Merac gecəsi nə zaman qeyd olunur?

İslam dünyasında xüsusi mənası olan günlərdən biri də Merac gecəsidir.
Merac gecəsi “Üç aylar”ın ikinci mübarək gecəsidir. Yüksəlmək mənasına gələn merac İslam peyğəmbəri Hz. Muhəmməd (s.ə.s)-in meraca yüksəldiyi gecənin adıdır. Merac gecəsi nə zaman qeyd olunur və fəziləti nələrdir?
İlahiyyatçı, Heydər məscidinin imamı hacı Rüfət Qarayev TNS-in bu barədə sualını cavablandırıb.
O bildirib ki, Merac gecəsi Rəcəb ayının 27-cü günü, bizim təqvimlə bu il fevralın 7-dən 8-nə keçən gecə qeyd olunur: “Bildiyiniz kimi, Rəcəb ayı mübarək “Üç aylar”dan biridir. Bu ay gəldiyi zaman Peyğəmbərimiz “Allahım, Rəcəb və Şabanı bizim üçün mübarək eylə, bizi Ramazan ayına çatdır”, - deyə dua edərmiş. Rəcəb ayı çərçivəsində xüsusi günlər var. O günlərdən biri də Rəcəb ayının 27-ci gecəsidir. Bu gecə bizim təqvimlə ayın 7-dən 8-nə keçən gecə sayılır. Ayın 8-i günü müsəlmanların oruc olması və gecəsində də Yaradana dua etmələri məqbul əməl hesab olunur. O gecə həm Merac gecəsi, eyni zamanda peyğəmbərizə peyğəmbərliyin verilməsi - “məbəs günü” hesab edilir. Hər iki tərəfdən yanaşdıqda, Merac gecəsinin gözəl dəyərləndirilməsinə ehtiyac var”.
İlahiyyatçı bildirib ki, Allah rəsulu o gecə Allahın hüzuruna gedir və bir çox hadisələlərlə rastlaşır: “Allahın hüzurunda ümməti üçün dualar etmiş olur. Gecənin fəziləti böyükdür. Rəbbimiz o gecənin bərəkətini gözəl şəkildə yaşamağı hər birimiz nəsib etsin, inşallah”.
Aygün