Close

İqtisadiyyatı iflasa uğrayan ölkə regionun supergücünə necə çevrildi? - I YAZI

20 ilin sosial-iqtisadi uğurları

Bu gündən başlayaraq, “20 ilin sosial-iqtisadi uğurları” rubrikasında iqtisad elmləri doktoru, professor, sabiq maliyyə naziri Fikrət Yusifovun silsilə yazılarını təqdim edəcəyik. Bu yazılarda Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə qazanılan uğurlara nəzər salınacaq, reallaşdırlan qlobal iqtisadi layihələrin əhəmiyətindən, ötən dövrdə əhalinin sosial rifahının yaxşılaşdırlması istiqamətində görülən işlərdən bəhs olunacaq. Bu silsilədən birinci yazını təqdim edirik.

Son 20 ildə biz haradan hara gəldik. Kimin nə deməsindən asılı olmayaraq, bu illər ərzində Azərbaycan iqtisadiyyatı bənzərsiz sürətlə inkişaf edib, dörd dəfədən çox real artıma nail olunub.

Bu uğurun təməl daşı 1990-cı illərin ortalarında Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.Yenicə müstəqilliyini əldə etmiş, lakin dövlət idarəçilik fəlsəfəsindən xəbərsiz olan, naşı siyasətçilər tərəfindən idarə edilən Azərbaycanda iqtisadiyyat bir il ərzində tam iflic hala salınmışdı. Belə bir durumda ölkə iqtisadiyyatını sıfırdan möhkəm təməl üzərinə qaldırmaq nə qədər ağır olsa da, Heydər Əliyev ən qısa zaman kəsiyində bu günə uzanıb gələn həmin o möhkəm təməlin əsasını qoyub. Onun rəhbərliyi altında aparılan islahatlarla 1994-cü ildə illik ölçüləri 1800%-ə çatan infilyasiya bir ildən bir qədər az zamanda tam cilovlanaraq 1995-ci ilin sonunda 10% səviyyəsinə endirilib. Bu, dünya tarixində hiperinfilyasiyanın cilovlanmasının ən nadir nümunələrdən biri və ölkə iqtisadiyyatının yeni – sürətli inkişaf dönəminin başlanğıcı idi. Məhz bundan sonra, 1996-cı ildən başlayaraq, Azərbaycan iqtisadiyyatı bu günə qədər möhkəm təməl üzərində bənzəri olmayan bir sürətlə inkişaf etməkdədir.

Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev 2003-cü ilin sonlarından başlayaraq onun strateji inkişaf xəttini uğurla və tam məntiqi  ardıcıllıqla davam etdirib, müstəqil dövlətin iqtisadi inkişafının yeni arxitekturasını yaradıb. Hakimiyyətə gəldiyi ilk gündən qarşıdakı illərdə “Əsrin müqaviləsi” əsasında ölkəyə böyük neft pullarının daxil olacağını və bununla da iqtisadiyyatın strukturunda neftin xeyrinə ciddi dəyişikliyin baş verəcəyini göz önünə alan Prezident uzaqgörənliklə bu təhlükəni dəf etməyi hədəfləmişdi. Həmin vaxt ilk çıxışlarının birində “Biz elə yaşamalıyıq ki, sanki neftimiz yoxdur” deyən ölkə başçısı ötən 20 ildə aparılan iqtisadi islahatların məhz bu prinsipə söykənməsini təmin edib.

Bir ölkənin ərazisində uğurlu iqtisadi inkişafa nail olmaq üçün orada normal biznes fəaliyyətini təmin edən mühütin olması vacib şərtdir. Müvafiq infrastrukturun olmadığı bir məkanda normal fəaliyyət göstərə biləcək müəssisələrin qurulması, bir sözlə, normal iqtisadi fəaliyyət mümkün deyildi. Bu səbəbdən ölkənin bütün əraziləri üzrə yol infrastrukturunun yaradılması, elektrikləşmənin, qaz və su təchizatının yüksək səviyyədə təmin edilməsini hədəfləyən regionların inkişaf proqramları işlənib hazırlanıb və uğurla həyata keçirilib.

Ötən 20 ildə ölkə iqtisadiyyatının bütün sahələri dövlətin xüsusi proqramları çərçivəsində inkişaf etdirilib. Bu proqramlar çərçivəsində ölkədə biznes mühitinin yaxşılaşdırılması iqtisadiyyatın ayrı-ayrı sahələrinə iri həcmdə yerli və xarici investisiyaların cəlb edilməsinə yaşıl işıq yandırıb. Elə bunun nəticəsidir ki, son 20 ildə ölkə iqtisadiyyatına 315 milyard dollara yaxın xarici sərmayə yatırılıb. Neft ölkəsi hesab olunan Azərbaycanda bu sərmayənin 200 milyard dollardan çox olan hissəsi iqtisadiyyatın qeyri-neft sektoruna yönləndirilib. Bu faktın özü Prezidentin neftsiz iqtisadiyyatla bağlı hədəflərinin ən bariz nümunələrindən biridir və “Azərbaycan iqtisadiyyatı yalnız neftin üzərindədir, neftdən başqa heç nə istehsal və ixrac etmirik” deyənlərə tutarlı cavabdır.

Son 20 ildə iqtisadiyyatda qazanılan uğurları təsdiq edən əlahəzrət faktlar.

Son 20 il ərzində Ümumi Daxili Məhsulun həcmi nominal olaraq 12 dəfəyə qədər artaraq 6,2 milyard dollardan 72,4 milyard dollara çatıb və bütövlükdə iqtisadiyyat real olaraq 4 dəfədən çox böyüyüb. Müqayisə aparılan dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda Ümumi Daxili Məhsul nominal olaraq 11,2 dəfədən çox artaraq 4,1 milyard dollardan 45,7 milyard dollara, qeyri-neft ixracı isə 13 dəfədən çox artaraq, 260 milyon dollardan 3,4 milyard dollara yüksəlib.

Ölkənin strateji valyuta ehtiyatları 2003-cü ildəki 1,6 milyard ABŞ dollarından 69,5 milyard ABŞ dollarına yüksəlib. Bu, müqayisə aparılan dövrdə strateji valyuta ehtiyatlarının 43 dəfədən çox artması və onun ölkənin Ümumi Daxili Məhsulunun 96%-ni təşkil etməsi anlamına gəlir. Son 20 ildə ölkənin xarici borcları ən aşağı həddə olub. Hazırda xarici borcumuz Ümumi Daxili Məhsulumuzun 9%-i səviyyəsindədir və növbəti 2024-cü ildə hökumət bu göstəricinin 7%-ə çatdırılmasını hədəfləyir.

Son 20 ildə aparılan iqtisadi islahatlar ölkə əhalisinin həyat səviyyəsinin yaxşılaşmasına xidmət edib. Ötən dövrdə ölkədə yoxsulluğun səviyyəsi 50%-dən 5,0%-ə qədər azaldılıb.

Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərində və 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında gələcəkdə qeyri-neft iqtisadiyyatını daha da inkişaf etdirmək, insan kapitalını inkişaf etdirərək dünya iqtisadiyyatında ölkənin mövqeyini gücləndirmək və onu daha yuxarı gəlirli ölkələr qrupuna daxil etmək hədəflənir.

Azərbaycan iqtisadiyyatının son 20 ildəki yüksəlişini təmin edən başlıca şərtlərdən biri də İlham Əliyevin təşəbbüsü və qətiyyəti ilə ölkəmiz üzərindən reallaşdırılan Transmilli layihələrin verdiyi töhvələrdir. Bu layihələri reallaşdırmaqla bu gün Azərbaycan Avropanın etibarlı enerji təminatçılarından birinə çevrilib. 2006-cı ildə istismara verilən Bakı-Tbilisi-Ceyhan boru kəməri, 2018-ci ildə rəsmi açılışı olan Cənub Qaz Dəhlizi kimi meqa layihələr Azərbaycana iqtisadi dvidentlər qədər də siyasi dvidentlər gətirib. Bu gün Azərbaycanın beynəlxalq siyasət meydanında söz sahibinə çevrilməsini təmin edən bu Transmilli layihələrlə ölkəmiz Avropanın strateji və etibarlı tərəfdaşına çevrilib. İndi Azərbaycan dünyanın enerji balansının strukturunda sürətlə baş verən çağrışlara cavab olaraq, ölkədə yaşıl enerji istehsalı və gələcəkdə bu enerjinin bir hissəsinin Avropa bazarlarına çıxarılmasını hədəfləyir. Artıq bu istiqamətdə ilkin addımlar atılıb. Yaxın 5-6 il ərzində dünyanın aparıcı "yaşıl enerji" şirkətləri ilə imzalanan sazişlərə və anlaşma memorandumlarına əsasən, Azərbaycanda istehsal ediləcək bərpa olunan enerjinin həcmi 10 qiqavata çatacaq.

Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən ən qısa və ən əlverişli yolların Azərbaycan üzərindən keçməsi ölkəmiz üzərindən iri həcmdə yüklərin daşınmasına imkan yaradır. Son 20 ildə bu istiqamətləri birləşdirən və yüklərin daşınmasını təmin edən Şimal Cənub Nəqliyyat Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələrin reallaşdırılması ilə Azərbaycan regionun böyük nəqliyyat habına çevrilməkdədir.

İyirmi ildə güclü iqtisadiyyat formalaşdıran Azərbaycan bu gün yalnız Cənubi Qafqazın deyil, bütövlükdə yerləşdiyi böyük regionun söz sahibi ölkələrindən birinə çevrilib. Bu gün Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir qlobal layihənin reallaşdırılması və məsələnin həlli mümkün deyil.

Son 20 ildə aparılmış uğurlu islahatlar nəticəsində yaradılmış güclü iqtisadiyyat Azərbaycana güclü Ordu yaradaraq 30 il işğal altında qalan torpaqlarını 44+1 gündə işğaldan azad etmək imkanı verdi. Azərbaycan Ordusu dünya hərb tarixinə düşən 1 günlük nümunəvi əməliyyatla Qarabağ torpaqlarımızda 35 ildən çox kök salmış separatizmin kökünü birdəfəlik kəsdi. Azərbaycan belə bir güclü Ordunu 20 ildə formalaşdırılmış güclü iqtisadiyyatdan əldə edilən maliyyə vəsaitləri hesabına yaradıb.

Son 20 ildə Azərbaycan tam sosial bir dövlət statusu qazanıb. Bu gün dövlət büdcəsinin xərclərinin 43%-dən çoxunu sosial xərclər təşkil edir. Təsadüfü deyil ki, 2024-cü ilin dövlət büdcəsində 2020-ci illə müqayisədə sosial xərclərin 1,6 dəfə və ya 6 milyard manat artırılması nəzərdə tutulur.

Son beş ildə ölkəmizdə 4 milyon nəfəri əhatə edən 4 sosial islahat paketi icra olunub və bu islahatlara ümumilikdə 7 milyard manata yaxın əlavə vəsait yönəldilib.

Bütün bunlar Azərbaycan iqtisadiyyatının və sosial təminat sahəsinin 20 ildə keçdiyi yolun qısa ümumi mənzərəsidir. Bu yolun daha uğurlu davamı isə qarşıdakı illərdə baş verəcəkdir.

Fikrət Yusifov,

professor