Close

Həcc ziyarətinə getmək istəyənlər üçün vacib xəbər

Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbulu bayram günlərində də davam edəcək.

Bunu TNS-ə Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.

Onun sözlərinə görə, sənəd qəbulu ilə bağlı vaxt məhdudiyyəti olduğundan Həcc ziyarəti üçün sənəd qəbulu 24-29 tarixləri arasında da davam etdiriləcək:

“Bayram tətili günlərində də sənədlərin qəbulu davam edəcək. Həcc ziyarətinə sənəd qəbulu aprelin əvvəlində başa çatacaq. Həccə getmək niyyətində olan vətəndaşlardan xahiş edirik ki, vaxt azlığını nəzərə alsınlar və sənədlərini zamanında təqdim etsinlər”.
Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Azərbaycana 1300-dək kvota ayrılacaq. O bildirib ki, hazırda kvotanın 75 faizdən çoxu dolub: “Yerlər məhdud olduğundan Həcc ziyarətinə getmək istəyənlərə müraciətlərini tezləşdirməyi tövsiyə edirik. Çünki bəzi vətəndaşlarımız arxayın olub son anda müraciət edirlər və yerlər dolmuş olur”.

Qeyd edək ki, azərbaycanlı zəvvarlar Həcc ziyarətinə mayın 25-30-u aralığında gedəcəklər. Ziyarət üçün sənədlərin qəbulu iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi QMİ-nin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.

Aygün