Özüm üçün bir xəritə hazırlamışam – keçmiş, indi, gələcək. Baxıram ki, keçmişdən gələcəyə kimlər keçə biləcək? Hansı müsbət təsirlər göstərmək olar?

Bağları da tam qırmaq olmur. Bəzən elə hadisələr olur ki, bağları tam qırmaq zərər verir. Bəzi keçmiş bağlar yaşamaq, davam etmək üçün önəmlidir. Hər qurumun, hər sığınacağın özünün yanaşması var. Kimsə beynəlxalq standartları olduğu kimi tətbiq edir, kimsə milliləşdirir. Bəzi milli xüsusiyyətləri kənara qoymaq olmaz. Çünki insanın mayası bununla yoğrulub. Sən yeni maya yarada bilməzsən. Torpaq, su, ətraf mühit, davranış bunun mayasıdır. Bunu kökündən kəsəndə daha həssas olur, yeni problemlər ortaya çıxır. Çalışmalısan ki, mayaya yeni inqridentlər əlavə edəsən. 

Ola da bilər ki, keçmişdə yaşadıqlarını tam unutmağı yaxşıdır.

Bizdə bir xanım vardı, indi güc strukturunda vəzifədə işləyir. Ümumiyyətlə, bir neçə qadınımız indi dövlət idarələrində çalışır. Güc strukturunda işləyən xanım bir az burda qaldı, sonra atası gəldi, dəstək oldu. Görürsən ki, ailə dəstəyi bütün dəstəklərdən daha güclüdür. Bütün ailə bağlarını qırdıqda digər dəstəklər nəticəsiz qalır. Yəni ailədən qoparmaqla onu güclü etmirsən, əksinə təklənir, gücsüzləşir.

Beynəlxalq standartları, insan haqlarını əsas götürürük, amma özümüzün də yeni yanaşma metodumuz olmalıdır. Həm dağıntılar bərpa olunsun, həm də zorakılıq qurbanı möhkəmlənsin, daha güclü olsun. Süni yox, real güc vermək lazımdır. Bu güc də ailədən qaynaqlanır. Çünki bizim genetik kodumuzda ailə mühüm yer tutur. Adamlar var ki, məhz ailənin qarşısında özünü güclü göstərmək üçün faciələrə səbəb olur. Çünki ailədə onun gücünü görməyiblər, dəyər verməyiblər. Sonda bu güc aqressiv qüvvəyə çevrilib.

m2

- Sakinlər daha çox ər tərəfindən zorakılığa məruz qalanlardır, yoxsa, valideynlərindən şiddət görənlər də var?

- Gələnlər arasında əri və ya doğma ailəsi tərəfindən zorakılıq görənlər var. Bəziləri zorakılığa məruz qaldığı üçün valideynlərindən imtina edən yeniyetmələrdir. Təbii ki, erkən nikahın qurbanları da var.

- Aralarında ali təhsili, iş-güc sahibi olan xanımlar da varmı?

- Belələri də olub. Dediyim ki, onlar buradan ayrılandan sonra həyatlarını qurub, dövlət qurumlarında işləyirlər. Demək olar, hər həftə bizi ziyarətə gəlirlər.

- Deməli, zorakılığa məruz qalanlar təkcə oxumamış, həyatını qura bilməmiş qadınlar deyil...

- Bəzən təhsilli, işləyən qadınların ailəsindəki zorakılığı biz görmürük. Onların arasında belələri çoxdur. Sadəcə, onlar təhsillidir, düşünürlər ki, nüfuzdan düşər, hörmətlərini itirərlər. Ona görə susurlar. Onların təhlükəsi tamam fərqlidir. Evdə gördükləri zorakılığı iş yerlərində tətbiq etmələri mümkündür. Yəni, evdəki neqativ münasibət iş keyfiyyətlərinə mənfi təsir göstərə bilər. Bu, çox ciddi məsələdir. Onların susması həyatlarına mənfi təsir göstərir. Söhbət ondan getmir ki, çıxıb mətbuata açıqlasınlar. Onlar dəstək proqramlarına müraciət eləməlidir, əlbəttə ki, məxfilikləri qorunmaq şərti ilə.

Məsələn, evdə zorakılığa məruz qalan bir müəllimin dərs deməsində keyfiyyət düşəcək, şagirdlərlə, kollektivlə münasibətdə problem yaranacaq. Yaxşı olar ki, bu sahədə testlər aparılsın, həmin şəxslər müəyyənləşdirilsin. Təbii ki, şəxslərin özləri də müraciət edə bilərlər.

Onların vaxtında dəstək alması vacibdir. Çünki zorakılıq birbaşa sağlamlıqla bağldır. Şiddətə məruz qalan şəxsin sağlamlığı pozulur.

Bu, həm də mədəniyyət məsələsidir. Mütəmadi zorakılğa məruz qalma, təhqir olunma bir müddət sonra normaya çevrilir. Sən də başqalarına bunu tətbiq edirsən. Adam var ki, emosiyalarını söyüşlə ifadə edir. Bunların mənbəyi illərdir, sağalmayan travmalardır.

- Dediniz ki, sığınacaqda uğurlu hekayəsi olan xanımlar da qalıb. Onlar zorakılıq gördüyü adamlarla həyatlarını təkrar birləşdirməklə bu uğura imza atıblar, ya uzaqlaşmaqla?

- Birləşən də olub, amma daha çox təklikdə uğur qazanıblar.

- Zorakılıq gördüyü adamlarla barışıb, həyatlarını normal davam etdirənlər varmı?

- Belə hallar da olub. Burada riski qiymətləndirmək vacibdir. Əvvəllər aidiyyəti qurumlarda barışdırmaq meyli çox güclü idi. Amma sonra məlum oldu ki, bunun riskli tərəfi çoxdur. Qarşı tərəfi qiymətləndirməsən, ciddi problemlər ortaya çıxır. Məsələn, qarşı tərəflə söhbətlər aparmaq, xarakter və xüsusiyyətlərini bilmək, müşahidə aparmaq vacibdir. Bunlar olmasa, mexaniki barışıqla daha böyük təhlükəyə yol açılar. Bütün detallar diqqətlə nəzərdən keçiriləndən sonra təhlükə olmadığını gördükdə barışdırmaq olar. Çünki bəzi qadınların tək yaşaması onun üçün təhlükədir. Yəni, ata, ər, qardaş və s. onların çətiri altında yaşamağa öyrəşib. Bundan sonra təcrübə toplamaq imkanı, potensialı, həvəsi yoxdur. Öyrənib ki, kimsə ona baxsın. O zaman yeni çətir axtaracaq. Bəzən də qadının öz həyatına biganəliyi zorakılığa məruz qalmasına gətirib çıxarıb. Ailə münasibətlərində vəzifələri düzgün bölüşməmək buna misaldır. Amma təbii ki, zorakılıq heç bir halda bəraəti olmayan hərəkətdir.

Bəzi yerlərdə qadın ərinin ona 1 şillə vurduğunu deyirsə, ər mütləq cinayət məsuliyyətinə cəlb olunur. Amma bu də bəzən sui-istifadəyə yol açır. O zaman qarşı cinsdə aqressiya yaranır, qadınların dəstəklənməsinə sərt reaksiya verilir.

Sığınacaqda müşahidə edirəm. Məsələn, şəxs psixoloq yanına gedir, ya da hansısa proqramda iştirak edir. 1 saat ərzində nümunəvi davranış göstərə bilir. Amma bütün gün müşahidə etdikdə fərqli davranışları ortaya çıxır. Görürsən ki, hansısa hərəkəti zorakılığa təhrik sayıla bilər.

Qarşı tərəfin zorakılıqla bağlı fikrini bilmək vacib şərtdir. Məsələn, bir kişi gözünü açandan görür ki, atası anasını döyür, söyür. Yəni, şiddət onların həyatının normasına çevrilib. “Dədəm arvadını döyübsə, mən də döyürəm”, -  düşüncəsi ilə hərəkət edir. Ana deyir ki, arvad döyülməlidir. Onda da həmin şəxs düşünür ki, belə etsə, kişi kimi nüfuzlu olacaq. Bəlkə də döyməyə həvəsi yoxdur, amma bunu mexaniki prosesə çevirib. Bu halda mədəni mühit yaratmaqla şəxsi dəyişmək mümkündür, tez adaptasiya olurlar.

Bir də var, adamın düşüncəsinin zorakı olması. Hansısa qadının uğurunu görmək onun üçün ən böyük faciədir. Qadının güclü olmasını qəbul edə bilmir. Onun üçün qadın zəif məxluqdur, belə də qalmalıdır. Qadını güclü görəndə planlı şəkildə zorakılığa əl atır, bütün alətlərdən istifadə edir ki, onu aşağılasın, uğurunu dəyərsizləşdirsin. Bu adamlar daha təhlükəlidir.

Çox vaxt deyirlər ki, rus qadınlar bizim yaxşı oğlanları tapıb evlənir. Söhbət yaxşı oğlandan getmir. Rus qadın bəri başdan deyir ki, məni vura bilməzsən, vəzifə bölgüsünü düzgün aparır. Nəticədə kişi də onu norma kimi qəbul eləyir. Lazım olanda ev işi görür, uşağa baxır.

- Yəni bizim qadınlar hüquqlarını bilmirlər...

- Bizim qadınlar ifrat fədakarlıq göstərirlər. Bunu sadiqlik kimi qəbul edirlər. Kişini bütün vəzifələrdən azad edir, ailənin yükünü boynlarına götürürlər. Burda yanlışlıq davranışdan, milli mədəniyyətdən qaynaqlanır. Biz kişini həmişə nüfuz olaraq, yanımızda görmək, onu məişət səviyyəsinə endirmək istəməmişik. Daha çox qəhrəman kimi görməyə çalışmışıq. Amma həyat fəlsəfəsi, normalar zamanla dəyişir. Qadın öz istək və arzularını bir kənara qoyub, sadəcə qarşı tərəfin istəklərini yerinə yetirir. Bir gün qadın öz istəyini dilə gətirəndə kişi zorakılığa əl atır, “sən dəyişmisən, əvvəllər belə deyildin, bəlkə başqasını tapmısan” – kimi ittihamlar səsləndirir.

- Sığınacaqdakı qadınların bəziləri ilə söhbətdən belə başa düşdüm ki, əksəriyyəti yardım gözləyir, öz həyatlarını qurmaq haqda o qədər də düşünmürlər...

- Əlbəttə ki, sosial yardımlar edilməlidir, müvafiq dövlət proqramları həyata keçirilməlidir. Amma bunun da bir limiti olmalıdır. Sosial yardım göstəriləndə öhdəlik müqaviləsi bağlanmalıdır ki, məsələn, 1 il ərzində qadın təkcə passiv sosial yardım alıcısı olmamalıdır. Digər proqramlara cəlb olunmalıdır, özünəməşğulluq proqramı kimi. Bu tipli proqramlarda iştirak şərti qoyulmalıdır. Deyilməlidir ki, əks halda yardım kəsiləcək. Həmin qadın da gələcəyini qurmaq üçün addımlar atmalıdır. Kimsə ömrü boyu sosial yardım hesabına yaşamamalıdır. Onu cəmiyyətə qazandırmaq lazımdır. Hansısa kurslara cəlb eləmək, peşə öyrətmək, özünə iş qurmaq üçün avadanlıqla təmin etmək, ehtiyac varsa, istehsal etdiyi malı satmaq üçün yerlər tapmaq və s. nəzərdə tutulmalıdır.

Bu proseslər komleks şəkildə həyata keçirilsə, sığınacaqlar da bu qədər dolmaz. Təbii ki, həyatı təhlükədə olan sığınacağa gələcək. Çünki bəzən elə vəziyyət yaranır ki, qadınlar xilas yolunu ölkədən getməkdə görür. Amma uşqlara sənəd ala bilmədiyi, maddi imkanı olmadığı üçün gedə bilmir. Qorxu içində həyatına davam edir. Məncə, qanunvericiliyi də təkmilləşdirməyə ehtiyac var.

- Son vaxtlar xüsusilə yeniyetmələrin, gənclərin arasında zorakılıq hallarının artması müşahidə olunur. Bəzən bu tipli hadisələrə nəzarətsiz sosial şəbəkələrin, mütəmadi tənqid olunan televiziya verilişlərinin təsirinin olduğu deyilir. Bununla razısınızmı?

- Hər şeyin az da olsa, təsiri var. Bütün məsuliyyəti tək sosial şəbəkələr və ya televiziyaların üzərinə yükləmək olmaz. Uşaqlar var ki, televiziyaya heç baxmır, özünə aid bir çevrəsi yoxdur. Valideyn evdən çölə buraxmır ki, pis adamların əhatəsinə düşməsin. Nəticədə o uşaq ünsiyyət bacarığını itirir, qarşı tərəfə hörmət hissi qalmır. Düşünür ki, hamı ona borcludur, istədiyini edə bilər və qarşı tərəf susmalıdır. Ən vacib məsələlərdən biri mühitdir. “TikTok”a baxanda hərdən düşünürəm ki, bunların hamısında psixoloji problem var. Orda az adam var ki, maarifləndirmə ilə məşğuldur.

Niyə ekranı açıb, qarşısında rəqs eləməlisən? Bəlkə yanlış düşünürəm, amma məntiqi izahını da tapa bilmirəm. Qətiyyən qınamıram o adamları, amma izahını da tapmıram.

Bəlkə kimsə pul qazanmaq üçün edir. Yəni mühit ona gəritib çıxarıb ki, eybəcərlik norma kimi qəbul olunur. O hərəkəti edən də qüsurunu anlamır. Uşaqlar gördüklərini təkrar etməyi sevirlər - yaxşını da, pisi də. Onlar pis nümunə görürsə, ora meyillənir.

Burdan bir misal deyim. Bizdə davranış pozğunluğu olan bir uşaq vardı. Sığınacaqdan qaçdı, digərləri də arxasından getdi. Sanki virus yayıldı. Halbuki ona qoşulub qaçanlar çox rahat uşaqlar idi. İndiyədək neqativ hərəkətlərini görməmişdik. Yəni uşaqlar təsirə tez düşür.

Bir də güc məsələsi önəmldir. Uşağa deyirsən, sən güclüsən. Amma izahını vermirsən. O da bunu lotuluq kimi qəbul edir. İzahsız mesajlar facilərə səbəb olur.

Bəzən hansısa müğənnini televiziyada göstərib, deyirlər ki, erkən nikah qurbanı olsa da, qısa müddətdə özünə villa alıb. Bu, zərərli bir alt mesajdır. Ona baxan hansısa yeniyetmə qızda həvəs yarana bilər axı...

Ümumiləşdirsək, problemlərin səbəbkarı sosial şəbəkələr, tele-verilişlər, ailə münasibətləri, məktəb, mühit, ekologiya, qəbul etdiyimiz qidalar və digər faktorlardır.

m4

- Sığınacağın nə kimi problemləri var? Burda kimisə illərlə saxlamaq mümkün deyil. Sığınacaqdan çıxandan sonra nə olur?

- Əslində bura keçid məntəqəsi olmaldır. Uşaqlarla bağlı məsələ həllini tapmağa başlayır. Cənab Prezidentin təsdiqlədiyi “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda mexanizmlər aydın şəkildə göstərilib. Uşaq sığınacağa yerləşdirilir, bir müddət adaptasiya olur, sonra onu hansısa müəssisələrə aparırlar.

Qadınlarla bağlı vəziyyət isə ürəkaçan deyil. Heç bir yerli İcra Hakimiyyəti sakini ilə maraqlanmır, aidiyyəti qurumlar qadının həyatını dəyişməklə bağlı təkliflər vermir. Sığınacağa düşəndən sonra travmanın dərəcəsinə, təhlükənin qarşısının alınma imkanlarına baxırsan. Bu müddətdə reabilitasiya aparırsan, psixoloq, hüquqşünas, tibbi personal xidmət göstərir.

Bəs sonra? Elə bir mexaizm yoxdur. Olanlarda da çatışmazlıqlar var. Deyək ki, zərərçəkəni rayonuna qaytarır, orada özünəməşğulluq proqramına cəlb edəcəyini bildirir. Amma onun həyatına rayonda təhlükə var axı. Yerli qurumlar bu təhlükəni dəf etməlidir ki, qadın orada yaşaya, işləyə bilsin. Bunlar ardıcıl, sistemli şəkildə həyata keçirilməlidir.

Deyək ki, hər rayonda ildə 50 nəfər zorakılıq qurbanı olsun. Bunları saxlamaq, problemlərini həll etmək mümkündür axı. İcra hakimiyyətləri “Böhran otaqları” yarada, həmin qadınların durumunu daha yaxşı araşdıra bilər. Amma bunların heç biri edilmir.

-Müsahibə üçün sağ olun.

Gülşən Hacıyeva