Bu il fitrə zəkatının məbləği göstərilməyib - QMİ sədrinin müavini məbləğdən danışdı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının Fətvasına görə, bu il Ramazan bayramı martın 30-da qeyd olunacaq. Bayramdan əvvəl yerinə yetirilməsi vacib hesab olunan əməllərdən biri də fitrə zəkatının verilməsidir. Bu il Fətvada fitrə zəkatı ilə bağlı hər hansı bir rəqəm tövsiyə olunmayıb.
QMİ sədrinin müavini hacı Fuad Nurullayev TNS-ə açıqlamasında bildirib ki, fitrə zəkatının müəyyən bir məbləğ kimi göstərilməsi insanlar tərəfindən birmənalı qarşılanmadığı üçün bu il Fətvada məbləğ qeyd olunmayıb:
“Fitrə zəkatının məbləği sadəcə tövsiyə olunur. Bu zəkatı verməyə imkanı olan hər bir insan ən çox istifadə olunan ərzağın 3 kilosunun qiymətini ailədə adambaşına fitrə kimi verə bilər. Məsələn, ən çox istifadə olunan ərzaq kimi un-buğda, düyü kimi məhsullar götürülə bilər. Deyək ki, buğdanın 1 kilosu 1-1,5 manatdırsa, adambaşına 3-4 manat götürülə bilər. İmkanı olan insanlar daha yuxarı-adambaşına 10-15 manat da fitrə verə bilər. Fitrə zəkatını gücü çatan insanlar verir. Deyək ki, ailədə 5 nəfər varsa, onlar 50 manat fitrə verə bilər. Bu, ildə bir dəfə olur. Maddi imkanı olan insanlar üçün fitrə zəkatı vacibdir və çox böyük savabı var”.
Fitrə zəkatının ancaq ailənin sağ üzvləri üçün verildiyini deyən QMİ sədrinin müavini onu da bildirib ki, vəsaitin əvvəlcə qohum-əqrabada, yaxın qonşuda olan maddi imkanı zəif insanlara verilməsi tövsiyə olunur. Əgər yaxın insanlar arasında bu cür şəxlər yoxdursa, tanımadığımız insanlara da verilə bilər.
F.Nurullayev onu da vurğulayıb ki, fitrə zəkatının bayramdan bir gün əvvəl şam namazı vaxtı verilməsi məqsədəuyğundur.
Aygün