Close

09:50
18 Oktyabr 2024
09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

Prezident İlham Əliyev Azərbaycanı sosial dövlətə çevirib

Ölkə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsi kimi bu gün Azərbaycanda sabitlik mövcuddur. Bu reallıq qarşıda duran yeni vəzifələri, hədəfləri müəyyənləşdirir.

Müstəqil, demokratik Azərbaycan Respublikasının memarı Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyası, xalqımızın maraqlarına xidmət edən dövlətçilik prinsipləri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Prezident İlham Əliyevin yanvarın 10-da yerli televziya kanallarına verdiyi müsahibədə dediyi kimi, əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim edib: “Müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Hesab edirəm ki, bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq, Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi”.

Ölkə başçısı daha sonra əlavə edib: “Son 20 ilin tarixinə gəldikdə isə hər şey göz qabağındadır. Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Hesab edirəm ki, bu, həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu fikirlərini Azərbaycan dövlətinin son 20 ildə izlədiyi yolun konseptual layihəsinin açar sözləri kimi qəbul etmək olar.

Bu gün Azərbaycan dövləti tərəfindən bir ölkənin inkişafı üçün vacib olan bütün sahələrdə əsaslı işlər aparılır.

Heç təsadüfi deyil ki, hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünü təmin etmək, daxili siyasətin sosial yönümlülüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını daim yaxşılaşdırmaqdan ibarətdir.

Azərbaycan dövlətinin əsas məqsədlərindən biri əhalinin sosial rifah halını ən yüksək səviyyəyə çatdırmaq, ölkəmizi dünyanın inkişaf etmiş dövlətinə çevrirmək, sosial rifah dövləti mərtəbəsinə yüksəltmək olub.

Sosial dövlət dedikdə inkişaf etmiş, sosial ədalət təmin olunmuş, maddi sərvətlər, nemətlər, istehsal resursları qanun daxilində hamıya əlçatan olan və hər bir vətəndaşın layiqli həyat şəraiti əldə etməsinə təminat verən hüquqi, demokratik, müasir ictimai-siyasi sistem başa düşülür. Sosial dövlət anlayışı ilk dəfə 1850-ci ildə alman alim Lorenc fon Şteyn tərəfindən işlədilib. Lorensə görə, sosial dövlət bütün siniflərə, eləcə də hər bir vətəndaşa bərabər hüquq və imkanlar yaradan dövlətdir. Belə dövlətdə hökumət bütün vətəndaşların iqtisadi və ictimai inkişafına siyasi, hüquqi, iqtisadi dəstək verməlidir.

Sosial dövlətin əsas əlamətlərinə nəzər salaq:

- sosial sahədə mükəmməl qanunvericiliyin olması;

- dövlət tərəfindən müxtəlif sosial yönümlü proqramların hazırlanması və həyata keçirilməsi;

- vətəndaş cəmiyyətinin qurulması;

- dövlətin vətəndaşlar qarşısında sosial məsuliyyəti;

- dövlət tərəfindən hər bir vətəndaşın sosial müdafiəsinin təmin olunması və layiqli həyat şəraitinin yaradılması;

- layiqli sosial, iqtisadi, mədəni həyat təminatları əldə etmək üçün hər kəsə bərabər imkanlar yaradılması;

- ölkənin iqtisadi inkişafının yüksək səviyyədə olması.

Sosial dövlət quruculuğu ötən əsrin ortalarından, II Dünya müharibəsindən sonra başlayıb və dünyada ilk dəfə 1949-cu ildə Almaniya Federativ Respublikası özünü sosial dövlət elan edib.

Tarixmizdən məlum olduğu kimi, bir ölkə kimi müstəqilliyimizi 1990-cı ilin əvvəlində əldə etdiyimizdən bu istiqamətdə yol alan ölkələrin sırasına gec qoşulmuşuq.

Müstəqil Azərbaycanın dövlət quruculuğu yolunda əsas strateji hədəflərini müəyyən edərkən Ümummilli Lider Heydər Əliyev deyib: "Azərbaycan Respublikası öz dövlət quruculuğunda, sosial-iqtisadi problemlərin həllində tutduğu strateji yolla gedir. Bizim bu yolumuz Azərbaycanda demokratik-hüquqi sivilizasiyalı dövlət qurmaqdan, demokratik prinsipləri gündən-günə inkişaf etdirməkdən, dünyanın əldə etdiyi bütün demokratik nailiyyətləri Azərbaycanda yaymaqdan, onlardan bəhrələnməkdən ibarətdir".

Azərbaycan dövlətinin əsas məqsədlərindən birinin sosial dövlət olması barədə 1995-ci ildə qəbul edilən Konstitusiyamızda birbaşa müddəa olmasa da, Konstitusiyaya 2002-ci ildə edilən əlavə və dəyişikliklərdə sosial rifah dövlətinin qurulması ilə bağlı müddəa öz əksini tapıb. Konstitusiyamızda Azərbaycan dövlətinin başlıca vəzifələrindən birinin vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması, iqtisadi azadlıqlarının təminatçısı olduğu göstərilir.

Azərbaycan sosial dövlət quruculuğu yolunda inamla irəliləyir və son 20 ildə bu istiqamətdə saysız işlər həyata keçirilib. 

Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu uğurlu sosial siyasətin Prezident İlham Əliyev tərəfindən ötən 20 ildə sosial sahəyə xüsusi qayğı ilə davam və inkişaf etdirilməsi nəticəsində ölkəmizdə bütün sahələrdə davamlı inkişaf prosesləri uğurla həyata keçirilib və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

İqtisadi və hərbi gücünü daim artıran, qarşısına qoyduğu bütün strateji hədəflərə doğru inamla irəliləyən, bu yolda böyük nailiyyətlərə, qələbələrə imza atan Azərbaycan Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, qüdrətli, lider dövlətinə çevrilib.

Uğurlu sosial-iqtisadi siyasət, icra olunan ardıcıl və məqsədyönlü dövlət proqramları yoxsulluğun kəskin şəkildə azalmasını şərtləndirməklə, Azərbaycan bu sahədə müsbət təcrübəsinə görə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dair milli məsləhətləşmələrin aparılması üçün seçilmiş ölkələr sırasına daxil edilib.

"Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır", - deyən Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı ölkəmizdə davamlı sosial inkişafa, sosial müdafiə və aktiv məşğulluq proqramlarının uğurla davam etdirilərək ildən-ilə əhəmiyyətli dərəcədə genişlənməsinə, sosial təminat sisteminin dəfələrlə güclənməsinə imkan yaradıb.

Ötən 20 ildə dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərclərində 20 dəfədən çox artım baş verib. Minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, orta aylıq əməkhaqqı 12 dəfə artaraq 925,3 manata çatıb. 2006-cı ilin əvvəlindən Azərbaycanda qabaqcıl dünya təcrübəsinə uyğun müasir sığorta-pensiya modelinə keçidin təmin edilməsi pensiya təminatında müsbət trendləri şərtləndirib. Dövlət başçısının 2014-cü il 4 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"na uyğun olaraq həmin sistemin yeni çağırışlara uyğun təkmilləşdirilməsi, layiqli pensiya təminatı sisteminin qurulması istiqamətində mühüm addımlar atılıb.

Bununla yanaşı, dövlət başçısı tərəfindən hər il müvafiq sərəncamlar imzalanmaqla minimum pensiyaların mütəmadi artırılması, hər ilin əvvəlində pensiyaların və fərdi hesablardakı pensiya kapitallarının indeksləşdirilərək artırılması təmin olunub. Ümumilikdə ötən 20 ildə minimum pensiya 14 dəfə artaraq 280 manata, orta aylıq pensiya 18 dəfə artaraq 435 manata, yaşa görə orta aylıq pensiya 19 dəfə artaraq 466 manata, əlilliyə görə orta aylıq pensiya 14 dəfə artaraq 366 manata, ailə başçısını itirməyə görə orta aylıq pensiya isə 19 dəfə artaraq 408 manata çatıb.

Pensiya üzrə ödənilən illik vəsaitlərin məbləği isə 30 dəfədən çox artaraq 5 mlrd. 907 mln. manata çatıb. Təkcə son bir ildə pensiyalar üzrə ödənişlərə ayrılan illik vəsaitdə 1 mlrd. manata yaxın, son beş ildə isə 2,4 mlrd. manat (70 faiz) artım olub.

Digər tərəfdən, 2003-cü ildə orta aylıq pensiya məbləği pensiyaçılar üçün yaşayış minimumundan 2 dəfə aşağı olduğu halda, hazırda bu məbləğ (435 manat) olmaqla  pensiyaçılar üçün yaşayış minimumunu (199 manat) 2,2 dəfə üstələyir.

Minimum və orta aylıq pensiya məbləğlərinin Alıcılıq Qabiliyyəti Pariteti (AQP) əsasında hesablanmış AQP dolları ilə ifadəsində MDB ölkələri, Gürcüstan və Ukrayna üzrə müqayisə sıralamasında Azərbaycan müvafiq olaraq birinci və ikinci yeri tutub.

Yazılarımızın davamında ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu sosial siyasət nəticəsində bu sahənin müxtəlif istiqamətlərində əldə olunan uğurlar və gəlinən nəticələrdən söhbət açacağıq.

Aygün İbrahimli