Close

20 ilin sosial-iqtisadi inqilabı – 1993-cü ildən əvvəlki dövrü unutmayaq

Dövlət anlayışının cəmiyyətlər qarşısındakı rol və vəzifələri zamana və ideologiyaya uyğun olaraq dəyişir.

Sosial dövlət anlayışı XIX əsrdə bəşəriyyətin çətin təcrübələri nəticəsində yarandı. Tarixin ən yeni mərhələsi kimi xarakterizə olunan post-neokapitalizm dövründə insanların həyat keyfiyyətinin yüksəldilməsi, maliyyə və sosial böhranlardan sonra fərdin bir vasitə deyil, məqsədə çevrilməsi, qanunun aliliyi, insan ləyaqəti, bərabərlik, ədalət kimi anlayışların ön plana çıxması baxımından sosial dövlət anlayışı böyük əhəmiyyət daşıyır.

Təbii ki, hər bir dövlətin cəmiyyət qarşısında öz rolunu yerinə yetirə bilməsi üçün əvvəlcə fəaliyyəti üçün imkanlar, zəmin formalaşdırılmalıdır. Bu gün Azərbaycanı hələ XlX əsrdən sosial dövlət kimi formalaşmağa başlamış dövlətlərlə müqayisə edəndə əvvəlcə 30 il bundan əvvəlki tarixi xatırlamaq vacibdir.

Ölkə başçısı İlham Əliyevin dediyi kimi: “Bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu”. 

1993-cü ildən sonra Azərbaycanda siyasi, iqtisadi, sosial və mədəni islahatlar dövrü başladı. Ortada torpaqları işğal olunmuş, bir milyona yaxın vətəndaşı məcburi köçkünə çevrilmiş, dağılmış bir quruluşdan sonra hansı yolla, necə irəlilələyəcəyi cəmiyyəti ciddi narahat edən bir ölkə var idi. O dövrdə dövlətin qarşısında duran əsas vəzifə zamanın və reallığın tələbinə uyğun olaraq, dağılmış bir məmləkətin yaralarını sarımaqla başladı. Sözsüz ki, lazım olan bütün istiqamətlərdə işlər həyata keçirildi. Eləcə də, Ulu Öndər Heydər Əliyevin sosial dövlət quruculuğu yolunda həyata keçirdiyi işlər qısa vaxt sonra öz bəhrəsini verməyə başladı.    

Sosial dövlətin möhkəm təməlinin formalaşması artıq 2000-ci ildə ölkəmizin qlobal səviyyədə yoxsulluğun kəskin şəkildə azaldılmasını nəzərdə tutan beynəlxalq təşəbbüs və proqramlara fəal şəkildə qoşulmasına imkan verdi. BMT-nin 2000-ci ilin sentyabrında Nyu-Yorkda keçirilən Minilliyin sammitində 147 ölkənin qoşulduğu Minilliyin Bəyannaməsini Azərbaycan Respublikası adından imzalayan Ümummilli Lider Heydər Əliyev bu sənəddən irəli gələn öhdəliklərin Azərbaycanda uğurla yerinə yetirilməsi üçün dövlət siyasətinin formalaşmasını təmin etdi. Ulu Öndərin müəllifi olduğu uğurlu sosial-iqtisadi inkişaf strategiyası, yoxsulluğun azaldılmasına və iqtisadi inkişafın təmin edilməsinə istiqamətlənən dövlət proqramları ölkəmizdə bu sahədə mühüm irəlilləyişlərə şərait yaratdı. Azərbaycanın sosial siyasət strategiyasını müəyyənləşdirən zaman Ümummilli Lider bir tərəfdən sosial siyasətin ölkənin real iqtisadi imkanlarına uyğunlaşdırılmasına, digər tərəfdən isə müvafiq normativ-hüquqi bazanın yaradılmasına ciddi önəm verib. Müstəqil Azərbaycanın sosial siyasətinin təməlində iki klassik prinsip dayanıb: sosial ədalət və sosial rifah.

Ulu Öndər Heydər Əliyev deyirdi: “Bir dövlət olaraq, hökumət olaraq, biz xalqımızın, millətimizin, vətəndaşlarımızın sosial tələblərini təmin etməliyik”.

Bu xatırlatmalardan sonra bu günümüzə nəzər salırıq. Bu gün artıq Azərbaycan cəmiyyəti Ulu Öndərin o zaman dediyi sözlərin bir-bir necə həqiqətə çevrildiyinin şahidi olur.

Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin son 20 ildə dəqiqliklə həyata keçirdiyi siyasət nəticəsində ölkəmizin inkişafında yeni bir mərhələ başladı.

Prezidentin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli Fərmanı ilə müəyyən edilmiş strategiya ölkənin hərtərəfli inkişafına dair davamlı və sistemli proqramların əsasını qoydu, sosial-iqtisadi inkişafın real dinamikasını təmin etdi.

Əhalinin sosial müdafiəsi, xüsusilə ən həssas kateqoriyadan olan insanların sosial təminat məsələləri, bütövlükdə əhalinin sosial-iqtisadi rifah halının yaxşılaşdırılması ölkə Prezidentinin daim diqqət mərkəzində olub.

2003-2023-cü illərdə sosial təyinatlı büdcə xərcləri 20 dəfədən çox artıb.

Prezidentin rəhbərliyi altında keçən dövrdə orta aylıq nominal əməkhaqqı 12 dəfə, minimum əməkhaqqı isə 38 dəfədən çox artıb.

Belə ki, minimum aylıq əməkhaqqının həm ABŞ dolları, həm də AQP dolları ilə ifadəsində MDB ölkələri, Gürcüstan və Ukrayna üzrə müqayisə sıralamasında Azərbaycan ikinci yeri tutub.

Aparılan ardıcıl əməkhaqqı islahatlarının daha bir müsbət nəticəsi kimi ölkəmizdə xalis minimum aylıq əməkhaqqının xalis orta aylıq əməkhaqqına nisbəti 2003-cü ildəki 11,7 faizdən 2018-ci ildə 26,5 faizə, 2023-cü ilin əvvəlində isə 41,1 faizə çatıb. Bu da həmin nisbət göstəricinin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində mühüm irəliləyişdir.

Prezident tərəfindən imzalanan fərman və sərəncamlar ötən 20 il ərzində 15-dən çox yeni aylıq sosial ödəniş növünün təsis edilməsinə, habelə pensiya təminatında humanist yanaşmaların tətbiqi sosial təminat sisteminin əhəmiyyətli dərəcədə genişlənməsinə imkan yaradıb.

Yuxarıda torpaqlarımızın işğal amilinin ölkəmiz üçün açdığı yaralardan bəhs etdik. Bu gün artıq Azərbaycan torpaqları tam azaddır. Doğma yurdumuzun düşməndən təmizlənməsində misilsiz xidməti olan, dünyada heç nə ilə əvəzi olmayan həyatını qurban verən insanların yaxınları üçün dövlət tərəfindən bütün imkanlar səfərbər olunur. Müharibə əlilləri, qazilər dövlətin diqqətində saxlanılır.  

Dövlət başçısının şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə xüsusi qayğısının nəticəsi kimi 2007-ci ilin əvvəlindən şəhid ailələri, 2008-ci ilin sentyabrından müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü təyin edilib. Ötən dövrdə həmin təqaüdün məbləği şəhid ailələri üçün 6 dəfə artırılaraq 100 manatdan 600 manata, müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslər üçün 5,6 dəfə artırılaraq 90 manatdan 500 manata, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə (II dərəcə) əlilliyi olan şəxslər üçün 5,7 dəfə artırılaraq 70 manatdan 400 manata, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə (III dərəcə) əlilliyi olanlar üçün 6,6 dəfə artırılaraq 50 manatdan 330 manata çatdırılıb.

Bu təqaüdlərlə yanaşı, həmin kateqoriyalardan olan şəxslər aylıq pensiya və müavinətlərlə də təmin edilirlər.

Həmin insanlarla bağlı son illərdə yeni mühüm sosial dəstək proqramları - 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların ailələrinə və həmin tarixədək hərbi xidmət zamanı aldığı xəsarət və xəstələnməsi ilə bağlı əlilliyi müəyyən edilmiş şəxslərə və ya onların vərəsələrinə birdəfəlik ödəmələr verilməsi proqramları icra olunub. 

44 günlük Vətən Müharibəsindən sonrakı dövrdə dövlət başçısının göstərişi ilə icra olunan sosial dəstək proqramı çərçivəsində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib.

Postmüharibə dövründə onlara 5300, ümumilikdə, ötən dövrdə 14100, o cümlədən son 20 ildə 13 mindən çox mənzil, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 44 günlük Vətən müharibəsindən sonra 324 avtomobil, ümumilikdə, ötən dövrdə 7500-dən çox, o cümlədən son 20 ildə 6500-dən çox avtomobil verilib.

Postmüharibə dövrü üzrə qeyd olunan sosial dəstək proqramı şəhid ailələri və müharibə iştirakçılarından ibarət 124 min şəxsi əhatə edərək, onlara dəstəkyönümlü 309 min xidmət göstərilib. Bu xidmətlərə mənzil və avtomobillə təminat tədbirlərindən əlavə olaraq, həmin şəxslərdən ibarət 103 min şəxsə 115 min aylıq sosial ödəniş təyin olunmasını, 11 min nəfərə 51 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilməsini, 20 min şəxsin məşğulluğunun təmin edilməsini (o cümlədən 10,3 min şəxsin özünüməşğulluq proqramına cəlb olunmasını), müharibə ilə əlaqədar əlilliyi olan 2012 şəxsin 44,6 mindən çox reabilitasiya vasitəsi (o cümlədən 439 şəxsin 458 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunmasını), vahid əlaqələndirmə mərkəzlərində həmin kateqoriyalara aid 95,7 min şəxsə xidmətlər göstərilməsini və s. də aid etmək olar.

Ölkə başçısı ölkəmizin yaşlı qəhrəmanlarını da yaddan çıxarmayıb.

Belə ki, 2012-ci ildə II Dünya müharibəsi iştirakçılarına və həmin müharibə dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində işləmiş və digər şəxslərə də Prezidentin təqaüdü təyin edilməsinə başlanıb və ötən dövrdə 3,3 dəfə artırılaraq 100 manatdan 330 manata çatdırılıb.

2014-cü ildə daha bir təqaüd növü - Əfqanıstanda sovet qoşunları tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan hərbi qulluqçuların ailələrinə Prezidentin aylıq təqaüdü təsis edilib və bu təqaüd də ötən dövrdə 3 dəfə artırılaraq 200 manatdan 600 manata çatdırılıb.

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə yanaşı, digər həssas qruplardan olanların da mənzillə təminatı həyata keçirilir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olaraq və Heydər Əliyev Fondunun mühüm sosial layihələrindən biri kimi son illərdə Abşeron rayonunda çoxmənzilli yaşayış binaları inşa edilərək dövlət uşaq müəssisələri məzunlarının istifadəsinə verilib. Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin "Məzun evi" sosial müəssisəsi kimi fəaliyyət göstərən həmin yaşayış binalarında 365 məzun mənzillə təmin olunub. Eyni zamanda son illər yeni yaşayış binalarından həmin məzunlara mənzillərin təqdim edilməsi işləri aparılır və ümumilikdə ötən dövrdə həmin məzunlardan 650 şəxs tam təmirli mənzillə təmin olunub. Həmçinin gözdən əlilliyi olan şəxslərə dövlət tərəfindən yüzlərlə mənzil verilib.

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 reabilitasiya müəssisəsi fəaliyyət göstərir ki, onlar tərəfindən son beş ildə 144 min şəxsə reabilitasiya xidməti göstərilib və həmin dövrdə əlilliyi olan şəxslərə 283 min reabilitasiya vasitəsi verilib.  2018-2023-cü illərdə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib, Qəbələ rayonunda Uşaq Reabilitasiya Mərkəzi açılıb və yaxın aylarda Şəmkir Uşaq Reabilitasiya Mərkəzi də istifadəyə veriləcək. Görülən işlər reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayının həmin dövrdə 3 dəfə, son 20 ildə 8 dəfə artaraq 60 minə çatmasına imkan verib.

Dövlət tərəfindən çoxuşaqlı ailələrə dəstək məqsədilə 2014-cü ilin əvvəlindən beşdən çox uşağı olan qadınların hər bir uşağına görə aylıq sosial müavinət təsis edilib və ötən dövrdə bu müavinətin məbləği  3,5 dəfə artırılaraq 30 manatdan 105 manata çatdırılıb.

Xüsusi vurğulamaq lazımdır ki, 2018-ci ilin aprelində ölkəmizdə keçirilən seçkilərdə İlham Əliyevin ölkə seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi onun rəhbərliyi ilə 2003-2018-ci illərdə ölkənin nail olduğu dinamik inkişaf kursunun, bütün sahələrdə, o cümlədən sosial sahədə qazanılmış mühüm nailiyyətlərin uğurla davam etdirilməsinə imkan yaradıb.

"Azərbaycan xalqı ildən-ilə daha yaxşı yaşamalıdır. Bizim artan iqtisadi gücümüz ölkəmizin güclənməsinə, ilk növbədə, xalqımızın rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu edirik", - deyən Prezident İlham Əliyevin fərman və sərəncamları ilə 2018-2023-cü illərdə əməkhaqqı və digər sosial ödənişlərin artırılması məqsədilə 4 sosial islahat paketi icra olunub.

Ümumilikdə, 4 milyondan çox vətəndaşı əhatə edən bu islahatların hər biri üzrə illik əsasda ayrılan əlavə vəsaitlərin ümumi məbləği 7 milyard manata yaxın olub.

Bu islahatlar nəticəsində 2018-2023-cü illərdə Azərbaycanda minimum pensiya 2,5 dəfə, minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq pensiya 2,1 dəfə, yaşa görə orta aylıq pensiya 2 dəfə, orta aylıq əməkhaqqı 70 faiz, sosial müavinət və təqaüd ödənişləri 5 dəfə, median əməkhaqqı 2,1 dəfə, əməkhaqqı fondu 2,6 dəfə, işsizliyə görə sığorta ödənişlərinin orta aylıq məbləği 52 faiz artıb.

Azərbaycan Prezidentinin imzaladığı sənədlərlə son beş ildə daha 10 yeni sosial ödəniş növü - müharibə veteranlarına, birinci dərəcə əlilliyi olanlara və əlilliyi olan 18 yaşadək şəxslərə qulluq edənlərə, Vətən Müharibəsi qəhrəmanlarına, işləməyən pensiyaçı elmlər doktorlarına və fəlsəfə doktorlarına Prezidentin aylıq təqaüdü, uşaqları övladlığa götürən şəxslərə müavinət, himayədar ailələr üçün müavinət və s. təsis olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən məlumatlara görə, təkcə 2018-2023-cü illərdə Prezidentin aylıq təqaüdü ilə təmin olunanların sayı 6,5 dəfə artaraq 60 mindən 390 minə çatıb. Aylıq sosial müavinətlə təmin olunanların sayı isə son beş ildə 5 faiz çoxalaraq 385 mindən 432 minə çatıb. Həmçinin son illər müvafiq qanunvericilikdə humanist yanaşmalar tətbiq edilib: 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı olanlara avtomatik pensiya hüququ verilib, yaşa görə müavinət yaşı pensiya yaşı ilə eyniləşdirilib, 2022-ci ildə qanuna 50-dək əlavə və dəyişiklik edilməklə, erkən pensiya hüququ olan kateqoriyaların sırası genişləndirilib, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək sahələri sırasına yeni 59 vəzifə, peşə əlavə edilib.

Aztəminatlı ailələrin rifahına mühüm dövlət dəstəyi olan ünvanlı dövlət sosial yardımı proqramının icrasına Prezident İlham Əliyevin təsdiq etdiyi qanunla 2006-cı ildə başlanılıb. Ötən dövrdə ünvanlı sosial yardım sistemi elektronlaşdırılıb, habelə qanunvericilikdə bir sıra dəyişikliklər edilərək, bu proqramın əhatə dairəsi genişləndirilməklə proqrama əlçatanlıq artırılıb, sosial yardımın təyinat şərtləri xeyli yumşaldılıb. Ünvanlı sosial yardım üçün müraciət zamanı ailədən tələb olunan məlumatların sayı əhəmiyyətli dərəcədə azaldılıb və artıq həmin məlumatlar müvafiq elektron informasiya bazalarından əldə olunur.

Eyni zamanda ünvanlı dövlət sosial yardımının hesablanması üçün ehtiyac meyarının məbləği 2006-ci ildəki 30 manatla müqayisədə ötən müddətdə 8,2 dəfə artırılaraq 2023-cü ilin 1 yanvar tarixindən 246 manata çatdırılıb. Bu artım dinamikası aztəminatlı ailələrə ödənilən ünvanlı sosial yardımların məbləğində də ciddi artıma imkan yaradır. Hər ailəyə ödənilən ünvanlı sosial yardımın orta aylıq məbləği 2006-cı ilə nisbətən ötən müddətdə 11 dəfə artırılaraq 478 manata çatıb. Bununla yanaşı, artıq 2023-cü ildən ölkəmizdə ilk dəfə olaraq ehtiyac meyarının həcmi ilə yaşayış minimumunun həcmi bərabərləşdirilib ki, bu da ehtiyac meyarı həddinin yaşayış minimumu səviyyəsinə yüksəldilməsi hədəfinə nail olunduğunu göstərir.

Bu gün ümumillikdə 2,6 milyondan çox şəxs sosial ödəniş sistemi ilə əhatə olunub.

İnsanların məşğulluq məsələsi diqqətdə olub...

Prezidentin təşəbbüsü və tapşırığı ilə icra olunan özünüməşğulluq proqramı mühüm sosial-iqtisadi əhəmiyyəti ilə seçilən proqram olmaqla işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına dəstək verib. 2017-ci ildən icra olunan özünüməşğulluq proqramına cəlb olunanların illik sayı isə ötən dövrdə 14 dəfə artırılaraq 16 mini ötüb və 73 min şəxs özünüməşğulluq proqramına cəlb edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı məlumatlara görə, proqramın icrası zamanı aztəminatlı ailələrə, şəhid ailələri və müharibə iştirakçılarına, əlilliyi olan şəxslərə və digər həssas qruplara üstünlük verilir. Dünya Bankının maliyyə dəstəyi ilə nazirliyin icra etdiyi "Azərbaycanda məşğulluğa dəstək" layihəsi də özünüməşğulluq proqramının genişlənməsinə mühüm dəstəkdir və layihə üzrə həssas qruplardan olan 22 min işsiz şəxsin istehsal və xidmət sahələri üzrə kiçik bizneslərinin yaradılması istiqamətində işlər aparılır.

Son 20 ildə muzdla çalışanların sayı 544 min və ya 44 faiz artaraq 1 mln. 770 minə çatıb. Son illər məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşmasına yönələn kompleks tədbirlər bu istiqamətdə növbəti irəliləyişə imkan yaradaraq əmək müqavilələrinin sayında son 5 ildə 35 faiz və ya 460 mindən çox artım baş verib. Bu müsbət trendlər, əməkhaqqı islahatları məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda da qeyd olunan dövrdə 2 dəfə artımla nəticələnib və bu daxilolmaların həcmi ötən il 4,6 milyard manata çatıb.

Əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən bir qisim işlərlə bağlı sadaladığımız faktlar “Azərbaycan müasir güclü dövlətə çevrilməlidir. Bunu etmək üçün bizim bütün imkanlarımız var. Həm iqtisadi, həm siyasi imkanlar, həm də insanların intellektual səviyyəsi, dövlət siyasəti, dövlətin iradəsi və açıq-aydın görünən gələcəyin üfüqləri”, - deyən Prezident İlham Əliyevin gələcəyin üfüqlərini necə aydın gördüyünün bariz nümunəsidir.

TNS