Hacı İsmayılov: “Rəhimə xanım bizə bir dəfə zəng vurub dedi ki...”

“Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanımın bizə heç bir müraciəti olmayıb. Nəsə müraciəti olsa, çalışarıq ki, ona baxaq. Yerinə yetirmək mümkündürsə, yerinə yetirək”.
Bu sözləri TNS-ə açıqlamasında Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Xalq artisti Hacı İsmayılov deyib.
Hacı İsmayılov Teatr Xadimləri İttifaqının bütün sənətkarlar qarşısında öz borcunu yerinə yetirməyə çalışdığını bildirib:“Azərbaycan Teatr Xadimləri İttifaqı kimi hər il gedib Xalq artisti Yaşar Nurinin abidəsini ziyarət etmişik, gül-çiçək qoymuşuq. Rəhimə xanım yalnız bir dəfə ittifaqa zəng edib edib. Mənə yox, müavinlərimə deyib ki, Yaşar Nurinin ad günündə onun məzarını ziyarət edək. Biz də gedib etmişik. Bununla bağlı görüntüləri əks etdirən video da var. Teatr Xadimləri İttifaqı istər dünyasını dəyişən, istərsə də sağ olan bütün sənətkarlarla bağlı öz borcunu hər zaman yerinə yetirir”.
Qeyd edək ki, Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva mətbuata verdiyi müsahibəsində Yaşar Nurinin xatirəsinə qarşı olan laqeydlikdən danışıb. O, Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Xalq artisti Hacı İsmayılovun adını da çəkib: “Hərənin başı öz işinə qarışıb. Eləcə telefonla da zəng eləyə bilərlər, heç zəng eləməklərinə ehtiyac yoxdur. Mən bu dəqiqə Teatr Xadimləri İttifaqına zəng vurum, dərdimi deyim, problemim həll olunsa, deyərəm, dünyanın axırıdır. Hacı İsmayılov niyə zəng eləyib maraqlanmır? İndi zəng eləsəm, cavab verməyəcək. Bu laqeydliyin səbəbi nədir, bilmirəm. Teatr Günündə zəng eləmirlər, maraqlanmırlar. Axırıncı dəfə zəng elədim ki, bu gün ad günüdür, sonra gəldilər. Mən deyəndən sonra nəyimə lazımdır? Ümid edirəm ki, 75 illiyi dövlət səviyyəsində qeyd olunar. Etinasızlıq baş alıb gedir. İstərdim ki, həftədə bir dəfə onun tamaşaları verilsin. Mövzu qoyulsun, müzakirə olunsun. Cavan nəsil də öz incəsənətini bilsin”.
Aygün