Sahibkarlar bu tarixi abidələri özəlləşdirə bilər- RƏSMİ

“Mədəniyyət Nazirliyi yanında Mədəni irsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti olaraq, yerli əhəmiyyətli tarixi tikililərin qanunvericilik çərçivəsində sahibkarlar tərəfindən bərpa edilərək istifadə edilməsini dəstəkləyirik”.
Bu barədə TNS-in sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyi yanında Mədəni irsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Xidmət tarix-mədəniyyət abidələrinin qorunması və gələcək nəsillərə çatdırılması üçün bu sahədə maarifləndirmə işinin təşkili, ictimai etimadın artırılması, abidələrin bərpa-konservasiyası, eləcə də istifadəsində dövlət-özəl tərəfdaşlığını vacib hesab edir.
Bildirilib ki, sözügedən məsələlərin daha operativ həll edilməsi üçün Dövlət Xidmətində “Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin, o cümlədən onların ayrı-ayrı hissələrinin icarəyə verilməsi, özəlləşdirilməsi, yaşayış sahəsinin (qeyri-yaşayış sahəsinin) qeyri-yaşayış sahəsinə (yaşayış sahəsinə) keçirilməsi üzrə Ekspert Şurası” yaradılıb. Vətəndaşların tarixi abidələrin qanunvericilik çərçivəsində özəlləşdirilməsi, icarəsi və digər məsələlərlə bağlı müraciətlərinə Ekspert Şurası tərəfindən baxılır və müvafiq addımlar atılır: “Həmçinin, mədəni irsin qorunması və bərpası sahəsində özəl-dövlət sektorlarının tərəfdaşlığı (“PPP”) və könüllü ianə (crowd funding) mexanizmlərinin yaradılması ilə əlaqədar olaraq Dövlət Xidməti tərəfindən sahibkarlarla görüşlər keçirilir və təşviqat, maarifləndirmə tədbirləri görülür.
Məlumat üçün bildiririk ki, özəlləşdirilmiş yerli əhəmiyyətli memarlıq abidələrinin görkəmini və daxili quruluşunu pozmaq, onların mədəni, tarixi dəyərinə xələl gətirə biləcək hər hansı hərəkət etmək qadağandır.
Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər Dövlət Xidməti ilə həmin abidələrin qorunmasına dair mühafizə müqaviləsi bağlayır və onların salamatlığına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
Həmçinin xüsusi mülkiyyətdə olan abidələr dövlət tərəfindən qeydə alınır və onlar satılarkən mülkiyyətçi bu haqda Mədəniyyət Nazirliyinə məlumat verməlidir”.
Verilən məlumatda vurğulanıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısında abidələr əhəmiyyət dərəcəsinə görə dünya, ölkə və yerli əhəmiyyətli, təsnifatına görə isə memarlıq, arxeoloji, bağ-park, monumental və xatirə abidələri və dekorativ-tətbiqi sənət nümunələri olaraq qruplaşdırılıb.
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən tarix-mədəniyyət abidələri dövlət, bələdiyyə və xüsusi (yalnız yerli əhəmiyyətli abidələr) mülkiyyətdə ola bilər.
Qanunvericiliyə uyğun olaraq, dünya təbii və mədəni irs siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid dövlət mülkiyyətində olan abidələrin özəlləşdirilməsinə (yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınan yaşayış binaları, onların ayrı-ayrı hissələri istisna olmaqla) yol verilmir.
Eyni zamanda, yerli əhəmiyyətli memarlıq abidələri (mühəndis kommunikasiyaları, müdafiə obyektləri, şəhərsalma, dini və xatirə abidələri, hidrotexniki qurğular istisna olmaqla) özəlləşdirilə bilər”.
Qeyd olunub ki, hazırda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik təklif edilib: “Hazırda tarix və mədəniyyət abidələrinin qorunması işi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi həyata keçirirlər. Həmçinin Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsinə əsasən qoruq idarəsi abidələrin pasportlaşdırılması işlərini həyata keçirir.
Təklif edilən dəyişiklikdə daşınmaz mədəni irs nümunələrinin qorunmasını və pasportlaşdırılmasını həyata keçirən bütün dövlət orqanları üçün vahid pasport formasının müəyyən edilməsi öz əksini tapıb”.
Xatırladaq ki, bu günlərdə Milli Məclisin bir neçə deputatı tarixi abidələrin bərpa və icarə məqsədilə sahibkarlara verilməsi ilə bağlı təkliflər səsləndirib.
Aygün İbrahimli