Close

Din alimləri ilahiyyatçıları öz məzhəblərinə uyğun yetişdirir? - Orta məktəblərdə din dərsləri keçilməlidir

İlahiyyatçı Elşad Miri iddia edib ki, bu gün Azərbaycanda bütün din alimlərinin məzhəbləri var: “İstər-istəməz hadisələrə yanaşma tərzlərində də bu, özünü göstərir. Bu da təhsil məsələsi önündə baryer rolunu oynayır. Azərbaycan İlahiyyat İnustutu bu gün ilahiyyatçı yetişdirən tək ali məktəbdir, lakin orada da tərəfsizlik qorunmur, həmin şəxslər öz məzhəblərinə uyğun hərəkət edəcək. Bu xeyrdən çox zərərə səbəb olacaq”.

Məktəb və universitetlərdə dini dərslərin keçirilməsinin tərəfdarı olduğunu açıqlayan ilahiyyatçı qeyd olunan kadrların bu dərslərin tədrisində yer almasının problemlərə yol açma ehtimalını vurğulayıb.

Qeyd edək ki, vaxtilə Azərbaycanda dini radikalizmin qarşısını almaq, gənclərə sağlam dini biliklər vermək, gələcəkdə bu sahədə olan boşluqları doldurmaq üçün güvənilən kadrlar yetişdirmək məqsədilə yaradılan bir təhsil ocağı ilə bağlı səsləndirilən fikirlər sual doğurur. Məktəblərdə dini bilikləri əhatə edən fənlər tədris olunmalıdır. Bu bilikləri ixtisaslı kadrlar əvəzinə kim verməlidir? Əgər vurğulanan ehtimallar varsa, bu cür din alimlərinin gənclərə təsiri məsələsinə necə nəzarət olunmalıdır?

TNS mövzu ilə bağlı ilahiyyat üzrə fəlsəfə doktoru, Milli Məclisin deputatı Ceyhun Məmmədovun fikirlərini öyrənib.

Ceyhun Məmmədov bildirib ki, dünyada dini fənlərin mütəxəssislər tərəfindən tədris olunması təcrübəsi var: “Hər bir fənn özünün mütəxəssisi tərəfindən deyilməlidir. Başqa cür ola bilməz.

Mən o fikirlə razı deyiləm ki, bütün müəllimlər mənsub olduğu məzhəbi dərslərində göstərirlər və ya bununla bağlı kiməsə təsir edirlər. Bu, belə deyil. Mən əminliklə deyə bilərəm ki, Azərbaycan İlahiyyat İnstitutunda belə bir problem yoxdur. 2018-ci ildə Prezident İlham Əliyev Sərəncam imzaladı və biz Azərbaycan İlahiyyat İnstitutunu yaratdıq”.

cm

Dinlə bağlı orta məktəblərdə tədrisə gəlincə, ilahiyyatçı qeyd edib ki, bu məsələ dəfələrlə qaldırılıb: “Biz əvvəl də dedmişik ki, orta məktəblərdə din haqqında bilgilər verilməlidir. Bu, bütün dinlər haqqında olmalıdır. Yalnız bir din, məzhəb haqqında deyil, bütün dinlər haqqında məlumat verilməlidir. Bu mövzuda ümumi olaraq geniş məlumat verilməlidir. Bunu da sırf mütəxəsisslər etməlidir. Belə olmazsa, bu, proseslərə əks-təsir göstərəcək. Əgər bu yanaşmaya əməl etməzsək, sonrakı dövrlərdə problemlər və çətinliklər yaşaya bilərik. Zaman gələcək biz bu prosesə gedəcəyik. Amma vaxt itirmədən bu istiqamətdə addımlar atmalıyıq. Hazırda gecikirik. Mən əvvəldən bu məsələ ilə bağlı öz mövqeyimi və fikrimi bildirmişəm. Bu prosesə ən qısa vaxtda nail olmalıyıq. Təbii ki, tədrislə məşğul olan din mütəxəssislərinin də fəaliyyətinə ciddi bir nəzarət mexanizmi təmin olunmalıdır”.

Aygün