Close

23:40
20 Yanvar 2025
22:10
20 Yanvar 2025

“Bu, Azərbaycanda din azadlığının bariz nümunəsidir”

Ölkədə fəaliyyət göstərən dini qurumlar Azərbaycan Prezidenti İlham Əliyevin bu qurumlara maliyyə yardımı göstərilməsi ilə bağlı Sərəncam imzalamasını yüsək qiymətləndirir və dövlət başçısına minnətdarlıq edirlər.

Azərbaycan Bibliya Cəmiyyətinin sədri Rasim Xəlilov TNS-ə açıqlamasında Azərbaycanın protestant icmaları adından Prezident İlham Əliyevin ölkədə tolerantlığın və dini etiqad azadlığının gücləndirilməsinə yönəlmiş siyasətini alqışladığını, bu addımın Azərbaycanın din azadlığının bariz nümunəsi olduğunu qeyd edib: “Ölkə başçısının bu addımı dini icmalara göstərilən diqqət və qayğının bariz nümunəsidir. Xristian icmasının sədri kimi hesab edirəm ki, cənab Prezidentin bu dəstəyi ölkəmizin protestant icmalarının inkişafına və fəaliyyətinə mühüm töhfədir”.

Bakı şəhəri Alov Xristian Dini İcmasının sədri İdris Məmmədov bu Sərəncamın dövlət başçısının ölkədə fəaliyyət göstərən bütün dini icmalara göstərdiyi diqqətin və qayğının əyani sübutu olduğunu bildirib: “Azərbaycan Prezidenti cənab İlham Əliyevə multikulturalizm və tolerantlıq ənənələrinə verdiyi dəyərə görə dərin minnətdarlığımızı ifadə edirik. Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizdə müxtəlif dinlərə və mədəniyyətlərə hörmətin qorunmasına böyük töhfə verir.

Prezidentin tolerantlıq və multikulturalizm dəyərlərini dəstəkləyən siyasəti müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı hörmət və əməkdaşlığı gücləndirir. Bu, həm ölkəmizin daxilində, həm də beynəlxalq arenada Azərbaycanın nüfuzunun daha da artmasına səbəb olur.

Xristian dini icmamıza ayrılan maddi dəstək bizə fəaliyyətimizi daha da genişləndirmək, mənəvi dəyərlərimizi qoruyub saxlamaq və xeyirxah işlərimizə davam etmək üçün əlavə imkanlar yaradır. Bu dəstək yalnız icmamız üçün deyil, həm də cəmiyyətimizdə birlik və həmrəylik prinsiplərinin möhkəmləndirilməsi baxımından çox qiymətlidir.

Ayrılan maddi yardımın xristian dini icması tərəfindən düzgün və şəffaf şəkildə istifadəsi üçün əsas məqsədlərə uyğun prioritetlər müəyyənləşdirilir. Yardımın istifadə sahələri və proseduru aşağıdakı kimi təşkil edilir:

1. İcmanın dini və mədəni fəaliyyətləri üçün dəstək

* Kilsə daxilində ibadətlərin təşkili və daha keyfiyyətli keçirilməsi üçün texniki avadanlıq və materialların alınması.

* Dini bayramlar və xüsusi tədbirlərin təşkili, icmanın birliyini gücləndirmək məqsədilə sosial fəaliyyətlər.

2. İnfrastrukturun yaxşılaşdırılması

* Kilsənin və ya digər dini mərkəzlərin təmiri, bərpası və abadlaşdırılması.

* Yeni layihələr, məsələn, icma üçün tədris mərkəzləri, kitabxanalar və ya gənclər mərkəzlərinin yaradılması.

3. Maarifləndirmə və təhsil

* Dini ədəbiyyatların çapı və yayılması, həmçinin müqəddəs kitabların tərcümə və nəşr xərcləri.

* İcma üzvləri, xüsusilə də gənclər üçün maarifləndirici seminarlar, treninqlər və təhsil proqramlarının maliyyələşdirilməsi.

4. Humanitar yardımlar

* Maddi vəziyyəti çətin olan icma üzvlərinə dəstək.

* Xeyriyyə proqramları vasitəsilə ətraf cəmiyyətlərə yardım göstərmək (məsələn, yemək paylamaq, ehtiyacı olanlara geyim təmin etmək).

5. Şəffaflıq və hesabatlılıq

* Ayrılan vəsaitin istifadəsinə dair aydın planın hazırlanması və bu barədə icma üzvlərinə və müvafiq qurumlara hesabat verilməsi.

* Yardımın xərclənməsinin müvafiq qanunvericiliyə və dövlət qaydalarına uyğun olmasının təmin edilməsi”.

Sədr qeyd edib ki, ayrılan maddi yardımın məqsədyönlü istifadəsi Dini İcma rəhbərlərin öhdəsinə düşür: “Dini icma rəhbərləri aşağıdakı prinsipləri rəhbər tutmalıdırlar:

1. Hədəfə uyğun istifadə: Maddi yardımın konkret məqsədlərə yönəldilməsi.

2. Sosial fayda: Yardımın yalnız icma deyil, ümumilikdə cəmiyyət üçün də faydalı layihələrə yönəldilməsi.

3. İcmanın fəaliyyətinin dəstəklənməsi: Yardımın ruhani və mənəvi inkişafı gücləndirəcək sahələrdə istifadə olunması.

Bakı şəhəri Alov Xristian Dini İcması olaraq, hər tədris ilinin əvvəlində bizə ayrılan maliyyə ilə aztəminatlı ailələrdən məktəbə 100 uşağın getməyinə dəstək olur, bu cür ailələrdən olan uşaqları qış aylarında isti paltarla təmin edirik. Şəhid ailələrinə, uşaq evlərində, internat və sığınacaqlarda olan uşaqlara ABŞ-dən gətirdiyimiz hədiyyələri veririk. Ötən il xüsusi qayğıya ehtiyacı olan 150 uşaq üçün Yeni il şənliyi təşkil etmişik”.

Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev də açıqlamasında Prezident İlham Əliyevin dini icmalara göstərdiyi maliyyə dəstəyini yüksək qiymətləndirib.

M. Yevdayev, dövlət başçısı İlham Əliyevin dini icmaların heç birini digərindən seçmədiyini, onlara fəaliyyət göstərmələri üçün bərabər imkan yaratdığını vurğulayıb: “Cənab Prezidentin mövcud Sərəncamı dini icmaların fəaliyyətini dəstəkləmək və onların inkişafına şərait yaratmaq baxımından önəmlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə dinlərarası əməkdaşlıq, multikultural dəyərlər inkişaf edir. Bütün dinlərin nümayəndələri mehriban şəraitdə yaşayır, fəaliyyət göstərirlər”.

Qeyd edək ki, dövlət başçısının ötən gün imzaladığı Sərəncama əsasən, Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350 min manat, Sefarad yəhudilərinin Bakı dini icmasına 350 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350 min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 min manat ayrılıb.

Aygün