Close

Dağıdılmış iqtisadiyyatdan meqa enerji layihələrinə - Azərbaycanı gələcəkdə nə gözləyir? - II YAZI

“20 ilin sosial-iqtisadi uğurları” rubrikasında iqtisad elmləri doktoru, professor, sabiq maliyyə naziri Fikrət Yusifovun silsilə yazılarını təqdim edirik. Bu yazılarda Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə qazanılan uğurlara nəzər salınır, reallaşdırılan qlobal iqtisadi layihələrin əhəmiyətindən, ötən dövrdə əhalinin sosial rifahının yaxşılaşdırlması istiqamətində görülən işlərdən bəhs olunur. Bu silsilədən ikinci yazını təqdim edirik. Birinci yazını bu linkdən oxuya bilərsiniz.

Bugünkü Azərbaycanın bütün uğurlarının təməl daşı 1993-cü ilin ortalarından etibarən Ulu Öndər Heydər Əliyev tərəfindən elə bir siyasi ustalıqla və siyasi uzaqgörənliklə qoyulub ki, buna dünya tarixində indiyə qədər mövcud olmuş və bu gün də dünya siyasət meydanında söz sahibi olan  ən adlı-sanlı siyasi liderlər belə qibtə edə bilərdilər.

Heydər Əliyev 1990-cı illərin birinci yarısında Azərbaycan xalqının təkidli çağırışlarından və Cəbhə-Müsavat cütlüyünün naşı hakimiyyət rəhbərlərinin acizanə xahişlərindən sonra Bakıya qayıdaraq, Azərbaycanın bir dövlət kimi xəritədən silinməsinin qarşısını alıb. O, Naxçıvandan Bakıya qayıdarkən Azərbaycan siyasi səriştəsi olmayan qaragüruhçuların bir illik hakimiyyəti dövründə dənizin ortasında artıq yarıya qədər suya qərq olmuş və xilası mümkün görünməyən bir gəmini xatırladırdı. Ölkədə ictimai-siyasi vəziyyət olduqca ağır və təhlükəli idi.

Bu durumu bir qədər də ağırlaşdıran və onu daha acınacaqlı hala salan hadisələrdən biri də siyasi naşılıq və siyasi çəkişmələr səbəbindən Qarabağ torpaqlarımızın böyük bir hissəsinin işğal altına salınması idi. Digər tərəfdən Cəbhə-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövründə ölkə iqtisadiyyatı tam çökdürülmüşdü. Səriştəsiz siyasilərin səriştəsiz idarəçiliyi ilə Sovetlər dövründə yaradılmış yüzlərlə istehsal və emal müəssisələrinin fəaliyyəti iflic halına salınmışdı. Neft ölkəsi olan Azərbaycanda neft-qaz sənayesi dövrünün ən acınacaqlı bir dönəmini yaşayırdı.

Ölkənin salındığı durumun dərinləşməsinin qarşısının alınması və onun ən qısa zamanda bu xaotik vəziyyətdən xilas edilməsinin mümkün iki yolu var idi.

Birinci yol - ölkəni düşdüyü iqtisadi, siyasi və hərbi tənəzzüldən qurtarmağa hesablanmış islahatlar aparmaqla mövcud durumu tam sabitləşdirib tədricən iqtisadi yüksəlişə nail olmaq idi. Bu, zaman tələb edən uzun bir yol idi. Bu yolun sonunda əldə olunan imkanlar hesabına təbiətin Azərbaycana bəxş etdiyi karbohidrogen ehtiyatlarının istismarına başlamaq olardı. Ancaq həmin dövrdə yaranmış durum mümkün qədər operativ qərarlar qəbul etməyi və ölkəni düşdüyü ağır iqtisadi-siyasi böhrandan ən qısa zaman kəsiyində çıxartmağı tələb edirdi. Torpaqları işğal altına düşmüş, bir milyona yaxın qaçqını olan və  digər ərazilərinin işğal təhdidi ilə üz-üzə qalan ölkədə  bu yolun alternativi yox idi.

Azərbaycan hökuməti ən qısa zamanda güclü iqtisadiyyat yaratmalı və buna söykənərək digər bütün problemlərini həll etməli idi. Bunun üçün ilk növbədə iqtisadiyyatı dağılmış, maliyyə imkanları acınacaqlı vəziyyətdə olan ölkəyə xarici investisiyaların axınını təmin etmək qədər ağıllı siyasi qərarlar qəbul etmək lazım idi. Bunu yalnız dahi Heydər Əliyev edə bilərdi və O da etdi...

Ulu Öndər Heydər Əliyev “Neft Azərbaycanın milli sərvətidir” devizi ilə çıxış edərək ölkənin neft-qaz sənayesinin inkişafında yeni mərhəllənin başlanğıcını qoyub. Bu məqsədlə Ümummilli Lider ilk növbədə dünyanın tanınmış neft şirkətlərini Azərbaycana dəvət edib və bununla da yeni neft strategiyasının hazırlanmasına start verilib. Bu qərardan sonra Azərbaycan hökuməti ilə xarici neft şirkətləri arasında Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə danışıqlara başlanılıb. Bu danışıqların ilk günlərindən o dövrdə Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyev danışıqlar prosesinə cəlb edilib və O, yeni neft strategiyasının hazırlanmasının, onun uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından biri olub.

1994-cü ilin sentyabrın 20-də Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə “Məhsulun Pay Bölgüsü” sazişi  - “Əsrin müqaviləsi” imzalanıb. Ərazisinin 20%-i işğal altında olan, ictimai-siyasi sabitliyin tam pozulduğu, bir-birinin ardınca dövlət çevrilişi cəhdlərinin baş verdiyi həmin dövrdə bu, bir inqlab idi. Müqavilə ilə Transmilli Nef Şirkətləri tərəfindən Azərbaycanın neft sektoruna 7,4 milyard dollar yatırımların edilməsi nəzərdə tutulurdu. Büdcəsinin cəmi gəlirləri 350-400 milyon ABŞ dolları, Ümumi Daxili Məhsulu isə 1 milyard dollar səviyyəsində olan bir ölkəyə onun büdcəsinin gəlirlərindən 18-20 dəfə, Ümumi Daxili Məhsulundan 7-8 dəfə çox sərmayənin yatırılması, sözün həqiqi mənasında, ağılasığmaz idi. Xarici investorlar Heydər Əliyev dühasına güvənərək bu yatırımları ediblər. Şübhəsiz ki, bu, Azərbaycan kimi ölkələrin tarixində indiyə qədər bənzəri olmamış bir hadisə idi.

Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş neft-qaz strategiyası son 20 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Onun ölkəyə rəhbərlik etdiyi dövrdə Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan kimi Xəzərin neftini Avropa və dünya bazarlarına çıxaran təxminən 4000 km-ə yaxın neft kəmərləri istifadəyə verilib.

İlham Əliyevin iradəsi ilə ərsəyə gələn və bütün dünyanın diqqətini özünə çəkmiş XXI əsrin ən böyük enerji layihəsi Cənub Qaz Dəhlizi layihəsidir. Bu layihə Prezident İlham Əliyevin şah əsəridir. Layihənin reallaşdırılması ilə bağlı yaradılan çətinliklərə və təzyiqlərə baxmayaraq, İlham Əliyev bütün məsuliyyəti öz üzərinə götürərək 11 şirkətin, yeddi hökumətin və 11 topdan qaz alıcısının sıx əməkdaşlığını təmin edə bilib. Bu layihə onun iradəsi və qətiyyəti nəticəsində reallaşdırılıb, Azərbaycanı Avropanın strateji tərəfdaşına çevirib. Bu layihə Azərbaycana iqtisadi dividentlər qədər siyasi dividentlər də verib.

Bu gün Azərbaycan ortaya müasir çağırışlara cavab verən yeni enerji strategiyası qoyur. Dünya enerji balansının sürətlə bərpa olunan enerji istehsalı xeyrinə dəyişdiyi indiki dönəmdə hökumət ölkəmizin böyük yaşıl enerji resurslarından  istifadəyə start verib. Bu məqsədlə artıq xarici investisiyaların cəlb edilməsinə başlanılıb. Ötən ilin oktyabr ayında Azərbaycanda Birləşmiş Ərəb Əmirliklərindən olan yatırımlar hesabına 230 meqavat gücündə Günəş elektrik stansiyasının açılışı olub. Bu, ilk addım olsa da, imzalanmış kontraktlar və anlaşma memorandumları əsasında gələcəkdə BƏƏ-nin sərmayələri hesabına Azərbaycanda 10 qiqavat yaşıl enerji istehsalı nəzərdə tutulur. Bu gün xarici investorlar Azərbaycanda bərpa olunan enerji sektoruna böyük yatırımlar etmək üçün davamlı təkliflərlə çıxış edirlər.

2022-ci il dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarest şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması ilə gələcəkdə Azərbaycanda istehsal olunacaq yaşıl enerjinin Gürcüstan üzərindən Qara dənizin dibi ilə çəkiləcək kabel vasitəsi ilə Avropa ölkələrinə ötürülməsi kimi yeni bir meqa enerji layihəsinin reallaşdırılması mümkün olacaq. Avropa bu dəfə Azərbaycandan yalnız neft və qaz deyil, eyni zamanda yaşıl enerji də ala biləcək...   

Fikrət Yusifov,

professor