Close

Sabah Ramazanın ilk günü, bu gecə bərəkət və bağışlanma zamanıdır

Sabah Ramazan ayının ilk günüdür. Belə ki, bu il Ramazan ayının ilk günü miladi təqvimi ilə martın 1-nə təsadüf edir. Fevralın 28-dən martın 1-nə keçən gecə niyyət gecəsidir.

İlahiyyat üzrə fəlsəfə doktoru, dinşünaslıq üzrə dosent-Əkrəm Həsənov TNS-ə Ramazan ayının mahiyyəti, vacib əməlləri, ilk gecənin əhəmiyyəti ilə bağlı danışıb.

O bildirib ki, Ramazanın ilk gecəsi böyük bir bərəkət və bağışlanma fürsətidir. 

O, orucun insanın ruhunu saflaşdırdığını, nəfsini tərbiyə etdiyini, təqvanı artırdığını və insanın Allahla bağını möhkəmləndirdiyini vurğulayıb: “Ramazan ayı İslamda ən müqəddəs aylardan biridir. Qurani-Kərimdə bu ay haqqında belə buyurulur: “Ramazan ayı elə bir aydır ki, insanlara doğru yolu göstərən, açıq-aşkar dəlillərlə haqqı batildən ayıran Quran bu ayda nazil edilib...” (Bəqərə, 2/185).

İslam alimləri Ramazanın ilk gecəsinin xüsusi bir fəzilətə malik olduğunu bildirirlər. Çünki bu gecə il ərzində ibadətlərin daha çox qəbul olunduğu, məğfirət qapılarının açıldığı və şeytanların zəncirləndiyi bir dövrün başlanğıcıdır.

Hədislərdə bu gecənin xüsusi mərhəmət gecəsi olduğu qeyd olunur. Həzrət Peyğəmbər (s) buyurub: "Ramazanın ilk gecəsi girən zaman şeytanlar və üsyankar cinlər bağlanar, cəhənnəmin qapıları bağlanar və heç biri açılmaz. Cənnətin qapıları açılar və heç biri bağlanmaz. Bir mələk səslənərək deyər: ‘Ey xeyir axtaran, irəli gəl! Ey şər arzulayan, geri dur!’" (Tirmizi, Savm, 1)”.

İlahiyyatçı qeyd olunan hədisin Ramazanın ilk gecəsinin mənəvi yüksəliş üçün necə bir fürsət olduğunu göstərdiyini vurğulayıb.

Əkrəm Həsənov bildirib ki, bu gecə tövbə etmək, dualarla Allaha yönəlmək və niyyətlərimizi saflaşdırmaq üçün əvəzsiz imkandır: “Qurani-Kərimdə orucun əsas məqsədinin təqvaya çatmaq olduğu bildirilir: "Ey iman gətirənlər! Oruc sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də vacib edildi ki, bəlkə (təqvalı olub) pis əməllərdən çəkinəsiniz." (Bəqərə, 2/183).

Oruc insanı günahlardan çəkindirir, nəfsin şəhvətlərini cilovlayır və Allahın əmrini yerinə yetirmək ruhunu formalaşdırır. Oruc insanın nəfsini islah etməsinə kömək edir. Yemək, içmək və digər cismani istəklərdən çəkinmək insana iradəsini gücləndirməyi öyrədir. Peyğəmbərimiz (s) buyurub: "Oruc səbrin yarısıdır." (İbn Macə, Siyam, 44)”.

Müsahibimiz qeyd edib ki, İslamda oruc sadəcə aclıq və susuzluq deyil, həm də qəlbin və ruhun təmizlənməsi vasitəsidir: “Peyğəmbərimiz (s) buyurur: "Kim yalan danışmaqdan və pis işlər görməkdən çəkinməzsə, onun ac və susuz qalmasına Allahın ehtiyacı yoxdur." (Buxari, Savm, 8).

Bu hədis göstərir ki, orucun əsas məqsədi təkcə fiziki aclıq deyil, həm də mənəvi təmizlənmə və gözəl əxlaqla yaşamaqdır.

Oruc tutan şəxsin duasının rədd edilməyəcəyi bildirilib: "Üç nəfərin duası geri qaytarılmaz: oruc tutanın iftar zamanı duası, ədalətli rəhbərin duası və məzlumun duası." (Tirmizi, Savm, 37).

Ramazanda edilən duaların daha tez qəbul olunacağına görə, möminlər bu ayı dua, tövbə və zikrlə keçirməlidirlər.

Hədislərdə Ramazan ayında Cənnət qapılarının açıldığı və Cəhənnəm qapılarının bağlandığı bildirilir. Peyğəmbərimiz (s) buyurub: "Ramazan ayı gəldikdə Cənnət qapıları açılar, Cəhənnəm qapıları bağlanar və şeytanlar zəncirlənər". (Buxari, Savm, 5).

Bu, möminlər üçün günahlardan tövbə edib saleh əməllərlə qurtuluş qazanmaq üçün böyük fürsətdir.

Aclıq və susuzluq insanın yoxsulların halını daha yaxşı dərk etməsinə səbəb olur. Bu, sosial həmrəyliyi artırır və insanları sədəqə və yardım etməyə təşviq edir. Peyğəmbərimiz (s) buyurur: "Kim orucluya iftar verərsə, onun savabından heç nə əskilmədən eyni savabı qazanar." (Tirmizi, Savm, 82).

Ramazan Qurani-Kərimin nazil olduğu aydır və bu ayda müsəlmanlar Quran oxumağa daha çox yönəlirlər. Peyğəmbərimiz (s) buyurur: "Ramazan ayında Cəbrail mənə gəlir və mənə Quran oxuyardı." (Buxari, Fadailü'l-Qur'an, 7).

Bu səbəbdən müsəlmanlar Ramazanı Quran oxumaq, onu anlamaq və həyatlarına tətbiq etmək üçün bir fürsət kimi görməlidirlər.

“Bu ayda ibadətə daha çox diqqət yetirmək, Quran oxumaq, dua və zikrlə məşğul olmaq, kasıblara kömək etmək və günahlardan çəkinmək müsəlman üçün ən gözəl fürsətdir. Allah bu ayı bütün müsəlmanlar üçün xeyirli və bərəkətli etsin!”, -deyə alim vurğulayıb.

Aygün İbrahimli