Bakı İlahiyyat Kollecinə direktor təyin edildi
2023-cü ilin dekabrında yaradılan “Bakı İlahiyyat Kolleci”nə direktor təyin olunub.
TNS xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədovun müvafiq əmr ilə bu vəzifə Mehman İsmayılova həvalə olunub.
Qeyd edək ki, Mehman İsmayılov 2017-ci ilin dekabr ayının 22-dən bu günə kimi DQİDK tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru vəzifəsində çalışıb.
Mehman Qurban oğlu İsmayılov 14 avqust 1978-ci ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. 1995-ci ildə Zaqatala rayonu Aşağı Tala kənd 1 saylı orta məktəbini bitirib.
1995-2000-ci illərdə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində təhsil alıb. İlahiyyat fakültəsini qırmızı diplomla bitirdikdən sonra 2000-ci ildə Türkiyə Respublikasında Mərmərə Universiteti Sosial Elmlər İnstitutunda ilahiyyat (təfsir) sahəsi üzrə magistraturaya daxil olub və 2002-ci ildə oradan məzun olub.
2002-ci ildə Bakı İslam Universitetinin Zaqatala şöbəsində təfsir müəllimi kimi fəaliyyətə başlayıb. 2003-cü ildə yenə Mərmərə Universiteti Sosial Elmlər İnstitutunda ilahiyyat (təfsir) sahəsi üzrə doktoranturaya qəbul olunub. 2008-ci ildə “Quranda Sosial İnteqrasiya” adlı elmi işini müdafiə edərək doktorantura təhsilini başa vurub və ilahiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. Doktorantura təhsili başa çatdıqdan sonra 2008-2012-ci illərdə Bakı İslam Universitetinin Zaqatala şöbəsində müəllimlik fəaliyyətinə davam edib.
2012-ci ilin may ayının 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şimal-qərb bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 2015-ci ilin aprel ayından 2017-ci ilin dekabrınadək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsində işləyib. 2017-ci ilin dekabr ayının 22-dən indiyə kimi Dini Komitə tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru olub.
2 kitab müəllifidir, müxtəlif elmi məcmuə və jurnallarda 15 elmi məqaləsi, onlarla məqalə və tərcümələri dərc olunub. Bir çox seminar, konfrans və simpoziumlarda məruzələri olub.
Ailəlidir. 2 qız övladı var.