Close

Mədəniyyətimizin hamiləri - Onlar tarixi missiyanı uğurla davam etdirirlər

Azərbaycan xalqı tarix boyu quran, yaradan, yaşadığı torpağı gözəlləşdirən xalq olub.

Mədəniyyətimizin zəngiliyi, xalqın yaratdığı maddi-mədəniyyət nümunələri ölkəmizə gələn əcnəbiləri də hər zaman heyran edib. Təsadüfi deyil ki, Azərbaycanın bir çox mədəniyyət nümunələri dünya muzeylərini bəzəyir.

Ulu Öndər Heydər Əliyev çıxışlarının birində deyib: “Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biridir. Burada həyat çox erkən yaranmışdır və Azıx mağarasında tapılmış azıxantrop Azərbaycanın ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Qobustandakı və Gəmiqayadakı qayaüstü təsvirlər, petroqliflər, Kür-Araz, Xocalı mədəniyyət nümunələri, kurqan tapıntıları sübut edir ki, hətta miladdan əvvəlki minilliklərdə də Azərbaycanda inkişaf etmiş mədəniyyət mövcud olmuşdur”.

Mədəniyyət anlayışı bir millətin, xalqın həyatında ən vacib amillərdəndir. Tarixi keçmişimizə nəzər salanda görürük ki, Azərbaycan xalqı bu “ikinci təbiəti” layiqli şəkildə yarada bilən xalqlar sırasındadır. Mədəniyyəti yaratmaq qədər onu qorumaq, gələcək nəsillərə çatdırmaq da vacibdir. Xalqın yaratdıqlarının qorunması üçün güclü və müstəqil dövlətin var olmasının nə qədər vacib olduğunu tarixdən hər kəs yaxşı bilir. Əks təqdirdə xalqın yaratdıqları yadelli talançılar tərəfindən məhv edilir, oğurlanır və s. Təəssüf ki, güneyli-quzeyli  Azərbaycan xalqı belə talançılığa az məruz qalmayıb. Amma xalq bütün çətinliklərə baxmayaraq, hər dövrdə yaşayıb-yaratmağa davam edib.

Nəhayət, Azərbaycan öz müstəqilliyini əldə etdikdən, xüsusilə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsindən sonra Azərbaycan üçün bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də inkişaf dövrü başlayıb.

Ulu Öndər Azərbaycan mədəniyyətinə vurğunluğunu hər zaman dilə gətirməklə yanaşı, onun qorunması, gələcək nəsillərə çatdırılması üçün fundamental işlər aparıb.

Məlumdur ki, müstəqilliyimizin ilk illərində çoxsaylı daxili və xarici problemlərlə üz-üzə qalan ölkəmizdə mədəniyyət sahəsində də qeyri-müəyyənlik, qarışıqlıq höküm sürürdü. Belə bir dövrdə təbii ki, mədəniyyət siyasətinin varlığından danışmaq mümkün deyildi.

Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə ölkə rəhbərliyinə qayıtmasından sonra vəziyyət köklü surətdə dəyişdi. Azərbaycanın gələcək inkişafının strategiyası və əsas parametrləri müəyyənləşdirildi, dövlət həyatının bütün sahələrinin, o cümlədən mədəniyyət siyasətinin modernləşməsi və transformasiyası mərhələsi başlandı. Elmi cəhətdən əsaslandırılmış siyasət nəticəsində mədəni inkişafın ardıcıllıq, varislik, millilik, orijinallıq, Azərbaycan xalqının təkrarsız mədəniyyət genofondunun saxlanılması, eyni zamanda açıqlıq və demokratiklik ideyaları fəal şəkildə həyata keçirildi.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında müasir dünya təcrübəsində mövcud olan bir sıra modellər sırasından mədəniyyətlərin dialoqu modeli seçilərək ölkəmizdə qəbul edildi. Həmin model Azərbaycanın tərəf müqabili qismində ümumdünya mədəni prosesdə iştirakına əsaslanır və respublikada optimal sosiomədəni dinamikanın dəstəklənməsinə imkan yaradır.

1993-2003-cü illər ərzində yeni mədəniyyət siyasətinə uyğun olaraq dövlət tərəfindən çoxsaylı və mühüm əhəmiyyətli işlər görüldü.

Ümummilli Lider zəngin mədəni irsimizin qorunmasını vacib hesab edərək deyirdi: “Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq, böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.

Heç təsadüfi deyil ki, dahi şəxsiyyətin mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda mədəniyyətin müxtəlif sahələri – teatr, kino, kitabxana və muzey işinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaradıb və yaratmaqda davam edir.

“Mən Prezident kimi çalışıram ki, həmişə mədəniyyət sahəsinə öz diqqətimi göstərim”, - deyən Prezident İlham Əliyev hakimiyyətə gəldiyi vaxtdan digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əsaslı islahatları daha da sürətləndirib.

Prezidentin “Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə həmişə sadiq olmuşdur. Bu gün Azərbaycan dövləti milli dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır... Müstəqil Azərbaycan dövləti də milli-mənəvi dəyərlər üzərində qurulmuşdur” fikirləri öz əməli nəticəsini ölkə başçısnın fəaliyyətində göstərir.

Kino, teatr, musiqi, tətbiqi sənət, tarixi abidələrin qorunması və bərpası ilə bağlı qəbul olunan dövlət proqramları, ölkədə mədəniyyət sahələrinin inkişafı ilə bağlı imzalanan sərəncamlar mədəniyyətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına böyük qayğının nəticəsi idi.

“Biz neft sektorundan əldə edilən kapitalın insan kapitalına, intellektual kapitala çevrilməsi üçün mühüm dövlət proqramları həyata keçirəcəyik”, - deyən dövlət başçısı bu fikirləri reallığa çevirə bilib.

Bu səpkidə görülən işlər o qədər geniş və əhatəlidir ki, bir yazı çərçivəsində ancaq onlardan misallar gətirməklə kifayətlənə bilərik. 

Regionlarda salınan park və xiyabanlar, görülən abadlıq işləri xüsusi vurğulanmalıdır.

Bu gün elə bir rayon mərkəzi yoxdur ki, öz simasını dəyişməmiş olsun. Yeni yaradılan muzeylər, yeni tikilən yüksək mərtəbəli binalar, parklar, xiyabanlar ölkədə gedən quruculuq işlərinin təzahürüdür.

Ölkənin əsas teatrları - Milli Dram Teatrı, Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Musiqili Teatr əsaslı təmir olunub. Bölgələrdə teatrlar tikilib və əsaslı təmir edilib, yeni teatrlar yaradılıb.

Bakı şəhərinin muzeyləri demək olar ki, tam şəkildə əsaslı təmir edilib. İncəsənət Muzeyinin iki binası və Xalça Muzeyi tikilib. Müasir İncəsənət Muzeyi fəaliyyətə başlayıb, bu gün ölkənin hər bir şəhərində Tarix-Diyarşünaslıq muzeyləri fəaliyyət göstərir.

Eləcə də, dini abidələr əsaslı şəkildə təmir edilir. Bakıda və bölgələrdə yüzlərlə məscid əsaslı şəkildə bərpa olunub. Təzəpir, Bibiheybət, Əjdərbəy məscidləri, Gəncədəki İmamzadə dini-tarixi kompleks, Azərbaycanın ən qədim məscidi - 743-cü ildə tikilən Şamaxı Cümə məscidi əsaslı şəkildə bərpa edilib, Heydər Məscidi tikilib istifadəyə verilib.

Onu da xüsusi vurğulamaq lazımdır ki, 2004-cü ildən başlayaraq, ölkənin mədəni həyatının tənzimlənməsində, mədəniyyət siyasətinin səmərəli həyata keçirilməsində dövlət orqanları ilə birlikdə qeyri-hökumət təşkilatları, ilk növbədə Heydər Əliyev Fondu yaxından iştirak edir.

Son iyirmi ildə xalçaçılığın və ənənəvi kəlağayı sənətinin, “Kitabi-Dədə Qorqud” və “Koroğlu” eposlarının, Molla Nəsrəddin lətifələrinin, aşıq və muğam sənətlərinin, Novruz bayram kompleksinin, Çövkən və Qarabağ atüstü oyunlarının tədqiqi və dünyaya tanıdılması istiqamətində böyük miqyasda dövlət əhəmiyyətli işlər görülüb. 2000-ci illərin əvvəllərindən bu günədək İçərişəhər, Qız qalası və Şirvanşahlar saray kompleksi, Qobustan qaya sənəti və mədəni landşaftı, Şəki şəhərinin tarixi mərkəzi və Şəki Xan Sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına, “Lahıc misgərlik sənəti”, “Azərbaycan aşıq sənəti”, “Azərbaycan muğamı”, “Novruz bayramı”, “Dədə Qorqud irsi, dastan mədəniyyəti, xalq nağılları və musiqisi”, “Qarabağ atüstü oyun ənənəsi – Çövkən”, “Yallı (Köçəri, Tənzərə): Naxçıvanın ənənəvi qrup rəqsləri”, “Tar və tar ifaçılığı”, “Kamança hazırlanması və ifaçılığı”, “Ənənəvi Azərbaycan xalçaçılığı”, “Ənənəvi kəlağayı sənəti”, “Nazik çörəyin hazırlanması və paylaşması mədəniyyəti”, “Dolmanın hazırlanması və paylaşması mədəniyyəti”, “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” UNESCO-nun “Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısı”na daxil edilib.

Azərbaycan Respublikasının Prezidenti “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun yaradılması haqqında” sərəncam imzalayıb, UNESCO-nun Ümumdünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında “Xınalıq kəndi və Köç yolu” da UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb.

Və nəhayət, 30 illik fasilədən sonra 2021-ci ildən etibarən Şuşada ölkə Prezidentinin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının yenidən təşkil edilməsi, bunun bir ənənəyə, hər il keçirilən xalq musiqisi bayramına çevrilməsi mədəniyyət tariximizin yeni səhifəsi kimi xüsusi qeyd edilməlidir. Bütün bunlar Prezident İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın Azərbaycan xalqının ənənəvi mədəniyyətinə, milli-mənəvi dəyərlərinə nə qədər dəyər verdiyinin bariz nümunəsidir.

Bu gün artıq Azərbaycan öz qurub-yaratmaq, mədəniyyət nümunəsini işğaldan azad olunmuş torpaqların “canlandırılması” nümunəsi ilə ortaya qoyur. Ermənistanın işğalçılıq və vandalizm siyasəti nəticəsində viran olmuş yurd yerlərimiz ölkə başçısı İlham Əliyevin rəhbərliyi və tükənməz səyi nəticəsində yenidən gözəlləşir.

Azərbaycan beynəlxalq səviyyəli mədəniyyət tədbirlərinə ev sahibliyi edir. Təkcə 2023-cü ildə həyata keçirilən bu qəbildən tədbirlərlə bağlı qısa bir xatırlatma edək.

Azərbaycan 3-cü “Qorqud Ata” Türk Dünyası Beynəlxalq Film Festivalı, TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı toplantısı və Türk Dünyası Muzeylər Görüşünə ev sahibliyi edib. 

Ötən il peşəkar Azərbaycan teatrının yaranmasının 150, “Azərbaycanfilm”in 125 illiyi qeyd olunub. Bakıda dövlət başçısının iştirakı ilə tanınmış bəstəkar Tofiq Quliyevin abidəsinin açılışı olub. Ölkəmizin ilk yaradıcı ali təhsil ocağı olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi qeyd edilib. Bununla bağlı Prezident İlham Əliyevin imzaladığı 6 iyul 2023-cü il, eyni zamanda ADMİU-nun bir sıra əməkdaşının mükafatlandırılması ilə bağlı 13 dekabr 2023-cü il tarixli sərəncamları ölkə başçısının mədəniyyətə, incəsənətə və təhsilə diqqət və qayğısının ən gözəl nümunələrindəndir.

İl ərzində “Türk dünyasının mədəniyyət paytaxtı” olan Şuşa şəhərində möhtəşəm mədəni tədbirlər keçirilib. “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri və digər möhtəşəm tədbirləri qeyd edə bilərik. Dekabrın 10-da Şuşada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimi olub və estafet Türkmənistanın Anev şəhərinə ötürülüb. Bütün bu tədbirlər Şuşanın mədəniyyət incisi kimi təbliğinə xidmət edib. Onu da xatırladaq ki, Şuşa İslam dünyasının mədəniyyət paytaxtı seçilib ki, bu da başlıca olaraq dövlətimizin mədəni siyasətinin uğurudur.   

Azərbaycanda kino, teatr, Azərbaycan dili və ədəbiyyatı, musiqi, rəssamlıq üzrə silsilə forumlar təşkil olunub, yaradılan yeni mədəniyyət strategiyası üçün rəy və təkliflər kompleksləşdirilib. Bütün bunlar “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasında öz əksini tapacaq.

Qısası, Azərbaycan mədəniyyəti bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə nizamlı inkişaf yolunu davam etdirir və mədəniyyət incilərimizin gözəl nümunələri gələcəyə daşınır.

Mütəxəssislər hesab edir ki, mədəniyyət, incəsənət hansı baza üzərində inkişaf etməlidirsə, o baza müəyyənləşməli, konturları aydın görünməlidir. Yaşadığımız dövr, gedən mədəni proseslər bunu tələb edir. Çünki hər bir xalq başqa xalqların mədəniyyətindən də yararlanır, başqa xalqların mədəniyyəti də o xalqın zaman-zaman sərvətinə çevrilir. Belə olan vəziyyətdə eyni zamanda başqa bir proses də gedir: bəzən xalqlar bir-birlərinin mədəniyyətinin tarixini mənimsəyirlər və onu öz tarixləri kimi təqdim edirlər. Buna görə də öz mənsub olduğun millətin tarixini hər bir Azərbaycan vətəndaşına çatdırmaq, təbliğ etmək, göstərmək və millətin bu tarixi mənimsəməsinə nail olmaq, bundan sonra onu millətin yaradıcılıq hadisəsi kimi dünyaya çıxartmağın vacib amil olduğu vurğulanır.

Bu gün Azərbaycan dövlətinin başında duranlar bu missiyanı uğurla həyata keçirirlər. 

Aygün İbrahimli