Şəhidlərimiz üçün Quran ziyafəti təşkil olunub - FOTO
Türkiyə Səfirliyinin Din Xidmətləri Müşavirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığıyla Bakı şəhəri Şəhidlər məscidində bütün şəhidlərimizin əziz xatirəsinə həsr olunan, artıq ənənəvi olaraq təşkil edilən Qurani-Kərim ziyafəti keçirilib.
TNS xəbər verir ki, şəhid ailələri, yaxınları və qazilərimizin də iştirak etdiyi tədbiri giriş sözü ilə Türkiyə Səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açık açıb. O, Şəhidlər Məscidinin Şəhidlər Xiyabanının qonşuluğunda yerləşdiyini qeyd edərək bu kimi tədbirin şəhidlərimizə vəfa borcu olduğunu, şəhidlərimizin bizim baş tacımız olduğunu vurğulayıb. Qeyd edib ki, bir ay ərzində şəhidlərimiz üçün 150 xətm oxunub.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə çıxışında qardaş Türkiyədən gələn qonaqlara və tədbir təşkilatçılarına təşəkkürünü bildirib. Bütün şəhidlərə Allahdan rəhmət diləyib, şəhid ailələrinə və qazilərə dövlətimizin qayğı və diqqətindən danışıb.
Qafqaz Müsəlmanları İdarəsi Səbail rayonu üzrə bölgə qazısı, Şəhidlər məscidinin imamı Mirzahid Qənbərov tədbir iştirakçılarına və qardaş Türkiyədən gələn qonaqlara təşəkkür edib.
Çıxışlardan sonra Türkiyədən gələn qonaqlar – Üsküdar Albayrak məscidi imamı Yunus Emre Aygün, Cənnət məscidi imamı Yasin Çınar, Rumi Mehmet Paşa məscidi imamı Erdem Aydın, Şeyx Mustafa Devati məscidi imamı Huzeyfe Akdeniz, Karadavut Paşa məscidi imamları Emrullah Çalışkan və Binali Murtuzaoğlu öz gözəl Qurani-Kərim qiraətləri ilə Qurani-Kərim ziyafətinə töhfələrini veriblər.
Tədbirin sonunda qarilər tərəfindən sala və ilahilər oxunub.
Sonda tədbir iştirakçılarına şəhidlərimiz adına ehsan süfrəsi açılıb və ehsanlar verilib.