Close

Kino Agentliyinə təyin olunan baş direktor kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinə baş direktor təyin olunub. Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Rəşad Əzizov bu vəzifəyə təyinat alıb. 

TNS Rəşad Əzizovun dosyesini təqdim edir:

Rəşad Fikrət oğlu Əzizov 1980-ci ildə Bakı şəhərində dövlət qulluqçusu ailəsində anadan olub.

1996-cı ildə Bakı şəhəri 160 nömrəli orta məktəbi bitirib, həmin ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olub. 2000-ci ildə təhsilini fərqlənmə ilə başa vuraraq bakalavr, 2002-ci ildə isə dövlət hüququ ixtisası üzrə magistr dərəcəsi alıb.

2000-2008-ci illərdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Konstitusiya hüququ məsələləri şöbəsində məsləhətçi, sonradan böyük məsləhətçi kimi çalışəb. 2005-ci ildə ona dövlət qulluğunun müşaviri dərəcəsi verilib.

2007-ci ildə Sankt-Peterburq Dövlət Universitetində “Hüquqi tənzimləmə: informasiya aspekti” mövzusunda dissertasiya işini müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2008-ci ildə Milli Məclis Aparatında İnformasiya məsələləri sektorunun müdiri, 2010-2018-ci illərdə isə Avropa ilə inteqrasiya sektorunun müdiri işləyib və ona dövlət qulluğunun baş müşaviri dərəcəsi verilib.

2016-cı ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

2017-ci ildə Sankt-Peterburq Dövlət Universitetində “İnternet şəbəkəsində tənzimləmənin müqayisəli hüquqi təhlili” mövzusunda doktorluq işini müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsi alıb.

2018-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin İnnovasiya və rəqəmsal inkişaf şöbəsinin müdiri təyin olunub.

O, həm də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (informasiya və elektron hüquq, innovasiya və rəqəmsal inkişaf fənləri üzrə) müəllim kimi çalışıb.

2013-cü ildən “Azərbaycan Şən və Hazırcavablar Klubu”nun rəhbəridir.

Son təyinatadək Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri vəzifəsində çalışıb.

Mədəniyyət Nazirliyi yanında “Kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi” üzrə Ekspert Şurasının üzvüdür.

 2 oğul və 1 qız atasıdır.

Qeyd edək ki, R.Əzizov bir sıra dövlət qurumlarında müxtəlif vəzifələrdə çalışıb. Son təyinatadək Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri vəzifəsində çalışıb.