Close

Niyə 11 ayın sultanı Ramazan?

Xəbər verdiyimiz kimi, Ramazan ayı Azərbaycanda martın 1-də başlayacaq. Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı olacaq. 

Bəs, Ramazan niyə bu qədər vacib ay hesab olunur?

TNS bu barədə ətraflı məlumatı təqdim edir:

Müqəddəs Ramazan ayı – orucun vacib olduğu aydır. Müsəlmanlar bütün Ramazan ayı boyunca tutacaqları oruc üçün niyyət edəcəklər.

WhatsApp_Image_2025-02-27_at_11-57-09

Niyyət axşamı nə edilir?

Müqəddəs Ramazan ayının ilk gecəsi – niyyət gecəsidir. Gecənin əvvəlindən sübh azanına qədər istənilən vaxt qəlbdə niyyət etməklə hər bir müsəlman Ramazan ayına başlamış olur. Niyyəti həm hər ayrıca gün üçün, həm də bütün ay üçün etmək olar. Niyyət belə edilir (bütün Ramazan ayı üçün): "Bir ay Ramazan ayının orucunu tuturam, vacib qürbətən iləllah".

Dinşünaslar hesab edir ki, oruc tutan şəxsin edəcəyi əməli özü üçün müəyyənləşdirməsi niyyət sayılır. Bu şəxs orucun axırına kimi bu müəyyənliyində sabit qalmalıdır. Niyyəti dilə gətirmək vacib deyil. Oruc tutanlar bütöv ay üçün, yaxud ayrıca günlər üçün niyyət edə bilərlər.

Niyyət nə zaman edilməlidir?

İslam alimlərinin fikrincə, vaxtı müəyyən olan vacib orucda (Ramazan ayının orucu kimi) niyyət gecənin əvvəlindən sübh azanına qədərki zaman periodunda, istənilən vaxt edilə bilər. Əgər niyyət etmək oruc tutan şəxsin yadından çıxsa, yaxud bilməsə və günortadan əvvəl yadına düşsə, bu halda; orucu batil edən (pozan) işlərdən görməyibsə, niyyət etməlidir. Əgər orucu batil edən (pozan) işlərdən görübsə, yaxud günortadan sonra yadına düşsə, orucu pozulmuş hesab edilir. Lakin şam azanına qədər orucu batil edən işlərdən (yeməkdən, içməkdən və s.) çəkinməli, sonradan həmin günün qəzasını tutmalıdır. Orucun vaxtı sübh azanından şam azanına qədərdir.

Ramazanın ilk gününün duası

İlk günün duası isə belədir: "İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsl gecə ibadətçilərinin ibadətindən qərar ver".

Əhya gecələrinin vaxtı nə zamandır?

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan ayının təqvimini açıqlayıb. Təqvimdə Ramazan ayının namaz vaxtları, o cümlədən imsaq və iftar vaxtları qeyd olunub.

Ramazan ayının 20-dən 21-nə keçən gecə (20 mart), Ramazan ayının 22-dən 23-nə keçən gecə (22 mart) və Ramazan ayının 26-dan 27-nə keçən gecə (26 mart) Qədr gecələri olacaq.

Qeyd edək ki, Azərbaycanda Ramazan bayramı münasibətilə martın 30-31-də qeyri-iş günləri olacaq.

WhatsApp_Image_2025-02-27_at_11-56-55