"Böyük Britaniya tələbə dostu deyil, çünki..." - Şotlandiyada təhsil alan həmyerlimizlə MÜSAHİBƏ
TNS-in “Xaricdə tələbəlik” layihəsinin budəfəki qonağı Şotandiyada təhsil alan həmyerlimiz Ətir Quliyevadır.
- Ətir xanım necə oldu ki, Şotandiyada təhsil almağa qərar verdiniz?
- Əslində mənim universitet seçimim bir az qəribə şəkildə olub. Yaşam səviyyəsi yüksək olduğuna görə əvvəlcə Skandinaviya ölkələrindən birində təhsil almağı düşünmüşdüm. Amma müraciət edən vaxt Böyük Britaniya universitetlərinə ərizə qəbulu aktiv idi. Ona görə bura kökləndim. Şotlandiyanı seçmə səbəbim isə Edinburq şəhəridir. Çünki bu şəhərə aşiq idim. Bundan əlavə, Qlazqo Universitetinin kampusu və tələbə həyatının çox rəngarəng olması burada təhsil almağa qərar verməyimə səbəb olub. Hazırda Şotlandiyada “University of Glasgow”da “Education for Sustainable futures in adult, community and youth context” ixtisasında təhsil alıram.
- Şotandiyada təhsil almaq üçün hansı proseslərdən keçdiniz?
- Viza üçün onlayn formada tək Şotlandiya yox, ümumilikdə Böyük Britaniyada təhsil üçün rəsmi “www.gov.uk” saytından faydalanmaq olur. Dərslər tezliklə başlaycağına görə prioritet vizaya müraciət etdim və məni daha tez müsahibəyə çağırdılar. Buna səbəb isə dövlət proqramının keçən il qeydiyyatı gec başlanması idi. Prioritet vizada cavab 5-10 iş günü ərzində çıxır və qiyməti 250 avrodur. Tələbə olaraq gedirsinizsə, əlavə olaraq sizdən “tuberclosis test” istəyəcəklər və bunu da 125 manata Türkiyə-Amerika sağlamlıq mərkəzində verə bilərsiniz. Mən ilk olaraq universitetlərin daxili təqaüdünə müraciət etməyi düşünsəm də, dövlət proqramı sonradan açıldığı üçün onu seçdim.
- Müsahibədən uğurlu keçmək üçün namizədlər nə etməlidir?
- Müsahibə üçün namizədlər bacardıqları qədər özləri danışsınlar və qarşı tərəfə sual verməyə az imkan yaratsınlar. Əgər onlardan ixtisas seçimini və universitet haqqında məlumat istəsələr, mütləq şəkildə universitet vaxtı tədris olunacaq əsas fənləri araşdırıb onlar haqqında ətraflı danışmalıdırlar. Beləliklə, onlar görəcək ki, namizəd hazırlıqsız deyil, ixtisasını tam şəkildə araşdırıb. Sualların bəziləri öncədən təyin olunsa da, digərləri müsahibə əsnasında verilən cavablara əsasən formalaşır.
- Şotlandiya mühitinin və oradakı təhsil sisteminin müsbət və mənfi cəhətləri haqqında nə deyə bilərsiniz?
- Öncə mənfilərlə başlamaq istərdim ki, müsbətlə bitirim. Ümumiyyətlə, Böyük Britaniya etiraz mitinqləri, tətilləri ilə məşhurdur. Ölkənin demək olar ki, bütün sektorlarında işçilər tətillər təşkil edir, eləcə də universitetdə. Keçirilən tətillər də təbii olaraq, təhsilin keyfiyyətinə təsir edir. Bir çox halda həmin tarixə təsadüf edən dərslər ya təxirə salınır, ya da ləğv olunur. Bu tətillər qiymətləndirmə prosesinə də məfi təsir göstərir. Misal üçün, mənim 2 ay 20 gün öncə təhvil verdiyim təqdimat “Marking və assessment” boykotuna görə hələ də qiymətləndirilməyib. Bundan əlavə, tədqiqatım üçün əsas faktlar toplayacağıma görə universitetin etikinə müraciət etməli oldum. Amma məni sözün əsl mənasında süründürdülər və çox gec verdilər. Bu, bir az da şans işidir. Bəziləri 1, yaxud 2-ci cəhddən ala bilir. Məndə 5-ci oldu. Bu səbəbdən son tarixə 2 ay qaldığı üçün tədqiqatımı çox sürətli şəkildə bitirməli olacağam.
Dərslərə gəldikdə, bəzi müəllimlərin dərsində yuxuladığımı xatırlayıram. Çünki dərsi çox monoton tərzdə keçirdilər. Amma həmin halları çıxmaq şərti ilə ümumi dərslərin keyfiyyətindən razı qaldım. Bundan başqa, dərslər çox təcrübə əsaslı yox, teoriya əsaslı keçilir. Davamlı olaraq, teoriya öyrənirsiz və öyrəndiklərinizi demək olar, hardasa tətbiq etməyə fürsət olmur. Magistr proqramlarnın əksəriyyəti 1 il olduğuna görə, artıq universitet təcrübə keçmək yox, elmi iş tələb edir. 2 illik magistr proqramlarında və Erasmus proqramlarında isə təcrübə daha üstünlük təşkil edir. Buna görə də məsləhət görərdim ki, universitetin öz saytında yerləşdirilən və ya universitet xarici təcrübə proqramlarına müraciət edilsin.
Ölkənin mənfi cəhətlərini qeyd etsəm, öncə yol, infrastruktur və nəqliyyat deyərdim. Yollar bərbad vəziyyətdədir, çox tez aşınır. Buna görə yağış və s. sonrası iri gölməçələr yaranır. Hər yer il boyu təmirdə olur. Bundan başqa, avtobus intervalı çox gecdir və bəzən avtobus lövhədə göstərilən vaxtda gəlmir, yaxud ümumiyyətlə, gəlmir. Dərsə çatmağa çalışanda isə bu, çox problem yaradır Avtobus üçün gedişhaqqı çox bahadır. Bir tərəfə gediş haqqı 2.85 avrodur. Yəni siz gün ərzində bir dəfə harasa gedib-gəlmək istəsəniz, 12 manat yol xərci verməli olacaqsınız. Bu da tələbə üçün böyük puldur. Ümumiyyətlə, Böyük Britaniyanın tələbə dostu olduğunu düşünmürəm. Bir çox halda tələbələr və digər insanlar üçün qiymət eynilik təşkil edir, bəzi biletlər və mağazalar istisna olmaqla.
- Bir az da Şotlandiyanın müsbət tərəflərindən danışmağınızı istərdim.
- Şotlandiyanın müsbət tərəfləri də sözsüz ki, var. Şotlandlar şimal xalqı olmasına baxmayaraq, mehriban və köməksevər insanlardır. Yaşadığım 10 ay boyunca hansısa şotlanddan mənfi münasibət görməmişəm. Hətta yolda yaxınlaşıb nəsə soruşsanız, sizə canla-başla kömək edirlər. Eləcə də universitet əməkdaşları, müəllimlər, sizə işlərinizdə maksimum dərəcədə köməklik göstərirlər. Hansısa mənfi dönəmdən keçdikdə, özünüzü yaxşı hiss etmədikdə bunu universitet rəhbərliyinə rahat şəkildə bildirə bilirsiniz. Sizə özünüzü yaxşı hiss etməyiniz üçün hər şərait yaradırlar.
Universitetimiz möhtəşəm korpus, kitabxana və tələbə mərkəzindən ibarətdir. Binalardakı avadanlıqları və s. çox əladır. Tələbələrin rahatlığı üçün hər şey təşkil olunub. Müəllimlər maksimum dərəcədə tələbələrin dərsdə öz fikirlərini səsləndirməsinə və iştirakına şərait yaradırlar. Mühit elə qurulub ki, heç kəs sual verməkdən çəkinmir və ya özünü savadsız, lazımsız hiss etmir. Əslində bir çox mənada inkluziv təhsilin tələbləri ödənir. Dərsdə mütləq şəkildə tələbələr arasında fikir mübadiləsini təmin etmək məqsədi ilə qrup diskussiyaları və əlavə fəaliyyətlər olur. Bir neçə yuxuladığım leksiyanı çıxsaq, bütün dərslərdə zövq alaraq iştirak etmişəm.
Digər müsbət cəhət tələbələrin universitetdənkənar fəaliyyətidir. Sizin universitetdənkənar aktivliyinizi təmin etmək üçün müxtəlif tələbə cəmiyyətləri təsis olunur, konfranslar, tədbirlər keçirilir. Pulsuz şəkildə bunlara qoşulub şəbəkələşmənizi genişləndirə və yeni şeylər öyrənə bilərsiniz.
- Sizdən başqa olduğunuz şəhərdə azərbaycanlı tələbələr varmı?
- Mən hazırda buradakı azərbaycanlı dostlarla yaratdığımız Azərbaycan cəmiyyətində katib vəzifəsindəyəm. Univeristetdən kənardakı fəaliyyətlərimiz bizə akademik il sonu veriləcək olan transkriptdə öz əksini tapır. Növbəti çox razı qaldığım məqam isə universitet portalıdır. Portalda bir tələbə kimi bizim əsas fənlərimiz, qiymətləndirmə və s. onlarla rəsmi sertifikatlı pulsuz kurslar var. CV yazmaqdan tutmuş akademik yazıya qədər bir çox kurs bizə həm yeni məlumatlar öyrənməkdə, həm də gələcək işimiz üçün uğurlu namizəd kimi formalaşdırmaqda çox kömək edə bilər.
Söhbətləşdi: Bünyamin Bünyadzadə