Close

“Zəncir vurmaq, baş yarmaq kimi xurafat elementlərinin qarşısının alınması üçün tədbirlər görülüb” - RƏSMİ

İyul ayının 7-də İslam aləmində böyük əhəmiyyəti olan Məhərrrəm ayı başlayıb. Aşura mərasimləri zamanı Bakıda və bölgələrdə hər hansı xoşagəlməz halların yaşanmaması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hansı addımlar atılıb?

Məsələ ilə bağlı komitədən TNS-in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda əsrlərdir, Məhərrəm ayında Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyn və onun tərəfdarlarının fəciəvi şəkildə qətlə yetirilməsi ehtiramla yad edilir. Bununla bağlı məscid və ziyarətgahlarda mərasimlər təşkil olunur. Xalqımız bu günlərdə, xüsusilə də Tasua və Aşura günlərində İslam dininin mütərəqqi və insanpərvər dəyərləri əsasında tədbirlər keçirir, Peyğəmbər və onun əhli-beytinə ehtiramını nümayiş etdirir.

Qeyd olunub ki, Məhərrəm ayında ehtiyacı olanlara kütləvi olaraq könüllü qanvermə ənənəsi davam etdirilir: “Azərbaycanda ötən il Aşura ilə əlaqədar 16 ünvanda keçirilən qanvermə aksiyasının əhatə dairəsi bu il genişləndirilərək 35-ə çatdırılıb. Bu nəcib təşəbbüsün davamı olaraq iyul ayının 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyası keçiriləcək.

Ötən illərə nəzər saldıqda, ölkəmizdə keçirilən məhərrəmlik mərasimlərində hansısa ciddi neqativ hala rast gəlinməyib. Cari ildə də vətəndaşlarımızın bu ayda dini ayin və ritualları sərbəst şəkildə yerinə yetirmələri üçün bütün zəruri tədbirlər həyat keçirilib. Məhərrəm ayının başlamasından öncə Dövlət Komitəsinin Aparatının və regional bölmələrinin əməkdaşları tərəfindən dini icmalar və din xadimləri ilə görüşlər keçirilib, mərasimlərin qanunvericiliyin tələblərinə uyğun təşkil olunması ilə bağlı müzakirələr aparılıb. Zəncir vurmaq, baş yarmaq və digər xurafat elementlərin qarşısının alınması üçün lazımı tədbirlər görülüb”.

Komitədən verilən məlumatda vurğulanıb ki, mərasimlərdə iştirak edən vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi istiqamətində şəhər və rayon icra hakimiyyətləri, eləcə də hüquq-mühafizə orqanları ilə müzakirələr aparılıb.

Aygün