Kora hər yer qaranlıqdır – “Biz neftdən başqa nə istehsal edirik?” deyənlərin menyusuna... - III YAZI
“20 ilin sosial-iqtisadi uğurları” rubrikasında iqtisad elmləri doktoru, professor, sabiq maliyyə naziri Fikrət Yusifovun silsilə yazılarını təqdim edirik. Bu yazılarda Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə qazanılan uğurlara nəzər salınır, reallaşdırılan qlobal iqtisadi layihələrin əhəmiyətindən, ötən dövrdə əhalinin sosial rifahının yaxşılaşdırlması istiqamətində görülən işlərdən bəhs olunur. Bu silsilədən üçüncü yazını təqdim edirik. Birinci və ikinci yazıları bu linklərdən oxuya bilərsiniz.
Azərbaycan iqtisadiyyatının neftlə bağlılığı onun sürətli inkişafını təmin edən əsas amillərdən biridir. Neftə bağlı olan iqtisadiyyatların iki inkişaf yolu mümkündür.
Birinci yol – neft iqtisadiyyatın əsas yükünü öz üzərinə götürür və bir qayda olaraq dominantlıq edir. Bu halda iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı yetərincə əngəllənir və nəticə etibarılə iqtisadiyyat neftin yaratdığı labirintdən çıxa bilmir. Nigeriya, Venesuela kimi neft hasil edən ölkələr bu dediklərimizin bariz nümunəsidir.
İkinci yol - ölkə iqtisadiyyatının neftdən asılılığını qurtarmaq üçün real sektorun üstün inkişafını təmin edən tədbirlər görüb iqtisadiyyatın strukturunu optimallaşdırmaqdır. Bu yol bir neft ölkəsi üçün o qədər də asan deyil. Lakin onu keçilməz də hesab etmək olmaz. Sadəcə bu yolda uğur qazanmaq üçün ortaya düşünülmüş və uzağa hesablanmış bir strategiyanın qoyulması və onun reallaşdırılması lazımdır.
Azərbaycan hökuməti neftin faydalarını, onun iqtisadiyyatın real sektorunun inkişafına təsirlərini və bütövlükdə neftin mümkün perspektivlərini düzgün qiymətləndirərək 20 il öncə iqtisadiyyatın inkişafının ikinci yolunu seçib. Hakimiyyətə gəldiyi ilk gündən “Biz elə yaşamalıyıq ki, sanki neftimiz yoxdur” deyən İlham Əliyev 20 il ərzində bu yolda böyük uğurların qazanılmasına yaşıl işıq yandırıb. “Əsrin müqaviləsi”nin işləmələri əsasında 2007-2008-ci illərdən başlayaraq, ölkəyə böyük neft pullarının gəlməsi ilə iqitisadiyyatın strukturunda neftin xeyrinə ciddi dəyişikliklər baş verib və artıq 2010-cu ildə ölkə iqtisadiyyatının 2/3-si neft sektorunun payına düşürdü. Lakin hökumətin ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində gördüyü tədbirlər nəticəsində ölkə iqtisadiyyatının strukturunda iqtisadiyyatın real sektorunun payı 2023-cü ildə 63,2 faizə yüksəlib. İndi iqtisadiyyatımızın az qala 2/3-si real sektorun payına düşür. İqtisadiyyatın strukturunda bu dəyişikliklər ona görə baş verib ki, böyük neft pulları Azərbaycan hökumətini arxayınlaşdırmayıb. Əksinə, hökumət neft pullarından yararlanaraq ölkə iqtisadiyyatının real sektorunun sürətli inkişafını təmin edə biləcək ciddi addımlar atıb. Regionların sosial-iqtisadi inkişafına dair 4 Dövlət Proqramı çərçivəsində ölkənin bütün bölgələrində normal biznes fəaliyyətini təmin edə biləcək infrastruktur yaradılıb. Bütün bölgələrdə yol, işıq, qaz, enerji və digər anoloji problemlər yüksək səviyyədə həll olunub. Bütün bunlar olmadan bölgələrdə hər hansı bir biznes fəaliyyətin qurulması mümkün deyildi.
Bir neft ölkəsində iqtisadiyyatın real sektorunun fəaliyyətini qiymətləndirə biləcək ən bariz ölçü bu sektordan ixracın həcminə dair göstəricidir. Gəlin baxaq, biz bu sahədə son 20 ildə haradan hara gəlib çatmışıq. Beləliklə, əgər 2003-cü ildə Azərbaycanda qeyri-neft sektorundan ixracın həcmi cəmi 260 milyon ABŞ dolları səviyyəsində idisə, 2023-cü ildə bu göstərici 13 dəfədən çox artaraq 3,4 milyard dollara çatıb. Bir neft ölkəsinin və xüsusilə neft bumu yaşamış bir neft ölkəsinin iqtisadiyyatı üçün ixracın bu səviyyədə artması inqilabi bir dönüşün başlanğıcı kimi dəyərləndirilməlidir.
Bu uğur həm də “biz neftdən başqa nə istehsal edirik” deyib, ölkədə real sektorun inkişafını şübhə altına alanlara tutarlı bir cavabdır. Gəlin elə bu yerdə “biz neftdən başqa nə istehsal edirik?” deyən siyasi və iqtisadi deletantlara son 20 ildə Azərbaycan iqtisadiyyatının real sektorunda natural ifadədə istehsal olunan məhsullara dair bəzi faktları xatırladaq. Əsassız danışıq edənlər görsünlər ki, bu 20 ildə ölkə iqtisadiyyatının real sektorunda hansı uğurlara imza atılıb. Əvvəlcə, oxucularımızın diqqətinə onu çatdıraq ki, 2023-cü ildə əhalinin sayı 2003-cü ildəki 8 milyon 269 min nəfərdən 10 milyon 127 min nəfərə çatıb və ya təbi artım 22,5% təşkil edib.
Beləliklə, 2003-cü illə müqayisədə 2023-cü ildə ölkədə bir çox sənaye məhsullarının natural ifadədə istehsalına nəzər salaq.
Təqdim etdiyimiz cədvəldə 20 il ərzində 10 növ məhsulun istehsalında on dəfədən çox artım qeydə alınıb. Dəfə ilə faizin fərqini bilməyib “biz nə istehsal edirik ki?” deyən dil pəhləvanları bu göstəricilərə baxıb utansınlar. Bu inkişafı görməyən ya kordur, ya da nankordur. Bu korlara hər yer qaranlıqdır.
Qarşıdakı illər ərzində Azərbaycan hökuməti iqtisadiyyatın neftdən asılılığını tam optimallaşdırmağı hədəfləyir və bu hədəflərə mütləq çatılacaq.
Fikrət Yusifov,
professor