Close

"Bu ölkədə Azərbaycan barədə məlumatsızdırlar" - MÜSAHİBƏ

TNS-in “Xaricdə tələbəlik” rubrikasının növbəti qonağı Cənubi Koreyada təhsil alan həmyerlimiz Zərifə İsmayılovadır.

- Hazırda Cənubi Koreyada hansı ixtisas üzrə və hansı ali məktəbdə təhsil alırsınız?

- Mən GKS təqaüd proqramı ilə Cənubi Koreyanın Seul şəhərindəki “Hankuk University of Foreign Studies”də Koreya tarixi ixtisasında təhsil alıram. İxtisasıma görə düşünürəm ki, Koreyada təhsil alan digər tələbələrlə bir az fərqli durumdayıq. Umumiyyətlə, GKS təqaüdünü almaq üçün ən vacib olan dil biliyidir. Mənim IELTS səviyyəm olmasa da, Koreya dilindən TOPİC-5 səviyyəm vardı. Bu da mənim qəbul olunmağıma çox təsir etdi. Bundan əlavə, ortalama balın və universitetdə oxuyarkən aktiv fəaliyyət göstərməyin təsiri daha çoxdur. Bu təqaüdü almaq istəyənlərə məsləhətim odur ki, dil biliklərini (əsas Koreya dili, sonra ingilis dili) və ortalama ballarını artırsınlar, layihə, tədbirlərdə və s. çox aktiv şəkildə iştirak etsinlər.

t-1

- Cənubi Koreyaya yolçuluğunuz necə başladı?

- Bilirsiniz ki, COVID-19 dövründə viza almaq çox çətin idi. Mən ilk dəfə Koreyaya gələndə viza almağım iki həftədən çox vaxt aparmışdı, o müddətdə karantində qalmışdım. Amma ikinci dəfə Koreyaya gələndə viza demək olar ki, iki günə hazır olmuşdu. Mən növbəti dəfə gələrkən vizam tələbə vizası deyildi. Koreyaya gələn digər dostlarımın da vizası demək olar ki, üç gündə hazır olmuşdu.

t-4

- Məhz Koreya dilinə bu qədər marağınızın səbəbi nədir?

- Bu dilə marağım hələ Cənubi Koreyaya gəlməmişdən 5 il öncə yaranmışdı. Xüsusilə Cənubi Koreyanın mədəniyyətini, dilini, tarixini çox sevirdim. Hazırda mənim üçün Koreya dilini öyrənmək ingilis dilini öyrənməkdən daha rahat və maraqlıdır. Azərbaycanda Koreya tarixi ilə bağlı araşdırmalar o qədər çox olmadığından bu sahə üzrə magistr təhsili almaq istədim. 3 universitetdən qəbul gəlmişdi: CunqAnq, Xarici Dillər Universiteti, Kanqvon Universiteti. Əcnəbi biri üçün Xarici Dillər Universitetinin daha uyğun olduğunu düşündüm və bu universiteti seçdim. Mən səfirlik yolu ilə qəbul olmuşdum. Bu zaman üç universitet seçə bilərdik, ilk iki universitet Seul ərazisində ola bilər, üçüncü isə mütləq bölgələrdə yerləşən universitet olmalıdır. Təqaüd 1300 manatdır (1.000.000 won Koreya valyutası). Bundan başqa, göstəricisi 5 və yuxarı olan tələbələr əlavə 130 manat da alırlar. Koreyada yaşayışın çox baha olmasını nəzərə alsaq, bu təqaüdlə tələbə kimi dolanmaq olur.

t-2

- Təhsil aldığınız ölkənin sizin üçün avantajları nədir? Bu ölkə barədə ümumi təəssüratlarınız necədir?

- Koreya kimi inkişaf etmiş ölkədə yaşamağın üstünlükləri çoxdur. Gözəl təbiəti, mədəniyyət nümunələri, özünəməxsus mətbəxi, tarixi var. Koreyalılar ilk baxışdan çox soyuqqanlı olsalar da, əslində bizim kimi qonaqpərvər, yardımsevər və mehribandırlar.  Amma təəssüf ki, Koreyada bir az irqi ayrı-seçkiliklə rastlaşa bilərsiniz. Bunu isə daha yaşlı nəsilin nümayəndələrinin rəftarında görmək olur. Məncə, bu nüans digər ölkələrdə də belədir.

- Koreya dili və təhsilinizlə bağlı hansısa çətinlikləriniz olurmu?

t-3

- Yalnız dil bilmək bizə kömək etmir, Koreya tarixini normal oxuyub başa düşmək üçün gərək çoxlu heroqlif öyrənəsən. Bu isə əvvəllər mənim üçün problem idi. Mövzuları tam anlaya bilmirdim.  Daha sonra professorlar və qrup yoldaşlarım mənə kömək oldular. Bu ölkədə tarix ixtisasında təhsil almaq istəyənlərə məsləhətim odur ki, dəfələrlə düşünüb, hər incə detala qədər araşdırsınlar.

-  Bu ölkədə sizi təəccübləndirən nələrsə olubmu?

- Məni bu ölkədə həm təəccübləndirən, həm də məyus edən bir məqam var. Koreyalıların demək olar ki, əksəriyyəti Azərbaycan harada yerləşməsi, necə bir ölkə olması barədə məlumatsızdır.  Ona görə hər dəfə koreyalılarla yeni tanış olarkən, ölkəmizə aid qısa bir izahat verməli oluram.

Söhbətləşdi: Bünyamin Bünyadzadə