Azərbaycanda Aşura ilə bağlı nümunəvi model yaradılır - Qan çıxarmaq yox, qan vermək...
Aşura hadisəsi dünya tarixində böyük faciələrdən biri olmaqla yanaşı, İslam tarixində dönüm nöqtəsi və bir qəhrəmanlıq salnaməsidir.
TNS xəbər verir ki, bunu Milli Məclisin Vl çağırış deputatı, ilahiyyatçı alim Ceyhun Məmmədov bildirib.
Onun sözlərinə görə, bu tarixi hadisə insanların ali dəyərlər uğrunda özünü qurban verməsinin ən bariz nümunələrindən biridir: “Şübhəsiz ki, İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) nəvəsi Həzrət Hüseynin (ə) övladları və yaxınları ilə birlikdə şəhid olmaları İslam tarixində dərin iz buraxıb.
Aşura, eyni zamanda, Azərbaycan tarixi, mədəniyyəti, poeziyası və musiqisinin formalaşmasında mühüm yer tutub, klassik ədəbiyyata ciddi təsir göstərib. Bu mənada Aşura sıradan bir dini-tarixi hadisə deyil, müsəlman dünyasında, xüsusən də Azərbaycan tarixində müstəsna yeri olan fenomendir.
Azərbaycan tarixində Məhərrəm ayının və Aşuranın xüsusi yeri var. Azərbaycan xalqı hər il bu hadisələrin ildönümünü yüksək səviyyədə keçirir. Bu ənənələr Azərbaycanda xalqımız tərəfindən daima yaşadılıb. Xalqımızın tarixində, ədəbiyyatında, mədəniyyətində bu hadisələr xüsusi qeyd edilib”.
C.Məmmədov vurğulayıb ki, imam Hüseynin (ə) mübarizəsinin ədalətin bərpası üçün olduğunu unutmamalıyıq: “Bu hadisədən alacağımız bir çox dərs var. Bu, Vətən, haqq, ədalət uğrunda canından belə keçməyə hazır olmaq mesajıdır.
Biz o dövrdə baş verən hadisələrdən nəticə çıxararaq, Vətənimizin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda hər an canımızdan keçməyə hazır olmalıyıq. Necə ki, bunu Vətən müharibəsi zamanı etdik.
Onu da qeyd edək ki, bu gün ayrı-ayrı ölkələrdə bu mərasimlər baş yarmaq və qan çıxarmaqla qeyd edilir. Azərbaycanda bununla bağlı nümunəvi modeli ortaya qoyularaq, hər il qanvermə aksiyaları keçirilir. Yəni insanlar qan çıxarmaq əvəzinə, qan verməklə bu aksiyalarda iştirak edirlər.
İnanırıq ki, hər il olduğu kimi, bu il də insanlarımız məhərrəmliyi və Aşura mərasimlərini onun həqiqi ruhuna uyğun keçirəcəklər”.
Aygün