Ana və uşaq ölümləri, kişilərdə sonsuzluq, cinsi yolla keçən xəstəliklər... – TƏBİB-in şöbə müdiri ilə MÜSAHİBƏ
TƏBİB-in Tibbi xidmətlərin təşkili departamentinin Ana və uşaq sağlamlığı şöbəsinin müdiri, Əməkdar həkim Sevinc Məmmədovanın TNS-ə müsahibəsi.
- Sevinc həkim, qadın-ana sağlamlığı dedikdə nələr nəzərdə tutulur? Hansı problemlərin mövcudluğu artıq qadının sağlamlığını sual altında qoyur?
- Qadın sağlamlığı əhalinin sağlamlığının bir hissəsidir. Burada sağlamlıq Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “yalnız xəstəlik və ya əlilliyin olmaması deyil, tam fiziki, əqli və sosial rifah vəziyyəti” kimi müəyyən edilir. Bura reproduktiv, hormonal, menopauzal, süd vəzi və daxili orqanların onkoloji cəhətdən sağlamlığı daxildir. Bir də yeniyetmə sağlamlığı bu sıradadır.
Bir sıra xəstəliklər qadın sağlamlığının pozulmasına səbəb ola bilər. Bunlara cinsi yolla keçən xəstəliklər, daxili və xarici cinsiyyət üzvlərinin kəskin və xroniki xəstəlikləri, xərçəngönü xəstəliklər, bəzi dəri-zöhrəvi xəstəliklər, xoşxassəli və bədxassəli şişlər aiddir.
- Dünyada hər gün təxminən 830 qadın hamiləlik, doğuş zamanı və doğuşdan sonrakı dövrdə rast gəlinən ağırlaşmalar səbəbindən ölür. Hazırda ölkəmizdə bu sahədə vəziyyət necədir?
- Hazırda əvvəlki illərlə müqayisədə bu sahədə müəyyən irəliləyişlər müşahidə edilir. Belə ki, 5-10 il öncə ekstragenital səbəbdən 19-20 ana vəfat edirdisə, cari ildə bu rəqəm 14 nəfərə kimi azalıb. Antenatal xidmətin təkmilləşdirilməsi, ölkə üzrə patronaj xidmətinin tətbiqi, qadınlarda hamiləlikdən öncə xəstəliklərin aşkarlanıb müalicə olunması, hamiləlik zamanı hər bir qadına individual və kompleks yanaşma nəticəsində bu azalmaya nail olunub. Lakin bəzi hallarda qış aylarında relyefi əlverişsiz olan ərazilərdə yaşayan qadınların tibb müəssisələrinə mütamadi müraciətlərinin azalması, erkən nikah nəticəsində hamilə qadınların antenatal xidmətdən məqsədyönlü şəkildə yayınması, hamilə qadınların pərakəndə şəkildə bir neçə həkim-ginekoloqa müraciət etməsi kimi problemlər olur. Eləcə də bəzi somatik xəstəliklərin gizlədilməsi və onların vaxtında profilaktikasının aparılmaması nəticəsində hamiləliyin gedişinin ağırlaşması, həkim tərəfindən təyin edilmiş dərman preparatlarının təyinat üzrə qəbul edilməməsi, həyat keyfiyyətinin azalması, xroniki stresslər, şəxsi perspektivlərin qeyri-müəyyənliyi və bu kimi səbəblər rəqəmlərin daha da azalmasına mane olur.
- Qadın sağlamlığının qorunmasına hansı yaşdan başlanılmalıdır? Ölkəmizdə bu sahədə vəziyyəti necə qiymətləndirmək olar?
- Qadın sağlamlığının qorunmasına erkən yaşlardan başlanılmalıdır. Alimlərin fikrincə, sağlamlığın pozulmasında 50 faiz həyat tərzinin, 20 faiz genetikanın, 19 faiz sosial və ətraf mühit amillərinin, 11 faiz isə səhiyyə xidmətinin payı var. Bunun üçün hər bir yeniyetmə qız 15 yaşından ildə bir dəfə həkim-ginekoloq və terapevt müayinəsindən keçməlidir. Reproduktiv yaşlı qadınlar hər altı aydan bir profilaktik müayinə olmalıdırlar. Ehtiyac olduqda həkim təyinatı ilə klinik-laborator və instrumental müayinələrdən keçərək, sağlamlığında hər hansı problem aşkarlanarsa, mütləq müalicə olunub, müalicədən sonra reabilitasiya kursunu keçməlidir. Bu gün ölkəmizdə İTS-nin xidmətlər zərfinə daxil olan tibbi xidmət göstərmək ücün TƏBİB tabeli tibb müəssisələri müvafiq tibbi avadanlıqlar və ləvazimatlarla təchiz olunub. Vətəndaşların bu xidmətlərdən yararlanması üçün geniş imkanlar yaradılıb.
Hamiləlik zamanı düzgün qidalanma, kiçik yaşlarından düzgün inkişaf etmə, tibbi-sanitar maariflənməyə əlçatanlığın olması, zərərli vərdişlərin olmaması, spirtli içkilərin istifadə edilməməsi, aşağı fiziki aktivliyin aradan qaldırılması kimi faktorlar qadın sağlamlığının təməlidir.
- İnkişaf etmiş ölkələrdə perinatal ölüm nisbəti mində 8-10, inkişaf etməkdə olan ölkələrdə mində 30-40 və ya daha çox yüksəkdir. Ölkəmizdə hazırda bu rəqəmlər necədir?
- Bu istiqamətdə də irəlləyişimiz var. 2000-ci ildə 1896, 2011-ci ildə 1903, 2015-ci ildə 2033 bütün səbəblərdən 1 yaşadək ölən uşaq olmuşdusa, 2022-ci ildə artıq bu rəqəm 959 nəfərə kimi azalmışdı. Araşdırma zamanı bunların 46-nın infeksion və parazitar xəstəliklərdən, 121-nin tənəffüs sistemi xəstəliklərindən, 392-nin perinatal dövrdə meydana çıxan hallardan, 91-nin anadangəlmə anomaliya və inkişaf qüsurlarından, 6-nın travmalardan və zəhərlənmələrdən öldüyü məlum olub.
- Hazırda körpələrin ana südü ilə qidalandırılması neçə faiz təşkil edir? Uşaq qidası, eyni zamanda ana südünün paralel olaraq verilməsi körpələrin həzm sistemində hansı çətinliklər yarada bilir?
- Dövlətimiz tərəfindən ana südü ilə qidalandırmanın əhəmiyyəti və mühafizəsi daim diqqət mərkəzindədir. Ana və uşaq sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2022-ci illəri əhatə edən Dövlət Proqramı, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda körpələrin ana südü ilə qidalanmasının əhəmiyyətinə və süni qida məhsullarından istifadənin sağlamlıq üçün risklərinə dair təbliğat işinin təşkili üçün bütün səhiyyə strukturlarının bir arada fəaliyyəti nəzərdə tutulub. Strategiyanın əsas məqsədi Azərbaycanda uşaqların müdafiə sistemini Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə və BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın prinsiplərinə tam uyğunlaşdırmaq, ölkəmizdə yaşayan bütün uşaqlar üçün bərabər imkanlar yaratmaq, onların maraqlarını qorumaqdan, dövlət qayğısına ehtiyacı olan uşaqların hüquqlarını daha səmərəli müdafiə etməkdən və onlar üçün müasir tələblərə uyğun sosial dəstək xidmətlərini təmin etməkdən ibarətdir.
Dövət Proqramına uyğun olaraq, 2021-ci ilin sentyabr ayından etibarən TƏBİB və UNICEF-in birgə təşkilatçılığı ilə TƏBİB nəzdində doğuşayardım xidmətini həyata keçirən müəssisələrdə "Körpə Dostu" Klinikası təşəbbüsü altında “Ana südü ilə qidalandırmağa doğru on addım” adlı layihəyə start verilib. Layihənin əsas məqsədi ana südü ilə qidalandırmanın mühafizəsi, təşviqi və dəstəklənməsi, tibb müəssisələrində süni qida məhsullarının verilməsinə son qoymaq, süni qidaların ana südünə nisbətdə fərqini tibbi heyətə çatdırmaq, ilk 6 ay ərzində yalnız ana südü ilə qidalanan uşaqların sayını artırmaqdan ibarətdir.
Son illərdə ölkəmizdə ana südü ilə qidalandırılma faizində nisbətən azalma müşahidə olunur. 2021-ci ildə 1 yaşa qədər uşaqlar arasında ana südü ilə qiadalandırma 42,5%, 2022-ci ildə isə 38,2% olub. Ana südü ilə qidalandırılmanın təşviqi üçün TƏBİB UNICEF-in Azərbaycan nümayəndəliyi ilə beynəlxalq əməkdaşlıq çərçivəsində “Ana südü ilə uğurlu qidalandırmaya doğru on addım” adlı təlimlər təşkil edib. 20 tibb müəssisəsində 500-ə yaxın tibb işçisinə təlimlər keçirilib. TƏBİB tabeliyində olan 10 müəssisə “Körpə Dostu" Klinikası nişanı alıb. 2 tibb müəssisəsində isə "Ana südü ilə qidalandırmaya doğru on addım" təşviqi ilə əlaqədar işlər aparılmaqdadır.
Ana südü ilə qidalanma hər bir halda eksklüziv olaraq 6 ay ərzində davam etdirilməlidir. Bu həm ana, həm də uşaq sağlamlığı üçün çox önəmlidir.
- Kişilər arasında sonsuzluq göstəricisinin getdikcə artması ilə bağlı fikirlər irəli sürülür. Ümumiyyətlə, bu sahədə - sonsuzluqla bağlı göstəricilər hansı səviyyədədir. Təsir göstərən səbəblərdən hansıları sadalaya bilərsiniz?
- Bu məsələ ilə əlaqədar Azərbaycanda statistik məlumatlar, təəssüf ki, toplanmır. ÜST-ün 2022-ci ildə dərc etdiyi klinik protokola əsasən, kişi sonsuzluğunun 16 əsas səbəbi mövcuddur. Bunlardan 30-80%-i “oksidativ stress səbəbindən yaranan kişi sonsuzluğu”nu qeyd etmək istərdim. Bununla yanaşı, vaxtında aşkarlanmamış və lazımi müalicə olunmamış bir çox iltihabi xəstəliklər də kişi sonsuzluğuna səbəb olur.
Sonsuzluq anadangəlmə və ya qazanılmış xəstəliklər nəticəsində yaranmış sekretor sonsuzluq, spermatozoidlərin hərəkətliliyinin anadangəlmə və ya qazanılmış pozulması nəticəsində ekskretor sonsuzluq, immunoloji sonsuzluq, idiopatik sonsuzluq kimi təsnif olunur. Yeniyetmə və gənc oğlanlar, eləcə də kişilər mütəmadi olaraq ildə bir dəfə həkim-uroloqun müayinəsindən keçməlidirlər. Xəstəliklər aşkarlananda mütləq şəkildə tam həcmdə müalicə olunmalıdırlar. Adətən, sadə müayinə üsulları ilə sonsuzluğa gətirən bir çox patologiyaları aradan götürərək, gənc oğlanlara sağlamlığı və ata olmağı bəxş etmək olur.
- TV, sosial media üzərindən qadınların reproduktivlik göstəricisinin artırılmasına xidmət edən həkimlər və müalicə üsulları reklam olunur. Bu sahədə olan risklərlə bağlı nə deyə bilərsiniz? Eləcə də istənilən şəraiti olmayan xəstəxanalarda süni mayalanmanın yarada biləcəyi fəsadlar barəsində...
- Bildiyim qədər, televiziyalarda bu yönümlü reklamlar qadağandır. Hesab edirəm ki, yaxşı həkimin reklama ehtiyacı yoxdur. Hər hansı yeni yaranmış xidməti, istismara yeni verilmiş xəstəxananı, yeni tibbi texnologiyaları, əhalinin maariflənməsinə yönəlmiş videoçarxları, risklərlə bağlı maarifləndirmə verilişlərini reklam etmək lazımdır. Süni mayalanmaya gəldikdə isə bu xidmət növü xüsusi lisenziyası olan müəssisədə bu sahədə ixtisaslaşmış həkim-mütəxəssis tərəfindən icra olunmalıdır. Bu müalicə növünün də özünəməxsus fəsadlaşmaları olur. Məsələn, EKO-ya hazırlıq dövründə yumurtalıqların hiperstimulyasiyası zamanı ağır nəticələr kimi hiperstimulyasiya sindromu, ağır formada ayaq və ağciyərlərdə tromb əmələ gəlmə riski, psixi pozulmalar, vaxtından əvvəl dərin yetişməmiş uşaqların doğulması kimi fəsadlara tez-tez rast gəlinir. Bundan əlavə, yumurtalıqların hiperstimulyasiyası mioma və kistalara səbəb ola bilər. Qəbul olunmuş yüksək dozada hormonal terapiya ciddi hormonal pozuntularla, yumurtalıqların tükənməsi sindromu ilə, qaraciyər və böyrək xəstəliklərilə, erkən klimaksla sonlana bilər. Əksər qadınlarda süni mayalanmadan sonra çəki artması, piylənmə, əhvali-ruhiyyənin və emosional fonun pozulması kimi fəsadlara rast gəlinir.
- Son günlər uşaqlar arasında yoluxucu xəstəliklərin yayılması ilə bağlı narahatlıq yaşanır. Ümumiyyətlə, virus xəstəliklərinin bir neçə ildən sonra təkrar çoxalması ancaq peyvəndləmədən kənar qalmaqla əlaqəlidir?
- ÜST əvvəlcədən proqnozlaşdırırdı ki, pandemiya ilə əlaqədar olaraq peyvənd yaşına çatmış uşaqların əksər qismi peyvənddən kənarda qalıb. Post-COVID dövründə immunizasiya zəif aparıldığından əhalinin həssas təbəqəsinin faiz nisbəti artıb, təkcə ölkəmizdə deyil, eyni zamanda Avropada uşaqlar arasında qızılcaya yoluxma halları çoxalıb. Virus xəstəliklərinin növündən asılı olaraq, onların gedişatları, epidemiyaları fərqli olur. Bəziləri, məsələn, qrip kimi mövsümi xarakter daşıyır, bəziləri opportunistik infeksiyalara aid olub, əhalinin immun statusuna bağlı olaraq artıb-azala bilir və s. Qızılca və digər peyvəndlənmə ilə qarşısı alına bilən xəstəliklərdə peyvəndləmə çox önəmlidir.
Aygün İbrahimli