Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Milyonlarla müsəlmanı birləşdirən Ərbəin yürüşü Azərbaycan peyki üzərindən canlı yayımlanır

Artıq bir neçə gündür ki, müsəlman dünyasının ən önəmli hadisələrindən biri sayılan “Ərbəin yürüşü” başlayıb. Dünyada ən izdihamlı müsəlman dini mərasimlərindən olan “Ərbəin yürüşü” münasibətilə milyonlarla insan İmam Hüseynin və tərəfdarlarının qətlə yetirildiyi İraqın Kərbəla şəhərinə doğru yola çıxır. Hətta bu yolçuluğa 600-700 kilometrlik məsafədən gələnlər də olur ki, onlar bu yolu qət edə bilmək üçün bir ay əvvəldən yola çıxırlar.  

Qeyd edək ki, bu il Ərbəin ziyarəti tədbirlərinin “Azerspace -1” peyki üzərindən canlı yayımına başlanılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin verdiyi açıqlamaya görə, Ərbəin ziyarəti zamanı hazırlanan proqram və tədbirlərin fars, ərəb, ingilis, türk və urdu dilində olan canlı yayımı “Azerspace -1” peyki vasitəsilə 5-dən çox qlobal media qrupunun televiziya şəbəkəsinə ötürülür. Beləliklə, “Azerspace -1” peyki sayəsində bu ziyarətin maraqlı anları Yaxın Şərq ölkələrinin 500 milyon əhalisinin təxminən 50 faiz izləyicisinə çatdırılır.

Qeyd edək ki, avqustun sonuna kimi İraqın Kərbəla şəhərində keçirilən Ərbəin ziyarətində bu il təxminən 20 milyondan çox insanın iştirakı proqnozlaşdırılır.

Xatırladaq ki, ərbəin ərəbcədən tərcümədə 40-cı gün deməkdir. Bu mərasimlərdə məqsəd şəhid olmuş İmam Hüseyn və onun tərəfdarlarının vəfatının 40-cı günü onları yad etməkdir.

Milyonlarla insanı birləşdirən Ərbəin yürüşü necə yaranıb və nə vaxtdan qeyd olunur?

Mövzu ilə bağlı TNS-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əməkdaşı, AMEA-nın doktorantı Samid Quliyev məlumat verib.

QMİ əməkdaşı bildirib ki, Ərbəin ziyarəti səfər ayının 20-də qeyd olunan mərasimdir: “İslam tarixinə görə ilk dəfə İmam Hüseynin (ə) qəbrini Peyğəmbər (s) səhabəsi Cabir bin Abdullah məhz səfər ayının 20-də ziyarət edib. Həmin hadisədən sonra hər il insanlar simvolik olaraq İmamın (ə) qırx mərasimini, Ərbəin hadisəsini qeyd edir,  İraqın Nəcəf şəhərindən Kərbəla şəhərinə qədər təxminən 80 km yolu piyada yürüş edirlər. Həmçinin, Nəcəfdən Kərbəlaya Təriqul-Ülama və ya Təriqul-Fərat kimi tanınan başqa bir yol var və bəzi zəvvarlar bu yoldan Kərbəlaya gedirlər. Bu yolun uzunluğu 89 kilometrdir”.

İlahiyyatçı bildirib ki, İraqda yaşayan xalqlar arasında Ərbəin yürüşünün özünəməxsus adət və ənənələri mövcuddur: “Bu adətlər Fərat çayının ətrafında yaşayan tayfalar tərəfindən yolboyu rəcəz və qəsidələr oxumaq və zəvvarlara xidmət göstərməkdən ibarətdir.  Ən böyük mərasim isə Ərbəin günü zöhr namazından sonra Kərbəlada ziyarətgahın giriş hissəsində dayanaraq mərsiyə və sinəzənlər oxunmaqla başlayır. Müsəlman dünyasının bir parçası sayılan Azərbaycandan da minlərlə könüllü zəvvar Ərbəin yürüşünə qoşulur. Ziyarətdə olan həmvətənlərimiz Nəcəfdən Kərbəlaya qədər yolboyu ehsanlar verir, xeymələrdə bayrağımızla yanaşı şəhidlərimizin şəkillərini asır, qazilərimiz üçün dualar edirlər”.

Qeyd edə ki, bu il  İmam Hüseynin və onun tərəfdarlarının vəfatının  40-cı günü miladi təqvimi ilə avqustun 24-də qeyd olunacaq.

Aygün İbrahimli