Close

“Bunu bacarmayan QHT-nin fəaliyyəti şübhəlidir” - MÜSAHİBƏ

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva TNS-in bağlı suallarını cavablandırıb.

- Bir müddət əvvəl Nazirlər Kabineti Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən QHT-lərin qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydasını, qrant məbləğinin müəyyən edilməsi meyarlarını və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddini təsdiq etdi. Ümumi dəyişikliklər nədən ibarətdir?

- Bu qaydalar üzərində uzun müddət idi ki, iş aparıldı. Nəzərinizə çatdırım ki, ötən illər keçirilən qrant müsabiqələri Agentliyin Müşahidə Şurasının tərtib etdiyi müvəqqəti qaydalar əsasında aparılıb. Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalardan sonra artıq müvəqqəti qaydalar qüvvədən düşür. Bu, gözlənilən idi. Qaydaların işlənilməsi zamanı ötən qrant müsabiqələrində əldə edilmiş təcrübə ətraflı təhlil edilərək nəzərə alınıb, şəffaflıq, obyektivlik, bərabər imkanlar prinsipləri rəhbər tutulub. Ümumi dəyişiklər əsasən, meyarlarla bağlıdır. Belə ki, layihənin QHT-nin nizamnaməsində nəzərdə tutulan fəaliyyət istiqamətlərinə uyğun olması əsas şərtlərdən biri olacaq. Eyni zamanda layihənin icrası ilə bağlı QHT-nin işçi heyəti layihə idarəetmə imkanlarına malik olmalıdır. Bundan başqa, hər qrant layihəsinin öz şərtləri mövcuddur.

- Bəzən qrantlar üçün tələblərin çoxluğundan narazılıq edənlər də olur. Bu tələblərin çoxluğunun səbəbi nədir? 

- İlk olaraq qeyd edim ki, 4 müsabiqə forması var: kiçik, orta, böyük qrant müsabiqələri və səfər qrantı müsabiqəsi. “Kiçik qrant müsabiqəsi” çərçivəsində qalib layihələrə maksimum 15 000 manat, “Orta qrant müsabiqəsi” çərçivəsində maksimum 30 000 manat, “Böyük qrant müsabiqəsi” çərçivəsində isə maksimum 50 000 manat qrant məbləği ayrılacaq. Səfər qrantı üzrə layihələrdə isə maksimum məbləğ 10 000 manatdır. Kiçik qrant müsabiqəsi ilə müqayisədə, orta və böyük qrant müsabiqələrinə müraciət edən QHT-lər üçün daha çox tələblər qoyulub. Bu, təbiidir, çünki həmin müsabiqələr üzrə qrant məbləğləri kiçik qrantlarla müqayisədə 2-3 dəfə çoxdur. Əgər hər hansı QHT dövlət büdcəsindən ayrılmış maliyyəni düzgün idarə edə bilməyibsə, maliyyə öhdəliklərini pozubsa, ona 30 və ya 50 min manatlıq qrant məbləği etibar olunmayacaq. Belə QHT-lər orta və böyük qrant müsabiqələrinə buraxılmayacaq. Orta qrant müsabiqələrində iştirak üçün daha bir şərt layihə təqdim edən QHT-nin müvafiq olaraq son 3 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10 informasiyanın media subyektlərində yayılmasıdır. Böyük qrant məğləblərində bu tələblər müvafiq olaraq, 5 il ərzindəki müddəti və azı 20 informasiyanın media subyektlərində yayılmasını nəzərdə tutur. Əgər hər hansı QHT barəsində son 3 və ya 5 il ərzində ictimaiyyət ciddi mediada heç 10, 20 informasiyaya rast gəlməyibsə, onun fəaliyyəti artıq şübhəlidir, onlara orta və böyük qrant məbləğləri etibar oluna bilməz.

- Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi xüsusilə regionlardakı QHT-lərin fəaliyyətini aktivləşdirmək üçün hansı işlər görür?

Agentlik olaraq, nəinki paytaxt Bakıda, eləcə də regionlarımızdakı QHT-lərin fəaliyyətlərinə mütəmadi dəstək göstərməkdəyik. Təşkil etdiyimiz müsabiqələrdə, tədbirlərdə, proqramlarda regionlarımızdakı QHT-lər də mütəmadi iştirak edir. Bundan başqa, hər il bir dəfə olmaqla regionlarımızda Agentlik tərəfindən “QHT-lərin İnkişaf və Mübadilə Proqramı” keçirilir.  Bu mübadilə proqramlarında regionlarımızdakı QHT-lər də iştirak edə bilir. Xatırladaq ki, “QHT-lərin I İnkişaf və Mübadilə Proqramı” 2022-ci ilin avqust ayında Mingəçevirdə, “QHT-lərin II İnkişaf və Mübadilə Proqramı” isə cari ilin avqust ayında Naftalan şəhərində keçirildi.

- QHT-lər üçün yeni perspektivlər nəzərdə tutulurmu? Bu ilin sonuna kimi Agentliyin hədəfləri nədir?

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi olaraq, istəyirik ki, Azərbaycanın vətəndaş cəmiyyətinin sərbəst fəaliyyəti üçün hər cür imkanlar mövcud olsun. Agentliyin əsas məqsədi dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılması, onlar üçün əlverişli imkanların yaradılması, öz fəaliyyətində müsbət mənada fərqlənən QHT-lərə daha güclü dəstək olmaqdır. Bu məqsəd isə bizim daimi hədəfimizdir. Bizim hər bir QHT-yə münasibətimiz köməklik, dəstək mövqeyindəndir. Ona görə də vurğulamaq istəyirik ki, QHT-lərə - onların perspektivləri yönündə yeniliklərimiz, şad xəbərlərimiz çox olacaq.

Bünyamin Bünyadzadə