“Bəxt üzüyü”nün bəxtsiz Sedası - Qürbətdə ölüm, tənha qəbir... - FOTOLAR

"Bəxt üzüyü" filmindən Sevda kimi tanıdığımız müğənni və aktrisa Firəngiz Rəhimbəyova 61 yaşında ABŞ-də vəfat etdi. Onun tənha qəbiri sanki qürbətdəki ölümün ən ağır akkordu kimi görünür...
TNS estrada musiqilərinin misilisiz ifaçısı, müğənni Firəngiz Rəhimbəyova haqqında maraqlı faktları təqdim edir:
F. Rəhimbəyova 1960-cı ildə Ağdam rayonunun Şişpapaqlı kəndində anadan olub. Ailədə bir bacı, bir qardaş olan Firəngizin uşaqlıqdan incəsənətə həvəsi olub. Firəngizin anası Raisa xanım çox erkən yaşda dünyasını dəyişir. Atası ikinci dəfə xalası qızı Sona adlı qadınla ailə həyatı qurur. Sona xanım Elmlər Akademiyasının işçisi olub. Firəngizi boya başa çatdırır, ali təhsil alması üçün dəstək olur, toyunu edir.
F. Rəhimbəyova “Əgər məni unutsan”, “Bu sevgi”, “İnanıram bu sevgiyə”, Bizim dağlar”, “Ana torpaq”, “Məhəbbətim gələcək”, “Gülə-gülə”, “Bəri bax”, “Oğlan” kimi yaddaqalan mahnılar ifa edir. Bir sıra filmlərdə aktrisa kimi özünü sınayan Rəhimbəyovaya ən böyük uğuru isə “Bəxt üzüyü” filmindəki Sevda rolu gətirir. Bu obrazdan sonra azərbaycanlı tamaşaçılar onu daha da çox sevir.
Birinci ailə həyatı uğurlu olmayan müğənni Amerikaya səfər edir. Amerikadan qayıdandan sonra o, qəfildən, həmişəlik ABŞ-yə köçmək qərarı verir. Azərbaycanı tərk edərək Amerikanın Los-Anceles şəhərinə yerləşən Firəngiz 1999-cu ildə amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurur. Müğənni əsasən Los-Ancelesdə yerləşən rus restoranlarında müğənnilik etməklə və xırda bizneslə məşğul olurdu. Onun Rachel adlı bir qızı, iki nəvəsi var.
Aktrisanın yaxın dostu, Amerikada yaşayan azərbaycanlı aparıcı Səxavət Nur müsahibəsində onunla bağlı xatirəsini bölüşüb:
“Çox sağlam, gümrah insan idi. Heç bir estetik əməliyyat da etdirməmişdi. Buna ehtiyac da yox idi. Çünki səhnəyə çıxmırdı, yaxşı da görünürdü. Ölümü qəfil oldu. Ölümündən bir neçə saat əvvəl sosial mediada nəyəsə rəy bildirmişdi. Hamı birdən-birə şoka düşdü. Həyatdır da. Hər kəs bir gün dünyasını dəyişir. Heç kim təminat verməyib ki, biz sabah həyatda olacağıq ya yox?! Firəngiz xanımın ölümü mənə bir az da dərs verdi ki, deməli həyat hər an bitə bilər. Ona görə də həyatının hər gününü son gün kimi yaşamaq lazımdır. Mən bu sözü eşitmişdim, amma Firəngiz xanımın ölümündən sonra bunu dərk etdim. Onun ölüm xəbəri mənim üçün çox sarsıdıcı oldu. Yaxın dostlarım mənim halımı gördülər. Biz sonuncu dəfə ad günündə danışmışdıq. Zatən ad günündən 5-10 gün sonra dünyasını dəyişdi. Mənim azərbaycanlı dostlarımdan biri mənə yazıb xəbəri dəqiqləşdirmək istədi.
Nədənsə Firəngiz xanımın adı gələndə hər kəs məni xatırlayır. Hər kəs Firəngiz xanımı o vaxt da məndən soruşurdu, indi də məndən soruşur. Hətta o vaxt mən zarafatca deyirdim ki, deyəsən Firəngizşünas olmuşam. Dedim ki, inşallah ki, yalan xəbər olar. Çox təəssüf ki, xəbər doğru idi. Qızını axtarmağa başladım. Sonra o özü məni sosial mediadan tapdı. Çox maraqlıdır, insanlar arasında doğma olmasan da, bir bağ yaranır. Mütləq dəfndə olmaq istədiyimi bildirdim. Dedi ki, mən sizə özüm dəfn yeri haqqında məlumat verəcəm. Vaşinqtondan Los Ancelesə uçdum. Nəşinin xaricdə dəfn olunması ailəsinin fikri idi. Təbii ki, belə də olmalı idi. Çünki onun bütün doğmaları Amerikada idi. İkinci dəfə ailə həyatı qurmuşdu. Azərbaycandan köçəndə birinci həyat yoldaşı ilə ayrılmışdı. Onun qızı da birinci evlilikdən olan qızıdır. İkinci həyat yoldaşı ilə bir-birlərini necə sevirdilərsə, buna mən şahid idim. Həyat yoldaşına baş sağlığı verəndə məni qucaqlayıb dedi ki, “mən ölməli idim, niyə o öldü?!”. Çünki o, yaşlı, həm də xəstə idi. Firəngiz xanım və ailəsi onun qayğısına qalırdı. O düşünürdü ki, özü dünyadan köçəcək, amma Firəngiz xanım sağlam vəziyyətdə dünyadan köçdü”.
2017-ci ildə Tahir İmanovun dəvəti ilə Bakıya gələrək "Bəxt üzüyü 2" ekran işində yenidən Sevda roluna çəkilib.
O, 2022-ci il avqustun 16-sı ürək tutmasından vəfat edib. Sənətçi 6 sentyabr 2022-ci ildə Kaliforniyanın Westlake Village şəhərindəki "Valley Oaks Memorial Park" məzarlığında dəfn edilib.
Dəfn olunduğu Los Anceles
Tənha qəbir
Azadə Yolçu