Close

İlahiyyat İnstitutunda qanvermə aksiyası keçirilir

Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyası keçirilir.

TNS xəbər verir ki, aksiya iyulun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Gənclər Fondu, Milli QHT Forumu, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə təşkil olunub.

Qanvermə aksiyasında Dövlət Komitəsinin sədri Ramin Məmmədov, VI çağırış Milli Məclisin deputatları Əziz Ələkbərli, Ceyhun Məmmədov, "ASAN Radio"nun direktoru Emin Musəvi, "Türk Hava Yolları" şirkətinin Bakı nümayəndəliyinin rəhbəri Hamid Eldeleklioğlu, 43 qeyri hökumət təşkilatının üzvləri, idmançılar və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Aksiya iştirakçıları ölkəmizdə Məhərrəm ayında kütləvi olaraq təşkil edilən könüllü qanvermə ənənəsinin əhəmiyyətini vurğulayıblar. Aşura günündə zorakılıq etmək, özünə xəsarət yetirmək əvəzinə qanvermənin daha mütərəqqi bir seçim olduğunu bildirərək, Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi təşəbbüsünün cəmiyyətdə təqdir edildiyini qeyd ediblər.

200-dən çox insanın iştirak etdiyi qanvermə aksiyasında toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəlikdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Xatırladaq ki, bu gün qanvermə aksiyaları Naxçıvan Muxtar Respublikası daxil olmaqla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin müəyyən etdiyi 35 (ali təhsil müəssisələri, xəstəxana, məscid və ziyarətgahlar) ünvanda keçirilir.