Close

23:01
26 Dekabr 2024

Anar Əsədli: “Azərbaycanda uzun illərdir, gözü, qulağı Kremldə olanların...” - MÜSAHİBƏ

Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli TNS-ə müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Anar bəy əvvəla vaxt ayırıb bizə müsahibə verdiyiniz üçün sizə təşəkkür edirik. Bu gün sizinlə dünya və ölkə gündəmini müzakirə edəcəyik. Əvvəlcə bu gün dünyanın ən önəmli məsələsi olan Rusiya-Ukrayna müharibəsindən danışaq. Rusiya Ukraynaya niyə hücim etdi, bu müharibə olmaya bilərdimi və proseslər hansı sonluğa aparacaq?

"Bunun ən üstün tərəfi odur ki, bir demokratiya savaşı gedir. Əslində bu, Rusiya-Ukrayna savaşı deyil. Bu, avtoritarizmlə demokratiyanın savaşıdır. Hesab edirəm ki, bu savaşdan bütün hallarda Ukrayna xalqı qalib çıxacaq".

Bu gün əksər siyasi şərhçilər, politoloqlar Rusiya-Ukrayna müharibəsini çox şərh edirlər. Bu savaş olmaya bilərdimi sualı ətrafında da müzakirələr aparılır. Düşünürəm ki, uzun illər idi postsovet ölkələrində belə bir savaşa doğru yol gəlinirdi. Belarusda son seçkilərdə bu, qabaraq şəkildə ortaya çıxdı. Amma Avropanın Putin Rusiyası ilə qarşıdurmaya getmək istəməməsi bu prosesi Belarusdan Ukraynaya keçirdi. Nə baş verirdi?

Sovetlər Birliyi dağıladan, birliyin tərkibindəki dövlətlər öz müstəqilliyini əldə edəndən sonra müəyyən ölkələr qanlı münaqişəyə sürükləndilər. Eləcə də, Azərbaycan və Ermənistan Qarabağ münaqişəsinə sürükləndi.

anaresedli-4

Soverlər Birliyi dağılandan sonra Baltikyanı 3 ölkəni Avropa öz sərhədləri içərisinə aldı. Yerdə qaldı 12 ölkə. O zamankı Yeltsin Rusiyası ilə Qərbin bir anlaşması olmuşdu ki, Rusiya öz sərhədləri daxilində siyasətini müstəqil Rusiya adı ilə həyata keçirsin. Bundan sonra Müstəqil Dövlətlər Birliyi quruldu. Təssəvvür edin ki, Rusiyanın şovinist xisləti və imperialist siyasəti hətta öz qurduğu, öz layihəsi olan Müstəqil Dövlət Birliyində də özünü göstərdi. Bu günə qədər baş verən hadisələr sübut etdi ki,  Rusiya hər hansı bir hüquq tanımır, bütün beynəlxalq hüquqlara tüpürür. Rusiya Müstəqil Dövlətlər Birliyini ilk olaraq Ukrayna və Belarusla qurmuşdu. Sonra Gürcüstan, Moldova və digər ölkələr ora qoşuldu. Rusiya özü qurduğu birliyin üç ölkəsinə - Ukraynaya, Gürcüstana və Moldovaya soxulub. Özü deyir ki, burdakı dövlətlərin müstəqilliyni, ərazi bütövlüyünü tanıyıram, müdaxilə yol verilməzdir. Amma Moldovada Dnestryanı, Gürcüstanda Osetiya və Abxaziya problemlərini çıxarıb, Ukraynada qanlı münaqişə yaradıb. Orta Asiyanı isə fərqli şəkildə öz əlində saxlayır.

Son 30 ildə proses ona doğru getdi ki, bu ölkələr güclənməyə başladı. Məsələn, indi Azərbaycan 1992-1993-cü illərin Azərbaycanı deyil. Bu ölkələr kifayət qədər gücləndi, bu cəmiyyətlərdə ictima-siyasi təfəkkürün və yeni nəslin nümayəndələri ortaya çıxmağa başladı, nəsil dəyişimi baş verdi. Bu proses keçmiş Sovetlər Birliyinin tərkibində olan bütün ölkələrdə getdi. Təbii ki, regionda Rusiyanın və Qərbin öz maraqları var idi.  Bu proses getdikcə ona gətirib çıxardı ki, ölkələr artıq gerçək gücləri əsasında müstəqilliklərini gerçək müstəqilliyə çevirmək istədilər. Ona görə də Rusiya ilə problemlər yaşandı.

Açıq etiraf edək ki, Putin avtoritar və diktator şəxs olaraq, son 30-40 ilin ən güclü siyasi liderlərindən biridir. Ancaq Putin gücləndikcə Rusiya çökməyə başladı. Rusiyanın elmi tərəqqisi yox, texnoloji inkişafı yox, iqtisadiyyatı zatən çökür. Ancaq Rusiya təbii sərvətləri ilə ayaqda dururdu. Bu ölkə kifayət qədər zəngin enerji resurslarına malikdir. Rusiya dünyada yeganə dövlətdir ki, su problemi yoxdur. Bu gün ən ciddi təhlükəsizlik məsələlərindən biri də su məsələsidir. Amma bunlar da bir yerə qədərdir.

Yeni nəslin yetişməsindən sonra bu dövlətlər artıq başladılar bölgədə özlərini müstəqil aparmağa. Bu ölkələrə Rusiyanın iki təhdidi var – bölücü, separat, etnik münaqişələr və lokal müharibələr. Proseslər bir savaşa gətirib çıxarmalı idi. Genişmiqyaslı müharibə Ukraynada baş verdi. Niyə? Ona görə ki, Ukrayna çox önəmli ölkədir. Ukrayna bir Avropa ölkəsidir və Avropanın qapısıdır. Ukrayna slav xalqıdır. Bu, çox ciddi bir məsələdir. Təbii ki, Ukraynanın tam gücü ilə müstəqil olması, xalqın bütövləşməsi, şərqinin və qərbinin bir araya gəlməsi, Avropa ailəsinə qoşulmaq prosesinin sürətlənməsi Rusiya üçün ciddi bir qorxu yaradırdı. Niyə qorxu yaradırdı? Çünki unitar dövlət deyil, federativ dövlətdir, xalqların dövlətidir. Avtoritar rejim, diktatura var, Putin idarəetməsi var. Bu, təbii ki, qorxulu idi. Bütün bunlar Rusiya-Ukrayna müharibəsini qaçılmaz edirdi. Sizə bəlkə də təzadlı görünə bilər. Onu da deyim ki, Rusiya bu müharibəni istəmirdi. Bu müharibəni Avropa da istəmirdi. Düzdür, Rusiya özü üçün başqa yol görmürdü. O zaman Rusiyada demokratik dəyişiklik olmalı idi. Ona da Putin getməzdi. Ya da ki, Putin bu müharibəyə getməli idi. O baxımdan düşünürəm ki, bu müharibə daha çox ABŞ-a sərf edirdi. Həm son 30 ildə bir qədər güclənmiş Avropa ölkələrini laxlatmaq, öz nəzarətinə qaytarmaq, Avropaya demək ki mənə hər zaman ehtiyacın var, həm də Rusiyanı çökdürmək ABŞ-ın marağında idi. Bu müharibə ABŞ-ın xaricində birbaşa və dolayısı ilə bütün bölgə ölkələrinə ciddi təsir edir. Demək istədiyim odur ki, çox ciddi bir dönəmə girmişik. Bunun ən üstün tərəfi odur ki, bir demokratiya savaşı gedir. Əslində bu, Rusiya-Ukrayna savaşı deyil. Bu, avtoritarizmlə demokratiyanın savaşıdır. Hesab edirəm ki, bu savaşdan bütün hallarda Ukrayna xalqı qalib çıxacaq. Gələcəyə hesablanmış bir fikir söyləyəndə mütləq tarixə baxmaq lazımdır. Tarixdə elə bir imperialist dövlət olmayıb ki, o, hansısa xalqı mütləq işğal eləsin. Ümumiyyətlə, mütləq işğal anlayışı yoxdur. Bu proses müvəqqəti ola bilər. Çünki xalqı işğal edə bilməzsən. Bu, mümkün deyil.

Bu savaşın taleyini Qərbin sanksiyaları həll edə bilməz. Doğrudur, onların da özünün oynadığı rollar var. Ancaq Rusiyanı bir-iki aya sanksiya ilə çökdürmək mümkün deyil. Bu, uzunmüddətli prosesdir. Görürsünüz, verdikləri mesajlarda da əsas mahiyyət ondan ibarətdir ki, müharibə uzansın. Müharibə uzandıqca Rusiya çökə bilər. Rusiya bu qədər yeraltı və yerüstü sərvətlə iki həftəyə çökən deyil ki. Bu savaşın nəticəsi olaraq, demokratiya qalib gələcək. Bunun başqa yolu yoxdur. Mən başa düşürəm, Azərbaycanda da uzun illərdir, gözü, qulağı Kremldə olanların Rusiyanın məğlubedilməzliyi ilə bağlı təbliğatları var. Amma bu savaş göstərdi ki, Rusiya mifi ortadan qalxır. Bu müharibədə və bu savaşdan öncə bizim Vətən müharibəsində Rusiya hərbi sənayesi haqqında illərdir, formalaşdırılan mif darmadağın oldu. Türk zəkasının, bir Bayraktarın ortaya çıxması Rusiya hərbi sənayesinin mühəndislərinin nə qədər geridə qaldığının göstəricisidir. Biz hesab edirik ki, demokratiya qalib gələcək, Ukrayna xalqı bu müharibədən qalib çıxacaqdır. Bu nə pafosdur, nə də Ukraynaya olan duğusal sevgidən irəli gələn fikirdir.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  çıxışlarında deyib ki, Rusiyadan da, Ukraynadan da vaz keçə bilmərik. Rusiyanın çökdüyü bir dövrdə bu ölkə Türkiyənin nəyinə lazımdır? Türkiyə nəyə görə belə balanslı siyasət həyata keçirir? Fikrinizcə, digər Avropa ölkələrindən fərqli olaraq, Türkiyənin Rusiya ilə münasibətlərini isti saxlaması Prezident Ərdoğanın Qərbdən istədiklərini almaq üçün təzyiq vasitəsidirmi?

anaresedli-3

Əvvəla, Ukraynanın ərazi bütövlüyü, suverenliyi ilə bağlı Türkiyə birmənalı mövqe sərgiləyir. Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər ki, onlar bu savaşda Ukraynanın yanındadırlar. Amma Rusiya ilə bağlı sizin dediyiniz kimi, ehtiyatlı davranışlar, balanslaşdırılmış siyasət yürüdülməsi ilə bağlı onu demək istəyirəm ki, xalqlar hiss və həyacanı ilə, dövlət ağlı ilə hərəkət edir. Hesab edirəm ki, burda bir dövlət ağlı məsələsi var. Biz küçəyə çıxa, “Yaşasın Ukrayna” deyə bilərik. Çünki dövləti məsuliyyətimiz yoxdur, siyasi məsuliyyətimiz var, demokratiya məsuliyyətimiz var. Dövlət isə bu məsələlərə dövlət ağlı ilə yanaşmalıdır. Bu, siyasi hakimiyyət yanaşması deyil, dövlət yanaşması məsələsidir. Türkiyə son illərdə dünyada super bir gücə çevrilir. Super gücün müasir dövrdə 3 əsas elementi var. Türkiyə bunları artıq həll etməyə doğru gedir. Birincisi, öz ərazisini havadan, qurudan və dənizdən öz hərbi sənayesi ilə qorumaq imkanlarının olmasıdır. Siz təsəvvür edin ki, biz Rusiyadan helikopter alırıq və Rusiya istədiyi vaxt onu burda düşürə bilir.

- Nümunəsi varmı?

Nümunələri var. Çünki pult onun əlindədir. Ancaq Türkiyə pultu heç kimin əlində olmadan özünü havadan, sudan və qurudan gələn təhlükələrdən qoruyur.

İkincisi, modern dövrün savaşlarında tranzit yol, dəhliz məsələsi çox böyük rol oynayır. Türkiyə bu gün bölgədə tək daşıyıcılardan biridir. Ay yarım bundan əvvəl Amerikada bir görüş oldu. Onu ilk biz dilə gətirdik. Amerikada Türkiyə, Azərbaycan, İsrail, Qazaxıstan, Türkmənistan, Özbəkistan səfirləri bir araya gəldi. Bu görüş haqqında təfərrüatlı məlumat verilmədi. Təhlil edəndə aydın oldu ki, Amerika Avropanı Rusiyanın qaz asılılığından qurtarmaq üçün səylər göstərir.

- Avropa Rusiyanın qaz asılılığından necə xilas edilə bilər?  

"Türkiyə NATO-nun, Qərbin ona münasibətini bildiyindən, bir qədər gücləndikcə digər ölkələrlə əməkdaşlıq məsələlərində ağıllı hərəkət edir. Transxəzər məsələsinə Rusiya ciddi maneə ola bilər. Bu layihəyə Rusiyanın maneçiliyini tamamilə aradan qaldırmaq üçün Türkiyənin bu məsələlərdə tutduğu mövqe doğru mövqedir".

ABŞ özü Avropaya qaz verə bilmir, bu, mümkün deyil. İsrail Avropaya qaz verə bilmir. Sıxılma qaz verirlər ki, o da çox baha başa gəlir. Nə ABŞ, nə də İsrail öz enerji mənbələrini Avropaya sata bilir. Azərbaycan Türkiyə vasitəsilə sata bilərmi? Bəli. Amma tələbatın neçə faizini ödəyə bilər? Çox az. Deməli əlavə enerjiyə ehtiyac var. Əlavə enerji isə Qazaxıstandan, Türkmənistandan və Özbəkistandan alına bilər. Bunlar böyük enerji ehtiyatlarına malik olan ölkələrdir. Bu ölkələrin isə Avropaya çıxışı yoxdur. Onlar Xəzər üzərindən Azərbaycana çıxa bilir. Azərbaycandan alınan bu enerji mənbələrini isə Türkiyə daşıya bilir. Türkiyə bu baxımdan kilit nöqtədir. Ona görə də Türkiyə bütün bu gücü əlində toplaya bilməsi üçün dövlət ağlı ilə müəyyən addımlar atmalıdır. Türkiyə başa düşür ki, o, NATO ölkəsi olsa da, belə super gücə çevrilməsi NATO-nu narahat edir. ABŞ-ın da, Avropanın da Şərqdə, Cənubi Qafqazda Türkiyəyə çox böyük ehtiyacı var. Onlar bir tərəfdən Türkiyənin güclənməsini istəyirlərsə, digər tərəfdən o qədər də güclü olmasını istəmirlər. PKK terror təşkilatını yaradıb 30-40 ildir nəyin savaşını aparırlar? Həm Türkiyəyə deyirlər ki, bölgədə sənə ehtiyacımız var, Qafqaza girməlisən, Qafqazı Rusiyanın əsarətindən qurtarmalısan, həm də Türkiyənin güclü olmaması üçün onun başını Suriyadakı, İraqdakı problemlərlə qatmağa çalışırlar.  Türkiyə NATO-nun, Qərbin ona münasibətini bildiyindən, bir qədər gücləndikcə digər ölkələrlə əməkdaşlıq məsələlərində ağıllı hərəkət edir. Transxəzər məsələsinə Rusiya ciddi maneə ola bilər. Bu layihəyə Rusiyanın maneçiliyini tamamilə aradan qaldırmaq üçün Türkiyənin bu məsələlərdə tutduğu mövqe doğru mövqedir.  Fakt odur ki, Türkiyə Ukraynaya hər cür dəstək verir, yardım göstərir. Türkiyənin istehsalı olan Bayraktarlar Rusiya-Ukrayna müharibəsində mühüm rol oynayır. Fikrimcə, Türkiyə çox ağıllı siyasət həyata keçirir. Bu davranışlarla Rusiyaya deyir ki, onu Qərblə uzlaşdıra biləcək tək ölkə Türkiyədir. Heç kim heç kimə boşuna nəsə eləmir. Türkiyənin bu mövqeyinə görə, Rusiya Transxəzər məsələsində ona güzəştə getməlidir. Beləliklə, Orta Asiya ölkələrinin enerji resursları Azərbaycan üzərindən Avropaya çıxarıla biləcək. Bu baxımdan Türkiyənin bu siyasətini təqdir edirəm. Türkiyənin bu məsələlərdə loyallıq göstərdiyi fikri kökündən yanlışdır. Türkiyə dövlət ağlı ilə kifayət qədər doğru addımlar atır.

anaresedli-5

- Türkiyə ilə bağlı ona görə sual verdim ki, orda baş verən proseslər bizi də maraqlandırır. İndi isə Rusiya-Ukrayna müharibəsinin bizim ölkəmizə birbaşa təsirinə münasibətinizi bildirməyinizi xahiş edirəm. Bildiyiniz kimi, bizim Rusiya ilə müttəfiqlik müqaviləmiz var. Gələcəkdə Rusiyaya tətbiq edilən sanksiyalar onunla əməkdaşlıq edən üçüncü ölkələrə də tətbiq edilsə, Azərbaycan bu sanksiyalardan yayınmaq üçün necə hərəkət etməlidir?

Bu sual bu gün hamımızı düşündürür. Əvvəla onu deyim ki, Rusiya ilə Azərbaycan arasında imzalanan müttəfiqlik bəyannaməsi hələlik parlamentdə ratifikasiya olunmayıb.

- Bu bəyannamə ratifikasiya olunmaya bilər?

Əlbəttə. Bəlkə o bəyannamə parlamentə gələnə qədər ölkədə yeni bir parlament seçkiləri keçiriləcək, milli qüvvələr gələcək və ümumiyyətlə o bəyannaməni yaxına buraxmayacaqlar. Bu bəyannamə parlamentdə ratifikasiya olunmayıbsa, heç bir hüquqi qüvvəsi yoxdur. Heç bir dövlət Azərbaycanı Rusiya ilə münasibətlərinə görə ittiham edə bilməz. Azərbaycanın da Ukraynaya münasibəti ortadadır. Bizim dövlətimiz Ukraynaya dəstək verir. Hesab edirəm ki, Azərbaycan dövləti də bu məsələlərdə Türkiyə ilə saatlarının əqrəbini eyni tutuşdurur. Yəni hər iki ölkə eyni dövlət ağlı ilə hərəkət edir. Ona görə də bu məsələdə Azərbaycan hakimiyyətinin mövqeyini təqdir etmək lazımdır. Heç bir ölkə heç bir hüquqi kriteriyanı əlində əsas tutub Azırbaycanı ittiham edə bilməz. Bu məsələni ortalığa atıblar, bu bir siyasi baxışdır. Azərbaycana da sanksiya tətbiq edilməsini hansısa ölkənin bir siyasətçisi qabarda bilər. Bu baxımdan mən ölkəmiz üçün bir narahatlıq görmürəm.

- Bizim Rusiya ilə ciddi iqtisadi əlaqələrimiz var. Sanksiyalardan sonra Rusiya iqtisadiyyatının aldığı zərbə dolayısı ilə bizim iqtisadiyyatımıza təsir edə bilərmi?

Mən inanmıram ki, Azərbaycan hakimiyyəti ciddi addımlar atıb savaşda yaranan ekonomik böhrandan faydalana bilsin. Əslində, biz bu savaşdan sonra kifayət qədər iqtisadi faydalar əldə edə bilərik. Burda ölkəmiz üçün zərər yoxdur, əksinə faydalanmaq olar. Ancaq hakimiyyət buna hazırdırmı? Və nə qədər təşəbbüskardırlar? Azərbaycanın ən ciddi problemlərindən biri milli kadrların azlığıdır. Milli kadrlar təşəbbüskar və təəssübkeş olmalıdır. Azərbaycanın iqtisadi sahəsində nə qədər belə kadrlar var? Ölkənin bir iqtisadiyyat naziri var, 50 vəzifə daşıyır. Azərbaycan hakimiytətinin iqtisadi qolu bu savaşdan faydalanmağa nə qədər hazırıdır? Əgər buna hazır olsalar, hesab edirəm ki, faydalana biləcək kifayət qədər müsbət tendensiyalar var. Rusiyaya, Ukraynaya investisiya qoyan bizim iş adamlarımız vardır. Mənim üçün maraqlıdır, bizim səfirlərdə və hökumətimizdə o iş adamları ilə bağlı statistik bilgilər varmı? Onlarla bağlı ciddi təhlillər aparılıbmı? İnanmıram. Savaşdan sonra ən azı 10 il lazımdır ki, Ukraynada dağıdılmış şəhərlər bərpa olunsun. Bəlkə həmin iş adamlarının bəziləri qorxub heç Ukraynaya qayıtmaq istəməyəcək. Onları bizim işğaldan azad edilmiş bölgələrə yatırımçı kimi gətirmək olar. Ukraynanın kənd təsərrüfatına investisiya qoyan nə qədər azərbaycanlı var? Hakimiyyətdə bu barədə məlumat varmı? Onları Cəbrayılda, Füzulidə, Zəngilanda kənd təsərrüfatına investisiya qoymağa  cəlb etmək olar.

- Bizim Rusiyada yaşayan milyonlarla soydaşımız var. Onların Azərbaycana qayıtması sosial problemlərin artmasına səbəb olmayacaq?

 "Azərbaycanda bir balaca demokratik rüzgar əsən kimi, deyirlər, amandır imkan verməyin Rusiyadan bir ordu gələcək. O nağıllar bizim nəslə keçmir".

Bu məsələdə də bir mif yaradıblar. Əslində bu mifi Azərbaycan hakimiyyəti yaradıb: Rusiyada 2-3 milyon azərbaycanlı var, onlar vətənə qayıtsa fəlakət olacaq. Elə bir şey yoxdur. Əvvəla o müəyyənləşdirilməlidir ki, bu 2-3 milyonun nə qədəri Rusiya vətəndaşıdır. Onların nə qədəri Azərbaycan vətəndaşı olan azərbaycanlıdır. Onların nə vaxtdan Rusiyada yaşadığı da önəmli məsələlərdən biridir. Təxminən 200 minə yaxın azərbaycanlı vardır ki, 70-80 ildir, Rusiyada yaşayır. Onların Azərbaycana qayıtmaq ehtimalı belə yoxdur. Belə yanlış fikirlə xalqı qorxutmaq lazım deyil. Rusiyada 2 milyon azərbaycanlı yaşayır, ordan Azərbaycana pul göndərir və sair və ilaxır. Boş söhbətlərdir, nağıldır bunlar. Rusiyadan Azərbaycana pul göndərən insanlar var. Ancaq nə qədər pul gönədərirlər? Mənim şəxsən tanıdığım adamlar var ki, Rusiyada yaşayırlar. Onlardan biri 700 dollar əməkhaqqı alır. Onun 200 dollarını özünə götürür, qalanını da ailəsinə göndərir. O gəlib burda özünə iş tapsa, həmin vəsaiti öz ölkəmizdə qazana bilər. Fikrimcə, bu məsələni şişirdiblər. Siyasi texnologiyadır və bundan istifadə edirlər. Mən təklif edirəm ki, ciddi rəqəmlər ortaya qoysunlar. Şəxsən mənə də maraqlıdır ki, Rusiyadan ölkəmizə nə qədər insan qayıda bilər. Mənim yaxın qohumlarım var, Rusiya vətəndaşlarıdır, ruslarla evləniblər, Azərbaycana gəlmək haqqında da düşünmürlər. Həmin 2 milyonun içərisinə onları da daxil ediblər. Axı onlar Azərbaycana gəlməyəcək. Əgər Rusiyada milyonlar qazanıb Azərbaycana göndərirlərsə, o zaman orda bizim güclü bir diasporumuz olmalıdır. İki il bundan əvvəl Azərbaycan insanının Dağıstan sərhədində başına gətirilən oyunları xatırlayın. O vaxt nə Polad Bülbüloğlunun, nə də diasporlarımızın səsi çıxdı. Nə oldu, onda səsləri çıxmır, amma Azərbaycanda bir balaca demokratik rüzgar əsən kimi, deyirlər, amandır imkan verməyin Rusiyadan bir ordu gələcək. O nağıllar bizim nəslə keçmir.

- Bildiyiniz kimi, biz taxılı əsasən Rusiyadan alırıq, qonşu ölkəyə bir sıra kənd təsərrüfatı məhsulları ixrac edirik. Fikrinizcə, bu baxımdan da hansısa problemlərin yaranma ehtimalı varmı?

Azərbaycan taxıl ehtiyacının 30-35 faizini öz daxili imkanları hesabına ödəyir. Azərbaycana taxıl tək Rusiyadan idxal olunmur. Biz Ukraynadan da taxıl alırıq.

- Amma indi Ukraynadan taxıl idxalında problemlər yaranıb.

Mən hesab edirəm ki, Azərbaycan özünün taxıla olan tələbatının böyük bir hissəsini daxili imkanlar hesabına ödəyə bilər. Burda qorxulu bir şey yoxdur. Məsələn, işğaldan azad edilmiş ərazilərdə taxıl istehsalı üçün münbit şərait var və artıq bu istiqamətdə işlərə başlanılıb. Mən bilirəm ki, Zəngilanda bir sıra xarici şirkətlər taxıl yetişdirilməsi ilə məşğuldur. Amma bu proseslər şəffaf olmadığından biz narahatıq. Hesab edirəm ki, o bölgələrdə torpaq islahatı aparılmalıdır. O bölgələrdən olan insanların torpaq payı, varislik hüququ bərpa olunmalıdır. İşğaldan azad edilmiş əraziləri çıxmaq şərtilə Azərbaycanın hər yerində torpaq islahatı aparılıb.

- Ancaq nəzərə almaq lazımdır ki, bizim o bölgələrin imkanlarından istifadə etmək imkanlarımız məhduddur. Çünki mənfur ermənilər bütün ərazilərimizi minalayıblar.

Minadan təmizlənmiş ərazilərimizin həcmi və orda nə qədər taxıl istehsal edilməsi imkanları ilə bağlı məlumatlar dəqiqləşdirilməlidir. Ona görə deyirəm ki, şəffaf deyil. Məsələn, Zəngilanda Türkiyə şirkətləri taxıl istehsalı ilə məşğuldurlar. Bütün bunlar barədə xalqa doğru düzgün məlumat verilməlidir. Bu işləri şəffaf aparmaq lazımdır ki, bu qorxular, yanlış informasiyalar ortadan qalxsın. Düşünürəm ki, Azərbaycan taxıla olan tələbatının 70 faizini öz imkanları hesabına ödəmək potensialına malik olan dövlətdir. Azərbaycan özünü yeraltı və yerüstü sərvətləri ilə öz insanlarını saxlamaq potensialına malik olan ölkələrdən biridir. Ona görə də dünyada baş verən proseslərin bizim ölkəmizdə ciddi fəsadlara səbəb olacağı ehtimalı çox aşağıdır. Bir misal deyim. Məsələn, Türkiyədə istehsal olunan heyvandalıq məhsulları ölkə əhalisinin tələbatını ödəmir. Onlar xaricdən ət alırlar. Türkiyənin 4 dənizə çıxışı var, baqlıq ehtiyacını belə təmin edə bilmir. Çünki əhali çoxdur. Azərbaycanda isə vəziyyət fərqlidir. Bizim yeraltı və yerüstü sərvətlərimiz bizi tam edə bilər. Çünki ölkə əhalisinin sayı o qədər də çox deyil. Yəni bu savaşdan dolayı qida təhlükəsizliyi ilə bağlı hər hansı sıxıntı yaşayacağımızı düşünmürəm.

- Bir az əvvəl qeyd etdiyimiz kimi, biz Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac edirik. Sanksiyalardan sonra bu baxımdan da vəziyyət üzəkaçan olmayacaq. Azərbaycan kənd təsərrüfatı məhsullarını hara ixrac edə bilər? Fikrinizcə, bizim alternativlərimiz varmı?

Azərbaycan bunun satışını Türkiyə üzərindən digər ölkələrə həyata keçirə biləcək. Bu baxımdan da narahat olmağa dəyməz.

- Dünyada baş verən son proseslər – Rusiya-Ukrayna müharibəsi, tətbiq edilən sanksiyalar Rusiyanın zəifləməsinə, sürətlə çökməsinə hesablanıb. Biz mövcud vəziyyətdən istifadə edərək, Rusiyanın bizə daha çox ehtiyacı olduğu belə bir dövdə Qarabağdakı qanunsuz erməni silahlı dəstələrini zərərsizləşdirib bu problemi birdəfəlik həll edə bilərikmi?

"Biz bu coğrafiyada yaşayırıq. Nə biz, nə də onlar burdan köçüb gedəsi deyil. Başa düşürəm, ağırdır, çətindir, soyqırımlar törədilib. Bizim bir yerdə yaşamağımızı ifadə etmək çətindir. Ancaq bizim başqa yolumuz da yoxdur".

Düşünürəm ki, bütün dünyanın başının Rusiya-Ukrayna müharibəsinə qarışdığı bir vaxtda biz bu fürsətdən istifadə etməliyik. Əlbəttə ki, biz belə bir fürsətin olmasına sevinmirik.  Sonucda Ukrayna xalqı əziyyət çəkir, orda mülki əhali qətlə yetirilir. Bu, yaxşı bir fürsət deyil. Ancaq bu hadisə baş verib. Düşünürəm ki, bundan bir an öncə istifadə etmək lazımdır. Müəyyən addımlar atılmalıdır və məlumatlara görə addımlar atılır. Azərbaycanın bir dəfəlik bu problemi həll etməsinin tək yolu Ermənistanla vasitəsiz masdaya oturmasıdır. İki ildir, biz bunu təkrar-təkrar deyirik. Yəni Rusiyanın vasitəçiliyi olmadan bir an öncə Ermənistanla masaya oturulmalıdır. Azərbaycanla Ermənistan arasında gələcəkdə Qafqaz evi ideyası ətrafında vasitəçi Gürcüstan ola bilər ki, bu da onun haqqıdır. Hesab edirəm ki, buna doğru addımlar atılmalıdır, Azərbaycanla Ermənistan arasında təcili sülh sazişi bağlanmalıdır. Sərhədlərin delimitasiya və demarkasiyası həyata keçirilməlidir. Ermənistanın Türkiyə ilə sərhədi tezliklə açılmalıdırr. Ermənistanı, kobud desəm, Rusiyanın qucağından alıb Türkiyənin qucağına oturtmalıyıq. Başqa yolumuz yoxdur. Hazırda Türkiyənin Ermənistanla üçüncü ölkələr üzərindən ticarəti aparılır. Bu zaman Gürcüstan, İran qazanır, Türkiyə itirir. Siyasi güc ticarətdən doğar. Sərhədlər açılandan sonra Türkiyə Ermənistana siyasi və iqtisadi təsir imkanlarına malik olacaq. Erməni cəmiyyəti maşa olmağa meyilli cəmiyyətdir. Rusiyanın zəifliyindən istifadə edib onları Türkiyəyə yönəltməliyik. Biz bu coğrafiyada yaşayırıq. Nə biz, nə də onlar burdan köçüb gedəsi deyil. Başa düşürəm, ağırdır, çətindir, soyqırımlar törədilib. Bizim bir yerdə yaşamağımızı ifadə etmək çətindir. Ancaq bizim başqa yolumuz da yoxdur.

Düşünürəm ki, bu fürsətdən istifadə edərək Ermənistanla sülh müqaviləsi bağlayıb sülhməramlıların nəzarətində olan ərazilərin də taleyini həll etmək lazımdır. Sülhməramlıların burdan çıxarılması üçün hüquqi baza yaradılmalıdır. Bu hüquqi bazanı yaradacaq ən güclü mərkəz Türkiyə və Rusiyanın qurduğu birgə Monitorinq Mərkəzidir. Türkiyənin bu günə qədər apardığı izləmələr yəqin ki, arxivləşdirilib. Həmin arxivləşdirilmiş sənədlərdən istifadə edib hüquqi bazanı yaratmaq lazımdır. Azərbaycanın güc strukturları antiterror əməliyyatı həyata keçirərək qanunsuz eməni silahlı dəstələrini zərərsizləşdirməlidir.

- Sonuncu sual. Şəxsən bu sual mənə ünvanlansaydı, onu cavablandırmaq mənim üçün çətin olardı. İşğal edilmiş və işğaldan azad olunmuş bir bölgəmizdə doğulan insan kimi sizdən soruşmaq istəyirəm. Fikrinizcə, sülh müqaviləsi imzalandıqdan sonra xalqımız ermənilərlə birgə yaşamağa hazırdırmı?

Məhz yeni nəsillər işğal travması yaşamasın deyə, məhz yenidən şəhidlər olmasın deyə, müharibənin travmalarından qurtulmaq üçün yenidən birgə yaşayışın forma və modellərini tapmalıyıq. Dünyada yüz il bir-biri ilə savaş aparan ölkələr var. Qonşuların savaşı da var, barışı da. O modellərdən yararlanmaq lazımıdır. Biz 13-14 yaşımızda o bölgələri tərk etmişik. Həmin bölgələri tərk edən yeniyetmələr çox ciddi travma alıblar. Bunlar bir daha təkrarlanmasın, yaşanmasın deyə biz bu prosesin qarşısını almalıyıq. Mən hər şeyi başa düşürəm. Ermənistan cəmiyyəti 7-dən 77-ə türk etnosuna pataloji nifrət ruhunda böyüdülüb. Mən demirəm ki, biz ağılsız və ehtiyatsız yaşam modeli qurmalıyıq. Amma biz müharibə və qan gölü içərisində də həmişəlik yaşaya bilmərik.

- Müsahibəyə görə sağ olun.

Tural Səfərov