“Uzaq sahillərdə” filmi Berlində bərpa olunub

Azərbaycanın Almaniyadakı səfirliyinin sifarişi ilə “Uzaq sahillərdə” filminin (1958) alman dilindəki versiyası Berlində rəqəmsallaşdırılaraq bərpa edilib.
TNS xəbər verir ki, səfirliyin məlumatına görə, filmin görüntü və səs keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.
Qeyd edək ki, “Uzaq sahillərdə” filmi 1959-cu ildə Almaniyanın DEFA studiyası tərəfindən Berlində alman dilinə dublyaj edilərək “Damals in Triest” adı ilə nümayiş etdirilib. Səfirliyin DEFA studiyası və arxivlərlə apardığı iş nəticəsində filmin alman dilindəki versiyası aşkarlanaraq Berlində klassik filmlərin bərpası ilə məşğul olan şirkət tərəfindən yüksək keyfiyyətdə bərpa edilib.
Filmin bərpa olunmuş versiyası aprelin 23-də səfirliyin təşkilatçılığı ilə Berlinin tanınmış "Urania" elm mərkəzinin kinoteatrında nümayiş etdirilib. Nümayiş İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80-ci ildönümünə həsr olunub. Tədbirdə Almaniya dövlət qurumlarının nümayəndələri, müxtəlif ölkələrin səfirləri, elm və mədəniyyət xadimləri, kinoşünaslar, jurnalistlər, həmçinin Almaniyada yaşayan Azərbaycan, türk və digər dost icmaların üzvləri iştirak ediblər.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxışında “Uzaq sahillərdə” filminin qəhrəmanı partizan Mehdi Hüseynzadənin və onun doğma Vətəni Azərbaycanın qətiyyətini, fədakarlığını və sarsılmaz iradəsini əks etdirdiyini vurğulayıb. O, M.Hüseynzadənin fədakar döyüşçü olmaqla yanaşı, beynəlxalq həmrəyliyin, Vətənindən uzaqda faşizmə qarşı mübarizə aparan qəhrəmanlıq rəmzi olduğunu və bu amallar uğrunda canından keçdiyini qeyd edib.
Səfir faşizm üzərində tarixi qələbəyə Azərbaycanın verdiyi mühüm töhfələrdən bəhs edərək bildirib ki, təxminən 700 min azərbaycanlı müharibəyə yollanıb, onların 300 mindən çoxu həlak olub. 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla, o cümlədən 130 nəfər “Sovet İttifaqı Qəhrəmanı” adı ilə təltif olunub. Bildirilib ki, azərbaycanlı çağırışçılardan və könüllülərdən ibarət milli atıcı diviziyalar Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçiblər.
N.Ağayev xüsusi olaraq qeyd edib ki, Azərbaycan faşizmə qarşı mübarizədə təkcə insan resursları ilə deyil, həm də zəngin enerji ehtiyatları ilə iştirak edib və qələbənin əldə olunmasında həlledici rol oynayıb.