Səfər ayı başa çatır
Bu gün Məhərrəm ayından sonra gələn Səfər ayı başa çatır.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) TNS-ə verilən məlumata görə, sabah artıq hicri-qəməri təqviminin üçüncü ayı olan Rabiuləvvəl ayı daxil olur.
Xatırladaq ki, hicri-qəməri tarixinin ilk ayı olan Məhərrəm bu il miladi təqvimi ilə iyulun 7-də başlayıb, avqustun 4-də başa çatıb. İmam Hüseynin və tərəfdarlarının şəhid olmasının 40-cı günü (Ərbəin) avqustun 24-də qeyd olunub.
Qeyd edək ki, ölkəmizin əksər bölgələrində insanlar Məhərrəm və Səfər ayları ərzində toy etmirlər.
Hicri-qəməri təqvimində ayların adları, ardıcıllığı və günlərinin sayı belədir: Məhərrəm; Səfər; Rabiuləvvəl; Rabiulaxır; Cəmədiyuləvvəl; Cəmədiyulaxır; Racəb; Şəbən; Ramazan; Şəvval; Zulqadə; Zulhiccə.
Müsəlman təqviminin bütün tək ayları əksər hallarda 30 gündən, bütün cüt ayları isə 29 gündən ibarətdir. Yalnız 12-ci ay - Zulhiccə ayı istisna təşkil edir. Həmin ay ilin uzun və ya qısa olmasından asılı olmayaraq 30 gündür.
Sonda xatırladaq ki, bu il Hicri-Qəməri təvimi ilə 1446-cı ildir.
Aygün