Close

“Din xadiminin savadı, dünyagörüşü, təcrübəsi yerində olmayanda...”

Azərbaycanda yüzlərlə məscid fəaliyyət göstərir. Dini ibadət məkanlarında sağlam təhsilli din xadimlərinin xidmət göstərməsinin vacibliyi hər zaman vurğulanır. Doğru dini məlumatların insanlar üzərində müsbət təsiri olduğu kimi, radikal dindarlar tərəfindən aşılanan fikirlər fəsadlara gətirib çıxarır.

Təəssüf ki, xüsusilə bölgələrdə hələ də sağlam dini təhsili olmadığı halda, məscidlərdə imamlıq edənlər var.

Bu məsələ hansı problemlərə yol açır və həlli istiqamətində görülən işlər yetərlidirmi?

Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov mövzu ilə bağlı TNS-ə bildirib ki, ölkədə bu problemlərin qarşısının alınması üçün dövlət tərəfindən müəyyən adımlar atılır, tədbirlər görülür: “Son dönəmlər yalnız təhsili olan şəxslər məscidlərə din xadimi kimi təyin olunur. Əvvəlki dövrdə bu sahədə problemlər var idi. Bu gün problemlərin qarşısının alınması üçün dövlət tərəfindən müəyyən adımlar atılır, tədbirlər görülür. Din xadimi adi bir fəzifə deyil. Vəzifəni icra edən insanların savadı, dünyagörüşü, təcrübəsi yerində olmayanda bu, məscidin fəaliyyətinə də çox ciddi təsir göstərir. Ona görə də bu məsələnin önəmini nəzərə almalıyıq. Düşünürəm ki, yavaş-yavaş bu məsələ öz həllini tapacaq. Problem uzun illər ərzində yığılıb qalıb”.

cm

Deputat qeyd edib ki, bu istiqamətdə səylərin davam etdirilməsi və artırılması önəmlidir: “Məsələnin həlli üçün səyləri artırmalı, müəyyən layihələr həyata keçirməliyik. Qeyd etdiyim kimi, müəyyən işlər gedir ki, bu da gələcəkədə prosesin müsbət məcrada cərəyan edəcəyinə dair düşüncə və fikirlər formalaşdırır”.

Ümumiyyətlə, bu gün respublika ərazisində fəaliyyətdə olan məscidlərin neçəsinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən imam təyinatı aparılıb? Nə qədər məsciddə təhsilli imamlara ehtiyac var?

Eləcə də neçə məscidimizə qadın dini ayin icraçıları təyin olunub?

Bu suallarla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sorğu göndərsək də, sorğumuz cavabsız qaldı.

Qeyd edək ki, Komitənin məlumatına görə, ölkə ərazisində 2258 məscid mövcuddur.

Aygün