Dini sahə üzrə təhsil alanların sayı artır - İş yerləri varmı?

İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən növbəti müsahibə prosesi keçirilib.
Müsahibə prosesində qadın dini ayinlərin icraçısı vəzifəsi üzrə 1 vakant yer üçün müraciət edən 36 namizəd, imam və imam müavini vəzifəsinə 3 vakansiya üzrə 82 namizəd arasında seçim aparılıb.
Məlum olduğu kimi, 2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutu fəaliyyət göstərir. Ötən ildən Bakı İlahiyyat Kolleci tələbə qəbulu aparmağa başlayıb. Bu sahə üzrə əvvəldən də xeyli ixtisas sahibi insanlar var.
Ölkədə dini sahə üzrə təhsil alanların sayı artır, ixtisaslı kadrlara ehtiyac olduğu hər dəfə vurğulanır. Amma təqdim olunan vakansiyalar, müraciət edənlərin sayı ilə müqayisədə, cüzi olur.
Sahə üzrə təhsil alanların işlə təmin olunması, eyni zamanda ehtiyac olan qurumlara dini sahə üzrə peşəkar kadrların yerləşdirilməsi üçün hansı addımlar atıla bilər?
Mövzu ilə bağlı TNS-ə danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, qeyd olunan müsabiqələrin keçirilməsində əsas hədəf və məqsəd məscidlərə uyğun kadrların yerləşdirilməsi və onların fəaliyyətinin tənzimlənməsidir: “Ölkədə təxminən 2250 civarında məscid var. Hazırda məscidlərə peşəkar din xadimlərinin təyin olunması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən tədbirlər həyata keçirilir. Artıq Azərbaycan İlahiyyat İnstitutunun tələbələri də prosesə cəlb olunur, onların cəlbi üçün bütün tədbirlər görülür.
Məlum olduğu kimi, ölkədə Azərbaycan İlahiyyat İnstitutu, Bakı İlahiyyat Kolleci fəaliyyətdədir. Eyni zamanda, Mənəvi Dəyərlərin Təbliği Fondu var. Dini sahə üzrə təhsil alan məzunlar fərqli dövlət qurumlarında da işlə təmin oluna və mütəxəssis kimi fəaliyyət göstərə bilərlər. Əslində, bütün dövlət qurumlarında bu istqiamətdə addımlar atılır. Fərqli qurumlarda bu istiqamətdə çalışan peşəkarlar, ilahiyyat alimləri var”.
Dini sahə üzrə iş yerlərinin azlığı məsələsinə gəlincə, deputat bildirib ki, proses uzun mərhələlidir: “Sahə yenidir. Əslində, məscidlərin sayı da o qədər çox deyil. Ona görə də proses mərhələli şəkildə həyata keçirilməlidir. Dini sahə üzrə kadrlara ehtiyac olan dövlət qurumları Azərbaycan İlahiyyat İnstitutunu bitirən tələbələrə üstünlük verməlidirlər. Onların peşəkar fəaliyyət və imkanlarından istifadə etməlidirlər. Əgər bu olmazsa, gələcəkdə çətinlik yarana, gənclərin arasında dini təhsilə maraq azala bilər. Ona görə də onlara diqqət və qayğı olmalı, işlə təmini prioritet məsələ kimi həllini tapmalıdır”.
Aygün