Close

Açılışından 9 il keçən məsciddə namaz qılanlar ildən-ilə artır

Azərbaycanın ən böyük məscidi olan Heydər məscidində namaz qılan, dua edən insanların sayı ildən-ilə daha da artır.

Məscidin imamı Hacı Rüfət Qarayev TNS-ə deyib ki, məsciddə cümə namazları vaxtilə qoyulan ənənəyə uyğun olaraq, bir həftə əhli-sünnə, digər həftə əhli-şiə imamının iştirakı ilə vəhdət şəkildə qılınır: “İmamlar dəyişsə də, namaz qılan insanlar, demək olar ki,  eynidir. Vəhdət şəkilində qılınan cümə namazlarına qatılan insanların sayı ildən-ilə artır. Hər həftə 1500-2000 insan namaza qatılır. Gündəlik namazlar 5 vaxt yerdəyişmə, bayram namazları da eynilə yerdəyimə şəklində qılınır”. 

Qeyd edək ki, Azərbaycanın ən böyük məscidi olan Heydər məscidi 2014-cü il dekabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə açılıb.

Dövlət başçısının tapşırığı ilə inşa olunan məscid 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Məscid üçün 95 metr hündürlüyündə 4 minarə inşa olunub.

Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. 55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir.

2016-cı il yanvarın 15-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş “Multikulturalizm ili” çərçivəsində Bakıda Heydər məscidində ilk dəfə vəhdət namazı qılınıb. Mərasimdə məzhəbindən asılı olmayaraq, bütün müsəlmanlar bir araya gələrək eyni vaxtda, bir yerdə namaz qılıb, dualar edib. Azərbaycanın bu ənənəsi qonşu Türkiyə daxil olmaqla, bir sıra ölkələr tərəfindən nümunə kimi qəbul olunub.

Aygün