Close

Azərbaycanı idman ölkəsinə çevirən LİDER

Azərbaycan hər zaman sülhün tərəfdarı olub. Dövlətimiz, dövlətimizin başçısı bunu torpaqlarımız işğal altında olanda da, tarixi Zəfərimizlə nəticələnən 44 günlük Vətən müharibəsindən, 23 saatlıq antiterror tədbirlərindən sonra da israrla dilə gətirib, əməldə göstərib.

Azərbaycan bu savaşları təkcə torpaqlarımızın işğaldan azad edilməsi üçün aparmadı. Məqsəd həm də on illərlə davam edən qanlı münaqişələrdən sonra bölgəyə sülhü gətirmək idi. Dövlətimiz bunun üçün həm döyüş, həm də siyasət meydanında lazımi addımlar atdı.

Ötən ilin sonlarında işğaldan azad edilmiş Xankəndi şəhərdindəki stadionda keçirilən futbol qarşılaşmasını xatırlayaq. Xankəndinin azadlığına, gerçək sahiblərinə qovuşmasından qısa müddət sonra keçirilən bu oyun sülh mesajının davamı idi: axı, idman həm də sülhü, dostluğu təmsil edir. Azərbaycan dövləti vaxtilə düşmənin terror yuvasına çevirdiyi məkana idmanı – yəni barışı, dostluğu gətirdi.

Müstəqillik dövründə həm də dostluğu, barışı təmsil edən idmanın inkişafı üçün atılan addımlara, ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq yarışlara, digər tədbirlərə bir nəzər salmadan öncə Ulu Öndər Heydər Əliyevin bu sahə ilə bağlı fikirlərini yada salaq:

“İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur.

İdman eyni zamanda, həqiqətən, hər xalqın, millətin başqa xalqlar içərisində şöhrətini yüksəldən sahələrdən biridir.

Xarici ölkələrdə təkcə Azərbaycanın yox, hər bir dövlətin o halda himni səslənir və bayrağı qaldırılır ki, oraya hansısa dövlətin başçısı rəsmi səfərə gəlmiş olsun. Məsələn, mən, Azərbaycan Prezidenti bir ölkəyə rəsmi səfərə gedəndə, bəli, Azərbaycanın bayrağı qaldığım iqamətgahın üzərində ucaldılır, rəsmi qəbul mərasimində Azərbaycanın himni səslənir və Dövlət bayrağı qaldırılır. Başqa heç bir vaxt belə şey olmur.

Amma idman sahəsində beynəlxalq yarışda da birinci, ikinci, üçüncü yerləri tutan idmançıların mənsub olduqları ölkələrin bayraqları qaldırılır, birinci yeri tutan idmançının ölkəsinin həm də Dövlət himni səsləndirilir. Görürsünüzmü, bunun nə qədər əhəmiyyəti var”.

Ulu Öndərin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsində Azərbaycan idmanı inkişaf dövrünə qədəm qoydu, beynəlxalq yarışlarda bayrağımız qaldırılmağa, himnimiz səslənməyə başladı.

Bu siyasəti davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmanın inkişafı istiqamətində ciddi tədbirlər həyata keçirilir, bu sahə dövlət siyasətinin pioritetləri sırasında mühüm yerlərdən birini tutur. Əslində bu prosses 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən başlanıb.

Azərbaycanı dünya miqyasında idman ölkəsinə çevirməyi qarşısına məqsəd qoyan İlham Əliyev bütün ölkə üzrə müasir idman infrastrukturunun yaradılması istiqamətində nəhəng quruculuq layihələrinin planını müəyyənləşdirdi. Bütün bölgələrdə olimpiya idman kompleksləri, müxtəlif idman qurğuları inşa olundu. Artıq ölkəmizdə 53 idman federasiyası, 66 idman təşkilatı, 60-dan çox idman klubu, 170 idman məktəbi fəaliyyət göstərir.

“İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir. Bəzi ölkələrdə bu, prioritet sayılır, Azərbaycandakı kimi. Bəzi ölkələrdə sayılmır. Amma mən hesab edirəm ki, biz düzgün yoldayıq. Çünki sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır”, - deyən dövlət başçısının sayəsində Azərbaycan modern idman infrastrukturuna malik ölkəyə çevrilib.

“Bədən tərbiyəsi və idman haqqında” qanun təkmilləşdirilir, beynəlxalq yarışlarda uğur qazanan idmançı və məşqçiləri, idman mütəxəssisləri, bu sahənin inkişafında rolu olan heç kim diqqətdən kənarda qalmır. Əksinə mükafatlandırılır, idmanın inkişafına daha da böyük töhfələr vermələri istiqamətində addımlar atılır. Bu səbəbdəndir ki, artıq Azərbaycan bayrağı beynəlxalq idman yarışlarında tez-tez qalldırılır, Dövlət himni daha çox eşidilir.  

İdmançılarımızın olimpiadalarda, beynəlxalq səviyyəli mötəbər yarışlarda qazandıqları uğurlar sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb.

Ölkədə nüfuzlu beynəlxalq yarışların təşkilinin ənənəyə çevrilməsi idmanın hansı səviyyədə inkişaf etdirildiyinin daha bir göstəricisidir. Çünki dünyanın idman arenasında artıq özünə layiqli yer tutan Azərbaycan bir çox beynəlxalq yarışa ev sahibliyi edir.

Ölkədə keçirilən beynəlxalq idman yarışlarına nəzər salaq:

1997-ci il - Sambo üzrə Avropa Çempionatı

2002-ci il - Güləş üzrə Avropa Çempionatı

2007-ci il - Bədii gimnastika üzrə Avropa Çempionatı

2008-ci il - Bakı Qran-prisi (şahmat)

2008-ci il - Çimərlik futbolu üzrə Avropa kuboku

2009-cu il - Bədii gimnastika üzrə Avropa Çempionatı

2013-cü il - Hərbiçilər arasında Futbol üzrə Dünya Kuboku

2014-cü il - Bakı Qran-prisi (şahmat)

2014-cü il - Çimərlik futbolu üzrə Avropa kuboku

2014-cü il - Taekvondo üzrə Avropa Çempionatı

2015-ci il - I Avropa Oyunları

2017-ci il - İslam Həmrəyliyi Oyunları

2017-ci il - Voleybol üzrə qadınlararası Avropa Çempionatı

2019-cu il - Futbol üzrə Avropa Liqasının finalı

2020-ci il – Futbol üzrə Avropa çempionatının 3 oyunu

2023-cü il - Şahmat üzrə Dünya Kuboku

2012-ci ildən Azərbaycanda keçirilməyə başlanan “Formula-1” yarışları (Bakı 1 milyarddan çox auditoriyası olan “Formula-1”ə ev sahibliyi etmək hüququna malik 22 şəhərdən biridir).

Təbii ki, sadalananlar ölkədə keçirilən bütün beynəlxalq yarışları əhatə etmir. Ümumilikdə, ölkədə 300-dən çox beynəlxalq idman yarışı keçirilib. Biz dünyanın idman ictimaiyyətinin diqqətini çəkən, sayca daha çox ölkə və idmançıların qatıldığı ən irimiqyaslı yarışları təqdim etdik.

Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti və dövlət başçısı seçilməsindən sonra idman və bədən tərbiyəsinin inkişafına dair strategiyanın davam etdirilməsi, gənclər siyasətinin idmanın inkişafı ilə qarşılıqlı əlaqədə həyata keçirilməsinin nəticəsidir ki, artıq Azərbaycan idman sahəsində də öz sözünü deyib, böyük uğurlara imza atıb.

Gülşən Hacıyeva