Close

09:50
18 Oktyabr 2024
09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

Kəbənin ətrafında dövrə vurmaq bütpərəstlikdir?

Tez-tez belə bir iddia səsləndirilir ki, İslamda bütpərəstlik qadağan olunsa da, müsəlmanlar Kəbənin ətrafında dövrə vurmaqla bütpərəstlik ənənəsini davam etdirirlər. Kəbənin ətrafında dövrə vurmaq, qara daşı öpmək bütpərəstliyin qalıqlarındandır.

Halbuki Kəbənin ətrafında dövrə vurmağı əmr edən Quranda monoteizm qaya parçası kimi möhkəmdir; bütpərəstliyin hökm sürdüyü Ərəbistanda nazil olan müqəddəs mətnlərin, az qalsın, hər sətrində Allahın təkliyi, ucalığı, misilsizliyi vurğulanır, Peyğəmbər və davamçılarına bütpərəstliklə, ibadətdə vasitəçiliklə dönməz surətdə mübarizə aparmaq tapşırığı verilir.

TNS xəbər verir ki, bu barədə Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov paylaşım edib.

O bildirib ki, bütpərəstliyin obyekti hesab olunan bütlə ətrafında dövrə vurmağımız əmr edilən Kəbə arasında fərq var: “Bir şey (ideya, predmet) o vaxt büt halına gəlir ki, tapınma, ibadət obyektinin özü olsun. Yəni, hansısa bir şeyə tapındıqda, ibadət etdikdə həmin şey büt sayılır. Halbuki heç bir müsəlman Kəbəyə tapınmır, ibadət etmir, dualarında ondan kömək diləmir. Deməli, müsəlman fərd Kəbəyə deyil, Kəbə ətrafında dövr vurmağı əmr buyuran Allaha ibadət edir. Bütpərəstlikdə isə dediyimiz kimi, insanlar Tanrı hesab etdikləri, xeyir verib, zərər toxundurduğuna inandıqları bütləri ibadət obyekti seçirlər.

Habelə bütlər özlüyündə sitayiş obyekti olduğu halda, Kəbə ətrafında dövrə vurmaq, yaxud Kəbənin özü rəmzdir, “əlamət”dir, “nişanə”dir (“nişan”dır). Dünyəvi məsələlərdə də belədir. Hər nişanın, əlamətin öz mənası var. Qırmızı işıq – dayanmağın, yaşıl isə hərəkətə icazənin əlamətidir, nişanıdır. Quran terminologiyasında nişan, əlamət “şəair” (nişanələr, əlamətlər) adlanır”.

E. Məmmədov bildirib ki, Allah bizə bəzi nişanələrə uyğun davranmağı əmr edib: Allah bildirib ki, həmin nişanələrə əməl etmək ibadətdir: “Məsələn, namaz fiziki hərəkətlərdən ibarət olsa da, ibadətdir; hicab geyim parçası olsa da, ibadətdir; dəstəmaz bədən üzvlərini yumaqdan ibarət olsa da, ibadətdir; dua və zikr sözlərdən ibarət olsa da, ibadətdir. Yəni, Allah ibadətin mücərrəd (abstrakt) qalmağını istəməmiş, ayrı-ayrı formalarda konkretləşdirmiş, “rəmz” və “nişanə”lərlə yaddaqalan və asan etmişdir. Yuxarıda sadalanan ibadət formaları islama dəlalət edən “nişanə”lərdir. Biz bu nişanələrə əməl etməklə Allaha ibadət etmiş sayılırıq.

Bu baxımdan, Kəbə daş bina deyildir, əksinə, Allahın evidir, namazda üzümüzü tutduğumuz qiblədir. Müsəlmanlar bütlərə tapınanlar kimi Kəbəyə ibadət etmirlər; əksinə, Kəbəni qibləgah tutmağı, həcc və ümrə etməyi, həcc və ümrədə Kəbə ətrafında dövrə vurmağı əmr edən Allaha ibadət edirlər. Müsəlman Kəbəyə deyil, Allaha dua və ibadət edir; Kəbədən deyil, Allahdan bağışlanma diləyir.

Allah Kəbəni “Allahın evi” (Beytullah) adlandırıb. Bütpərəstlik, yaxud politeizmin cövlan etdiyi dövrdə inanclı insanların yalnız Allaha üz tutmasında “Allahın evi” adlandırılan rəmzi binanın monoteizmin möhkəmlənməsində oynadığı rol danılmaz idi. Deməli, Kəbə təkallahlılığı, yalnız Uca Allaha üz tutmağı, əl açarkən yalnız Ona əl açmağı, tapınarkən yalnız Ona tapınmağı ifadə edən rəmzdir, nişanədir.

Bütün ayinlərin maddi-formal tərəfi ibadətin rəmzi-əşyavi “qabığ”ını əmələ gətirir. Bu səbəbdən Uca Allah buyurur: “Kim Allahın nişanələrinə hörmət göstərərsə, şübhəsiz, bu, qəlblərin təqvasındandır” (əl-Həcc, 32)”.

Aygün