Close

Qadını geyiminə görə əxlaqsız adlandırmaq olar?

Geyiminə görə bu və ya digər qadını əxlaqsızlıqda ittiham etmək həm dini nöqteyi-nəzərə görə doğru deyil, həm də əxlaqın qiymətləndirilməsi kimi mürəkkəb problemi kompleks deyil, tək bir parametr əsasında həll etməyə cəhd göstərməkdir.

TNS xəbər verir ki, AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, ilahiyyatçı Elvüsal Məmmədov geyim və əxlaq haqqında fikrlərini bölüşüb.

O bildirib ki, əxlaqi kimliyin qiymətləndirilməsi, bu mürəkkəb problemin həlli tək parametrlə kifayətlənməyi deyil, kompleks yanaşmanı tələb edir: “Geyimdə Allahın qoyduğu qaydalardan kənara çıxan fərd islam hüququnda əxlaqsız deyil, asi (Allahın qaydalarını pozan, günahkar) kimi tövsif edilir. Üstəlik, geyiminə görə bir qadına əxlaqsız demək, onun ismətini şübhə altına almaq, bununla da ona iftira atmaq (qəzf əl-mühsənat) mənasına gəlir. Qadının ismətini şübhə altına almaq, ona böhtan atmaq isə böyük və həlakedici günahlardan (kəbairü mubiqat) sayılır. Müsəlman hüququnda qadının geyimdə Allah tərəfindən qoyulan qaydalardan kənara çıxması əxlaq məsələsi kimi deyil, şəriət hökmlərinə münasibət məsələsi kimi öyrənilir. Odur ki, belə bir hal baş verdikdə problemi əxlaq məsələsi kimi həll etmək islam hüquq təcrübəsi və ənənəsindən kənara çıxmaqdır.

İslam mövqeyində dayanaraq, geyimi üzündən qadına əxlaqsız deyənlər hüquqi (fiqhi) status (əl-hökm əş-şər`i) və əxlaqi davranış anlayışları arasında fərq qoymağı bacarmayan şəxslərdir.

Geyim tək bir parametrdir, odur ki, birbaşa nəyinsə göstəricisi ola, fərdin həyat tərzi (davranışları, danışığı, başqalarına münasibəti...) sərf-nəzər edilə bilməz. Nəzərə alaq ki, liberal-dünyəvi cəmiyyətlərdə bu gün ayıb sayılan şey sabah ayıb sayılmaya bilir, məhz bu baxımdan müəyyən geyim formasına üstünlük vermək, hər şeydən əvvəl, mövcud vəziyyətə uyğun hərəkət edən fərdin şüurlu, yaxud şüursuz seçimindən başqa bir şey deyildir, yaxud mövcud dəb, yaxud mədəni paradiqmalara uyğun davranmaqdır”.

İlahiyyatçının sözlərinə görə, təkcə geyiminə görə bir xanım haqqında əxlaqsız sözünü işlətmək onun kimliyini, şəxsiyyətini zənn altına almaqdır, cəmiyyətdə adını qara çıxarmaqdır: “Geyimin indiki dövrdə pop-mədəniyyətin təsiri ilə şüurlu seçimdən daha çox dəb ifadə edən seçim halına gəlməsi bizi daha ehtiyatlı hərəkət etməyə vadar edir.

Geyim nə əxlaqın, nə də əxlaqsızlığın birbaşa göstəricisidir. Bir şəxsin əxlaqlı olub-olmamağını təkcə geyimlə əlaqələndirmək əsəbi-emosional və sadəlövh yanaşmanı ifadə edir.

Bu fikirləri yazmaqda məqsəd əxlaqsız həyat sürməyi hər kəsə məlum fərdlərin geyim-keçimini müzakirə etmək deyil. Söhbət tanımadığımız fərdləri geyiminə görə əxlaqsızlıqda ittiham etməkdən gedir”.