Close

"Dövlət Agentliyinin xərclədiyi bu vəsait Milli Kulinariya Mərkəzinin 15 illik büdcəsi idi" - ŞOK AÇIQLAMA

Azərbaycanın özünəməxsus kulinariya mədəniyyəti, bir-birindən ləzzətli yeməkləri var. Bəs bu sahədə mövcud imkanlarımızdan qastronomiya turizminin inkişafı üçün istifadə edə bilirikmi? Təbii ki, ölkəyə gələn turist sadəcə gəzmək üçün gəlmir. Turistlərin seçimində gedəcəyi ölkənin mətbəxi mühüm rol oynayır.

Mövzu ilə bağlı TNS-in suallarını Əməkdar mədəniyyət işçisi, 1991-2022-ci illərdə Azərbaycanın Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru olmuş, "Kulina" jurnalının baş redaktoru Tahir Əmiraslanov cavablandırıb.

Mütəxəssis bildirib ki, ölkəmizdə mətbəx nöqteyi-nəzərdən turizm ağır vəziyyətdədir: “Milli Kulinariya Mərkəzində çalışdığım zaman mətbəxin patentləşməsi məsələsini qaldırdıq, praktikasını ortaya qoyduq. O zaman Milli Kulinariya Mərkəzindən əlavə Dövlət Turizm Agentliyində qastranomiya bölməsi yaradıldı. Əlbəttə ki, bu iki güc idi. Milli Kulinariya Mərkəzində 17 adam işləyirdi. Çalışanların sayını artırmaq olardı.

Bu sahədə aparılan işlər fəaliyyətdən daha çox hesabat vermək xarakteri ilə önə çıxdı. Nə qədər desəniz, səs-küy var, amma ortada konkret iş yoxdur. 2023-cü ildə mətbəxin tanıdılması üçün bir beynəlxalq təşkilatla birlikdə Dövlət Turizm Agentliyi 2,19 milyon pul xərcləmişdi. Bu vəsait Milli Kulinariya Mərkəzinin 15 illik büdcəsi idi”.

T.Əmiraslanovun sözlərinə görə, qastronomik turizm yalnız xörəklərin ləzzətindən asılı deyil: “Bu sahədə çoxlu işlər görülməlidir. Sahənin inkişafı ümumi turizmin vəziyyətindən də asılıdır. Dünya ölkələrində mətbəxin təbliğat mexanizmləri daha güclü formada aparılır. Məsələn, Yaponiyada baş nazirə tabe olan kulinariya polisi var. O polis yalnız Yaponiyada deyil, dünyada yeməklərin yapon mətbəxinə bənzəyib-bənzəmədiyini araşdırır. Bu verilən önəmin göstəricisidir.

Biz vaxtilə bu sahədə çox işlər apardıq, təəssüf ki, apardığımız işlərin qarşısını almağa çalışdılar və alırlar. Təbliğat gedib hansısa sərgilərdə fırlanmaq deyil. Bu işin əsasında elmi strategiya durmalıdır. Hər xörək müxtəlif tərəflərdən öyrənilməlidir. Dəfələrlə yazdıq ki, milli mətbəxin kompleks tədqiqatlarını aparan institut yaradılsın. İndi AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun nəzdində, eləcə də, Folklor İnstitutunda milli mətbəxin öyrənilməsi ilə bağlı bölmə yaradılır. Amma bunlar azdır. Tutaq ki, xəngəl yeməyini götürsək, onun tarixini, poeziyasını verməliyik. Haqqında olan folklor nümunələrini ortaya qoymalıyıq. Bədənə xeyrini həkimlər analiz etməlidir. Din alimləri dinimizə uyğun-olub olmadığını, dilçilər adının əmələgəlmə qanunauyğunlaqlarını ortaya qoymalıdır. Bu cür kompleks yanaşma olanda ortaya yaxşı nəticələr çıxar. Yoxsa, hərənin öz bildiyi kimi təbliğatından bir nəticə olmaz. Starteji məqsədlər qoyulmalıdır”.

Müsahibimiz vaxtilə sadalanan bu işləri həyata keçirmək üçün Milli Kulinariya Mərkəzi və Dövlət Turizm Agentliyinin Qastranomiya bölməsinin yaradıldığını, lakin indi onların hansı işlərlə məşğul olduqları barəsində məlumatının olmağıdını qeyd edib.

Restoran və otellər milli mətbəx amilinə necə yanaşır?

T.Əmiraslanov bildirib ki, vaxtilə mərkəz tərəfindən otellər üçün Azərbaycan səhər yeməyi menyusu hazırlanıb: “Hansı ölkəyə getsəniz, orada ümumi menyudan əlavə, bir də yalnız ölkəyə məxsus lokal menyu olur. Biz də bununla bağlı standartlar, otellər üçün səhər yeməyinin menyusunu hazırladıq. Mədəniyyət Nazirliyi tərəfindən patent olundu. Bir neçə oteldə bunu təbliğ etdik. Daha sonra Dövlət Turizm Agentliyi yaradıldı. Onlar bu menyunun axırına çıxdılar.

Bizim fikrimiz o idi ki, səhər menyusu tanınsın. Bir neçə ildən sonra naharı, şam yeməyinin də işləyək. İndi otellərə bu sahədə rəhbər olaraq başqa millətlərin nümayəndələrini qoyurlar. Yaxşı mütəxssisdirlər, amma onlar öz mətbəxlərini yeridirlər.

Soruşsanız deyəcəklər ki, xaricdən gələn turistlər üçün belə edilir. Fransız gəlib Azərbaycanda öz ölkəsinin yeməyini istəyəcək? Məhz Azərbaycanın mətbəxinə baxmaq üçün turistlər gəlir. Agentlik hesabat verir ki, 1000 turist gəlib, onun deyək ki, 150-si qastroturizm üçün gəlib. Bunlar həqiqəti əks etdirmir. Aparılan işlər strategiyaya əsaslanmır. Ona görə də maliyyə, resurslar hamısı boşuna gedir”.

Əməkdar mədəniyyət işçisinin fikrincə, Azərbaycan mətbəxi əsasında gələn ölkələrin dini, milli adət-ənənələri, qida qanunları nəzərə alınmaqla menyular hazırlanmalıdır.

“Bu gün restoranlarda hansı halal mətbəx təqdim olunur? Vaxtilə Malayziya turistləri bizim ölkəyə gəlməli idilər. Otellərdə halal sistemi olmadığı üçün imtina etdilər. Təklif etdik ki, restoranların vergiləri ağaşı salınsın. Restoranlar 5 il vergidən azad oluna, verilən elektrik, su əhaliyə verilən qiymətlə hesablana bilər. Bunlar ən çox pul aparan sahələrdir. Bu gün araq satılmayan restoranlar, demək olar ki, gəlir götürə bilmirlər. Deməli, strateji yanaşma vacibdir”,- T. Əmiraslanov əlavə edib.

Aygün